"32 yaşında üç qızım, iki oğlum və həyat yoldaşımla Horovludan çıxmışdım, bu gün isə övladlarımla Cəbrayıla, öz doğma yurduma qayıdıram. Əfsuslar olsun ki, yoldaşım bu günləri görmədi, ən böyük arzusu idi, amma ömür vəfa etmədi".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən Ceyran Əhməd qızı İsmayılova deyib.
O bildirib ki, həyat yoldaşı da hərbçi kimi Birinci Qarabağ müharibəsinin iştirakçısı olub:
"Həyat yoldaşım hərbçi idi. Birinci Qarabağ müharibəsində iştirak etmişdi. Hər dəfə deyirdi ki, müharibə olsa, özüm gedəcəyəm döyüşə. Biz də etiraz edirdik ki, sənin iki oğlun var, onlar gedəcəklər, sən niyə gedirsən? Deyirdi ki, mən Cəbrayılın hər qarışını tanıyıram, bilirəm, ermənilər əraziləri minalayıblar, mən gedəcəyəm ki, övladlarıma heç nə olmasın. Çox arzulayırdı ki, torpaqlarımızı, bu günü görsün. Onun üçün çox kədərliyik.
Amma sevinirik ki, onun timsalında bütün yurd həsrəti ilə dünyadan köçənlərin ruhları şaddır, biz qələbə ilə əbədi olaraq öz torpaqlarımıza qayıdırıq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə daha 47 ailə (189 nəfər) köçürülür.
Rövşən Əsədov