Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev bəyanat yayıb.
Oxu.Az xəbər verir ki, icmanın bəyanatında deyilir:
“Hazırda dünyanın üzləşdiyi ən böyük problem sərhəd tanımayan koronavirus pandemiyasıdır. Azərbaycan tərəfindən vətəndaşların sağlamlığını və təhlükəsizliyini təmin etmək, onları pandemiyanın yaratdığı sosial-iqtisadi fəsadlardan qorumaq üçün zəruri və qabaqlayıcı addımlar atılır.
Ölkə üzrə 22 xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Mart ayında Azərbaycanın regionlarında, Goranboy, Qazax və Şəmkir şəhərlərində üç yeni xəstəxana açılıb. Bakıda yeni istifadəyə verilmiş 575 çarpayılıq “Yeni klinika” koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub. Azərbaycanda koronavirus xəstələrinin müayinəsi üçün 70 mindən artıq test aparılıb.
600 mindən artıq insanı əhatə edən iqtisadi, makroiqtisadi və məşğulluq problemlərinin həlli üçün dövlət dəstək proqramlarının maliyyə həcmi 2,5 milyard manatdır. Qeyd olunanlar Azərbaycanda həyata keçirilən dövlətin dəstəyinin yalnız bir hissəsidir.
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində əsir saxladığı Dağlıq Qarabağın erməni icmasının Azərbaycanın həyata keçirdiyi sosial, iqtisadi, səhiyyə və b. layihə və proqramlardan yararlanmasının qarşısını alır.
Belə ki, həftələr öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının işğal olunmuş ərazilərimizdə koronavirus xəstəliyinin yayılması barədə məlumat verməsinə və tərəfimizdən edilən xəbərdarlıqlara rəğmən, 31 mart 2020-ci ildə infeksiya halları gizlədilərək, Ermənistanın əlaltısı olan rejim tərəfindən qanunsuz “seçki” şousu keçirilib.
Bunun ardınca, infeksiyanın yayılmasını Ermənistan etiraf etsə belə, 14 aprel 2020-ci ildə yenidən bütün insanların həyatını təhlükəyə ataraq, “seçki” şousunun ikinci turu da təşkil olunub. Bütün bunlar onu göstərir ki, Dağlıq Qarabağda yaşayan sadə ermənilər Ermənistanın çirkin siyasi oyunları üçün alətdir və oradakı insanların həyatı və sağlamlığı Ermənistanı maraqlandırmır.
Ermənistan hakimiyyəti və qondarma rejimin nümayəndələri Qarabağda yaşayan sadə erməni icması üzvlərinin həyatını dəyərsiz sayaraq, onların Azərbaycan vətəndaşları kimi müalicə imkanlarından yararlanmasının qarşısını almaqda davam edir.
Azərbaycanın siyasətinin ana xəttini Azərbaycan vətəndaşı və onun maraqlarının qorunması təşkil edir.
Bir daha bəyan edirik ki, Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarıldıqdan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində, sülh şəraitində birgə yaşayacaq və Azərbaycanın vətəndaşı olmağın verdiyi imtiyazlardan bərabərhüquqlu şəkildə yararlanacaqlar”.