"Cəbrayıldan çıxandan sonra vaqonlarda yaşamışıq, məktəblərdə yaşamışıq, çox çətin günlər görmüşük".
Bunu Oxu.Az-a açıqlamasında bu gün doğma Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Gündüz Musa oğlu Qasımlı deyib.
O qeyd edib ki, ən böyük arzusu Cəbrayıda şəhid qardaşının məzarını ziyarət etməkdir:
"Cəbrayıldan çıxanda yaşım az idi. Həmin günləri alatoran xatırlayıram. Çox çətin günlər görmüşük. Qardaşım Çingiz Musa oğlu Qasımov Cəbrayılın ilk şəhididir. Ən böyük arzum onun məzarını ziyarət etməkdir.
Bu gün ailəmlə, doğmalarımla əziz Cəbrayılımıza qayıdırıq. Sevincimizin həddi-hüdudu yoxdur. Çünki illərlə vaqonlarda, məktəblərdə köçkünlük həyatı yaşamışıq. Artıq öz doğma yurdumuzda, öz evimizdə yaşayacağıq. Cəbrayılda bizim üçün hər cür şərait yaradılıb.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 40 ailə (123 nəfər) öz doğma yurduna köçürülür. Bununla da Cəbrayıl şəhərində ümumilikdə 117 ailənin (364 nəfərin) məskunlaşması təmin edilib.
Aytac Qasımova