Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud şəkildə iclası sonra işini geniş tərkibdə davam etdirib.
Bu barədə AZƏRTAC xəbər verir.
Bildirilir ki, Qırğızıstan Prezidenti Sadır Japarov iclasda aparılan müzakirələrin MDB-yə üzv ölkələr arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıb. Sadır Japarov MDB-yə sədrliyin Qırğızıstandan Rusiyaya keçdiyini elan edib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkəsinin MDB-yə sədrliyi dövründə prioritet hədəfləri barədə məlumat verib. Vladimir Putin MDB Dövlət Başçıları Şurasının növbəti iclasının gələn ilin oktyabrında Moskvada keçiriləcəyini vurğulayıb.
İclasda çıxış edən MDB-nin Baş katibi Sergey Lebedev imzalanacaq sənədlər barədə məlumat verib.
Daha sonra sənədlər imzalanıb.
Bununla da MDB Dövlət Başçıları Şurasının iclası başa çatıb.
13:31
Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb.
İclasda iştirak edən dövlət başçıları birgə foto çəkdiriblər.
Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.
Qırğızıstan Prezidenti Sadır Japarov deyib:
- Çıxış üçün söz Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə verilir. İlham Heydər oğlu, buyurun, söz Sizindir.
Prezident İlham Əliyev iclasda çıxış edərək deyib:
- Hörmətli Sadır Nurqojoyeviç, hörmətli dövlət başçıları. Əvvəlcə, qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə Qırğızıstan Prezidenti Sadır Nurqojoyeviç Japarova təşəkkür etmək istərdim.
Şadam ki, Qırğızıstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə olunmuş razılaşmalar yerinə yetirilir. Azərbaycan Qırğızıstanda investisiya layihələrini həyata keçirməyə başlayıb. Əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradılıb. Fürsətdən istifadə edərək Qırğızıstan rəhbərliyini ölkənin sosial-iqtisadi inkişafında uğurları münasibətilə təbrik etmək istərdim.
Rusiya Federasiyasının növbəti ildə MDB-də sədrliyinin həyata keçirilməsində hörmətli Vladimir Vladimiroviç Putinə uğurlar diləmək istərdim.
Tədbirimizin əlamətdar hadisəsi Özbəkistan Prezidenti, hörmətli Şavkat Miromonoviç Mirziyoyevin MDB-nin Fəxri Nişanı ilə təltif edilməsidir. Şavkat Miromonoviçi bu layiqli mükafat görə təbrik edirəm. Qardaş Özbəkistanla bağlı olan digər mühüm hadisə Səmərqənd şəhərinin 2024-cü ildə “Birliyin mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı qərardır.
Humanitar sahə bizim Birliyin çərçivəsində əsas istiqamətlərdən biridir. Azərbaycan bu sahədə əməkdaşlığımızın inkişafına böyük töhfə verir. Azərbaycanın 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə namizədliyini dəstəklədikləri üçün həmkarlarıma minnətdarlığımı bildirmək istərdim.
Əminəm ki, üçüncü MDB Oyunları idman sahəsində əməkdaşlığımızı möhkəmləndirməklə yanaşı, Birlik məkanında uğurlu qarşılıqlı fəaliyyətimizin daha bir nümayişi olacaq.
Fürsətdən istifadə edərək, Belarus Prezidenti, hörmətli Aleksandr Qriqoryeviç Lukaşenkonu ikinci MDB Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik etmək istərdim.
Hörmətli həmkarlar, iqtisadi əlaqələrimizin möhkəmlənməsi müsbət nəticə verir. Keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur.
Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək.
Bir daha tədbirin yüksək səviyyədə təşkilinə görə Qırğızıstan Prezidentinə təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, sammitin nəticələri gələcəkdə əməkdaşlığımızın möhkəmlənməsinə xidmət edəcək.
Diqqətinizə görə təşəkkür edirəm.
Prezident Sadır Japarov: Sağ olun İlham Heydər oğlu.
11:29
Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb.
İclasda iştirak edən dövlət başçıları birgə foto çəkdiriblər.
08:38
Bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.
“Report” xəbər verir ki, iclas məhdud tərkibdə - yalnız liderlərin iştirakı ilə, eləcə də geniş tərkibdə - nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək.
Sammitin yekunları üzrə birgə sənədlər paketinin imzalanması planlaşdırılır. Başlamadan əvvəl Qırğızıstan Prezidenti Sadır Japarov (ölkə bu il MDB-yə sədrlik edir) tərəfindən nümayəndə heyətlərinin rəhbərlərinin qarşılanma mərasimi olacaq. Bütün tədbirlər rəsmi qəbulla başa çatacaq.
Gözlənildiyi kimi, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edəcəklər.
Şuranın iclası “Ala-Arça” (“Rəngli ardıc”) dövlət iqamətgahında keçiriləcək. İqamətgah Bişkeklə bitişik Çon-Arık kəndində, Ala-Too silsiləsinin ətəklərində, mənzərəli yerdə yerləşir. Bir qayda olaraq, Bişkekdə yüksəksəviyyəli xarici qonaqların iştirakı ilə bütün tədbirlər məhz bu iqamətgahın ərazisində keçirilir.
Dövlət başçıları cari ildə qarşılıqlı fəaliyyətin yekunları barədə danışacaq və gələcək üçün əsas vəzifələri müəyyənləşdirəcək, aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Ənənəvi olaraq, ticarət və investisiya tərəfdaşlığının inkişafına böyük diqqət yetiriləcək.
İclasda MDB məkanında təhlükəsizliyin təmin edilməsi mövzusuna xüsusi diqqət yetiriləcək. Terrorçuluq və ekstremizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, korrupsiya ilə mübarizə kimi sahələrdə koordinasiyanın gücləndirilməsinə dair qərarların qəbulu gözlənilir. Görüşdən sonra Japarov və MDB-nin baş katibi Sergey Lebedyev mətbuata bəyanatlarla çıxış edəcəklər.
İmzalanacaq sənədlər arasında MDB-də Beynəlxalq Rus Dili Təşkilatının yaradılması haqqında saziş, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üzrə riskin qiymətləndirilməsi üzrə beynəlxalq mərkəzin formalaşdırılması haqqında saziş, 2024-2028-ci illər üçün cinayətkarlıqla mübarizə üzrə birgə tədbirlər dövlətlərarası proqramı, məhkəmə ekspertizası sahəsində MDB-nin Koordinasiya Şurasının formalaşdırılması haqqında saziş də var.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğız Respublikasına səfərə gedib. Səfərin ilk günündə İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub. Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafından, xüsusilə ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub.