Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri zamanı bir sıra açılışlarda iştirak edib və bir neçə dövlət obyektlərinə baxış keçirib.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni yaradılan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olub.
Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə ötən il burada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması barədə qərar qəbul edilib.
Kompleksin ətrafında və daxilində geniş abadlıq-quruculuq işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb və yaşıllıq zolaqları salınıb.
Kompleksin muzeyi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, orijinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülüb.
Bu muzeydəki eksponatlar bir daha sübut edir ki, Naxçıvanda tapılan tarixi-memarlıq abidələri dünya miqyasında böyük maraqla qarşılanır. Belə abidələr Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və adət-ənənələrinin qədim köklərə malik olduğunu göstərir.
Muzey kompleksi ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gənclər Mərkəzində yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verdi.
Gənclər Mərkəzində kompüter otağı, elektron kitabxana, intellektual və stolüstü oyun zalları, interaktiv tir və kafe var. Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilib, kompüterlərin hər birinin internetə çıxışı təmin olunub. Mərkəzdə xarici dillərin tədrisi üçün linqafon sinifləri yaradılıb.
Mərkəzin elektron kitabxanasının bazasında minə yaxın ədəbiyyat var. Binada gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların intellektual səviyyələrinin artırılması da nəzərə alınıb, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün intellektual zal istifadəyə verilib.
Bu sosial obyekt gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması və asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprelin 7-də “N” saylı hərbi hissədə Naxçıvan Muxtar Respublikasının hərbi hissələrinə daxil olan yeni texnika və silahlara baxıb.
Azərbaycan Prezidentinə yeni silahlar və hərbi texnika barədə məlumat verildi. Bildirildi ki, Naxçıvanda peşəkar ordunun yaradılması Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlərin ardıcıl surətdə, həm də dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilməsi ilə bağlıdır.
Bütün sahələrdə regionun lider dövləti olan Azərbaycan hərbi sahədə də liderlik zirvəsindədir. Bu isə o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında duran bütün vəzifələri həll etməyə qadirdir.
Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə Naxçıvanda təqdim olunan yeni, ən müasir standartlara uyğun hərbi texnika və silah-sursat bu danılmaz həqiqətin növbəti əyani nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yeni inzibati binasının açılışında iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məlumat verdi ki, altı mərtəbədən ibarət olan və xüsusi memarlıq quruluşuna malik binada hərbi prokurorluq əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun açılışında iştirak edib.
Son illərdə Naxçıvanda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən mühüm layihələr sırasında öz yeri olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolu ilk növbədə əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdəndir. Yüksək səviyyədə inşa edilən bu yol nəqliyyatın rahat və maneəsiz hərəkətinə tam zəmin yaradır.
Dövlətimizin başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxdı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə məlumat verdi ki, ümumi uzunluğu 88,8 kilometr olan yolda tikinti işləri keyfiyyətlə aparılıb, iki il müddətində başa çatdırılıb. Müasir tələblər səviyyəsində qurulan yolda nəqliyyatın təhlükəsiz hərəkəti təmin edilib. Yeni yol təkcə Naxçıvan şəhəri və Şahbuz rayonu üçün deyil, ümumilikdə muxtar respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi, yeni yolda avtomobili idarə etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlətimizin başçısı səhiyyə ocağının rəmzi açılışını bildirən lenti kəsdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verdi.
Bildirildi ki, bu tibb ocağı Qıvraq kənd sahə xəstəxanasının bazasında yaradılıb. Qıvraq qəsəbəsində uyğunlaşdırılan binada yerləşən xəstəxana üçün 2006-cı ildə yeni bina tikilərək istifadəyə verilib.
Yeni bina ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, Kəngərli rayonunda 30 mindən çox əhaliyə xidmət edəcək xəstəxananın binasında ən müasir səviyyədə əsaslı yenidənqurma işləri aparılıb.
Bu tibb müəssisəsi möhtəşəmliyi ilə yanaşı, xidmətin müxtəlifliyi ilə fərqlənir. Kompleksə stasionar və poliklinika şöbələri, üç bölmə daxildir. Burada müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaq.
Cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya, reanimatologiya, şüa-diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, doğuş bölməsi, laboratoriya, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.
Diqqətə çatdırıldı ki, xəstəxananın bütün infrastrukturu tamamilə yenilənmişdir. Xəstəxanada 95 nəfərdən ibarət tibb heyəti çalışacaq.
Xəstəxanada yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimində iştirak edib.
Dövlət başçısı “Arpaçay-2” Su Elektrik Stansiyasının fəaliyyəti ilə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, 1,4 meqavat gücündə olan stansiyanın anbarının ümumi su tutumu 3 milyon kubmetrdir. Əsasən paylayıcı funksiyanı yerinə yetirən stansiyada son vaxtlar görülən işlər əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına və daha geniş ərazidə əkin sahələrinin suvarılmasına əlverişli imkanlar yaradır. Prezident “Arpaçay-2” Su Elektrik Stansiyasını işə salıb.
Sonra İlham Əliyev “Arpaçay-1” Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak edib. Prezident İlham Əliyev “Arpaçay-1” Su Elektrik Stansiyasını işə salıb.
Dövlət başçısına məlumat verilib ki, gücü 20,5 meqavat olan Su Elektrik Stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. Suqəbuledici saniyədə 37 kubmetr su buraxmaq gücünə malikdir. Anbardan götürülən su ilə 17 min 370 hektar əkin sahəsi suvarılacaq.
Sonra dövlət başçısı Naxçıvan Muxtar Respublikası ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev həmçinin tutumu 150 milyon kubmetr olan su anbarına baxıb.