Martın 11-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin geniş tərkibdə görüşü olub.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:
- Hörmətli cənab Prezident, nümayəndə heyətinin üzvləri. Sizi Azərbaycanda bir daha salamlamaq istərdim. Əminəm ki, Sizin səfəriniz ikitərəfli əlaqələrimizin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək. Ölkələrimiz arasındakı qardaşlıq əlaqələri iki müsəlman ölkəsinin əməkdaşlığının yaxşı nümunəsidir. Əminəm ki, səfərinizin çox yaxşı nəticələri olacaq.
Bu gün ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsini təmin edəcək mühüm sənədlər imzalanacaq. Bizim aramızda çox yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın əsasını xalqlarımız arasında qardaşlıq əlaqələri təşkil edir. Sizin səfəriniz siyasi, iqtisadi, mədəniyyət, elm, texnologiya, müdafiə sənayesi sahələrində tərəfdaşlığımızın gücləndirilməsində mühüm addım olacaq. Biz bütün sahələrdə ölkələrimiz arasında daha geniş əməkdaşlığın olmasını istəyirik.
Əlbəttə ki, biz Sizin Azərbaycanın mövqeyini beynəlxalq təsisatlarda dəstəkləməyinizi yüksək qiymətləndiririk. Biz bütün beynəlxalq təsisatlarda Pakistanı dəstəkləyirik. Bu, bizim səmimi əməkdaşlığımızın və əlaqələrimizin yaxşı nümunəsidir.
Dəvətimi qəbul edib Azərbaycana səfərə gəldiyinizə görə Sizə olduqca minnətdaram. Bilirəm ki, Sizi böyük nümayəndə heyəti müşayiət edir. Ümidvaram ki, müvafiq hökumət rəsmilərinin də bir-biri ilə danışıqlar aparmağa və birgə gələcək fəaliyyəti planlaşdırmağa vaxtı olacaq. Əminəm ki, yaxşı nəticələr əldə etmək üçün səfəriniz nəticəsində bizi birləşdirən bütün sahələrdə konkret planımız olmalıdır və sonra onlar bizim təlimatlarımızı necə yerinə yetirdikləri barədə bizə məruzə edəcəklər.
Cənab Prezident, bir daha xoş gəlmisiniz. Əminəm ki, Azərbaycanda özünüzü evinizdəki kimi hiss edəcəksiniz.
---------
Pakistan Prezidenti Məmnun Hüseyn çıxış edərək dedi:
- Çox sağ olun, cənab Prezident. Məni qardaş ölkəyə - Azərbaycana dəvət etdiyiniz üçün Sizə bir daha təşəkkür etmək istəyirəm. Azərbaycana gəldiyim andan, elə hava limanından mənə göstərilən səmimi qəbula görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bununla belə, bir çox beynəlxalq məsələlərdə bizimlə apardığınız tərəfdaşlıq, bizə göstərdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm. Məsələn, Cəmmu və Kəşmir məsələsi kimi mövzularda bizi daim dəstəkləyirsiniz və prinsipial mövzulara gəldikdə, onların əvvəlki illərdə qəbul edilmiş BMT qətnamələrinə uyğun olaraq həll edilməsini hər zaman dəstəkləmisiniz.
Habelə əmin edirik ki, biz Dağlıq Qarabağ məsələsində Sizi dəstəkləyirik və bunu gələcəkdə də, inşallah, davam edəcəyik. Bəzi “qonşular” tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bir sıra zorakılıqları pisləyirik. Xocalı qətliamını qətiyyətlə pisləyirik. Sizi əmin edirəm ki, hər bir çətin və ya yaxşı məsələnizdə sizinlə birlikdəyik.
Cənab Prezident, Sizinlə müzakirə etdiyimiz kimi, ölkələrimizdə gözəl imkanlar var. İndi müsəlman dünyası bilməlidir ki, bir-birimizə kömək edərək, bəlli sahələrdə bir-birimizin təcrübəsindən istifadə edərək daha güclü olmalıyıq.
19:33
Bakıda Azərbaycan-Pakistan sənədlərinin imzalanması mərasimi olub.
Oxu.Az-ın məlumatına görə, sənədlər Azərbaycan və Pakistan prezidentlərinin geniş tərkibdə görüşü başa çatdıqdan sonra imzalanıb.
19:03
Martın 11-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin geniş tərkibdə görüşü olub.
17:42
Martın 11-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin təkbətək görüşü olub.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə söykənən ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu.
Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik bildirildi. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi.
Söhbət zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
17:38
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin martın 11-də rəsmi qarşılanma mərasimi olub.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyni qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Pakistan Prezidentinə raport verdi.
Pakistan İslam Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Pakistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Məmnun Hüseynə, Pakistan İslam Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.
13:40
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Pakistan Prezidenti Məmnun Hüseyni və xanımı Bequm Sahibanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.