Azərbaycan Prezidenti İlham Əliyev bir sıra görüşlər keçirib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, prezident İlham Əliyev Türkmənistanın baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.
R.Meredov Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və dərin ehtiramını Azərbaycan prezidentinə çatdırıb.
O, Q.Berdiməhəmmədovun ən xoş arzularının və Azərbaycan prezidentini Türkmənistana səfərə dəvətinin ifadə olunduğu məktubunu İlham Əliyevə təqdim edib. R.Meredov dövlət başçıları arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərin genişləndirilməsindəki rolunu xüsusi qeyd edib.
Prezident İlham Əliyev isə ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Xalqlarımızın qədim tarixə və etnik köklərə malik olduğunu qeyd edən dövlət başçısı ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini deyib.
Azərbaycan prezidenti ikitərəfli münasibətlərin genişləndirilməsində dövlət başçıları arasında əlaqələrin və yüksək səviyyəli görüşlərin önəmini qeyd edib. Dövlət başçısı Türkmənistan xarici işlər nazirinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
İlham Əliyev Q.Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan prezidentinə çatdırmağı xahiş edib.
Sonra, Azərbaycan Prezidenti İlham Əliyev Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Avstriya parlamentinin ikinci prezidenti K.Kopf ölkəmizin əldə etdiyi uğurlu iqtisadi inkişaf münasibətilə Azərbaycan prezidentini təbrik edib.
K.Kopf paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edib. Avstriyalı qonaq ölkəmizdə keçirdiyi görüşlər barədə prezident İlham Əliyevə məlumat verib.
Azərbaycan prezidenti isə ölkəmizlə Avstriya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. İlham Əliyev Avstriyaya ötənilki səfərini və orada biznes ictimaiyyəti ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Dövlət başçısı Avstriya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinin önəmini qeyd edib. Azərbaycan prezidenti Avstriya parlamentinin ikinci prezidentinin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Daha sonra, Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğurla inkişaf etdiyi vurğulanıb, N.Özelin ölkəmizə səfərinin bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Görüşdə həmçinin ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra, Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinskini qəbul edib.
Görüşdə Azərbaycanla ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti, habelə bu əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
www.oxu.az