"2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq üçün yeni imkanlar yarandı. Bunun nəticəsidir ki, Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etdi və ölkəmiz bu platformaya tamhüquqlu üzvü kimi qəbul olundu".
Bu fikirləri Oxu.Az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, bu, tarixi hadisədir və Mərkəzi Asiya ölkələrinin Azərbaycanla sinxron hərəkət etməsi həm geosiyasi, həm də geoiqtisadi imkanlar yaradacaq:
"Burada mühüm məqamlardan biri də vahid tarixi coğrafiyanın sözün əsl mənasında birləşməsidir. Türküstan Qafqaza qədər uzanan coğrafiyadır. Mərkəzi Asiya regionu iqtisadi resurslarla zəngindir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib ki, Azərbaycanın təşkilata üzv olması ilə "Böyük altılıq" qlobal mahiyyətli platformaya çevriləcək. Həmçinin qeyd etmək lazımdır ki, dərinləşən inteqrasiya prosesi bu platformanın beynəlxalq münasibətlər sistemində təsir gücünü artıracaq. Burada isə əsas açar rolunu məhz Azərbaycan oynayır. Digər beş ölkənin prezidentləri bu prosesdə rəsmi Bakının rolunu və yerini xüsusi qiymətləndirirlər. Rəsmi Bakının 2020-ci ilə qədər həyata keçirdiyi nəqliyyat-kommunikasiya layihələri Mərkəzi Asiya ilə əməkdaşlıq üçün mühüm perspektivlər yaratmışdı. Zəngəzur dəhlizinin imkanları isə Azərbaycanı xüsusi geostrateji məkana çevirəcək".
Millət vəkilinin sözlərinə görə, Azərbaycan nəqliyyat-kommunikasiya layihələrini vaxtında həyata keçirməsəydi, hazırda bu imkanlardan danışmaq olmazdı:
"Dünya sənaye inqilabı ərəfəsindədir. Bu isə yeni resursların iqtisadiyyata və texnologiyaya qazandırılmasını şərtləndirir. Mərkəzi Asiya ölkələri uran, litium və digər təbii sərvətlərə sahibdir. Buradan gəlir əldə etmək üçün mütləq şəkildə Qərblə əməkdaşlıq vacibdir. Bu isə məhz Azərbaycan vasitəsilə mümkündür".
Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanın irəli sürdüyü şərtlər Mərkəzi Asiya ilə ölkəmizi birləşdirir:
"Bu da "Böyük altılığı" beynəlxalq münasibətlər sistemində vacib aktorlardan birinə çevirəcək".
Aqil Vəlili