Müsəlman dünyasında vəziyyət o qədər də ürəkaçan deyil. Ənənəvi ziddiyyətlərə yeni qarşıdurmalar əlavə olunub. Bu bizi çox narahat edir.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə “İmamzadə” dini kompleksində çıxışı zamanı bildirib.
Azərbaycanın da ötən əsrin 90-cı illərinin əvvəllərində humanitar fəlakətlə üzləşdiyini, 1 milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyən prezident İlham Əliyev ölkəmizin bu böhranın öhdəsindən təkbaşına gəldiyini diqqətə çatdırıb.
Dövlər başçısının sözlərinə görə, bu gün müşahidə olunan immiqrant probleminin digər tərəfi Avropada radikal meyllərin arması ilə bağlıdır ki, bu da özlüyündə dinlərarası münasibətlərdə böhrana gətirib çıxara bilər.
Prezidentin sözlərinə görə, Azərbaycan müstəqillik dövründə həmişə çalışıb ki, müsəlman aləmində birlik, həmrəylik olsun.
2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini deyən prezident İlham Əliyev keçən il Bakıda Avropa oyunlarının, gələn il isə İslam həmrəyliyi Oyunlarının keçiriləcəyini deyib.
“Bu məqsədlə ölkəmizdə müxtəlif tədbirlər keçirilib. İslam Əməkdaşlıq Təşkilatı, İSESCO-nun xətti ilə onlarla tədbir keçirilib. Və bu gün müsəlman aləmində, deyə bilərəm ki, müsəlman aləminin bütün seqmentlərində Azərbaycan və onun siyasəti çox böyük rəğbətlə qarşılanır”, - deyə dövlət başçısı bildirib.
Prezident bir daha vurğulayıb ki, Azərbaycan öz yolu ilə gedir:
“Biz heç bir başqa ölkənin daxili işinə qarışmırıq, belə bir fikrimiz də yoxdur. Heç bir ölkəyə imkan vermirik ki, daxili işimizə qarışsın və imkan verməyəcəyik. Nə qədər bizə təzyiqlər, təhdidlər olsa belə, biz bu yoldan dönməyəcəyik. Ona görə biz öz sözümüzü deyirik. Harada görürük ki, vəziyyət ağırdır, yol göstəririk, öz nümunəmizi göstəririk. Sadəcə olaraq kimisə tənqid etmək üçün hansısa fikirləri demirik. Deyirik ki, baxın, Azərbaycanda bu məsələlər necə həll olunub.
Niyə Azərbaycanda bu mümkündür? Niyə Azərbaycanda xalq vahid amal, ideya uğrunda birləşə bilir? Niyə Azərbaycanda bu mümkündür? Niyə Azərbaycanda xalq vahid ideya, amal uğrunda birləşə bilir? Niyə başqa ölkələrdə süni səbəblər üzündən bir-birini öldürür, qanını tökürlər? Yaxın Şərqdə vuruşanların əksəriyyəti anlamır, bilmir ki, kimin tərəfində vuruşur, kimin maraqlarını müdafiə edir.
Qardaş qanı axıdırlar, şəhərləri dağıdırlar. Elə günə salırlar ki, o şəhərlərin bərpası, o ölkələrin bərpası bundan sonra mümkün olmayacaq. Niyə görə? Çünki təbliğat, xarici təsir və hakimiyyətlərin zəifliyi var. Harada hakimiyyət möhkəmdir, xalqla bir yerdədir, heç bir kənar qüvvə bu hakimiyyətin iradəsinə təsir edə, hakimiyyəti heç bir avantüraya çəkə bilməz.
Bir də demək istəyirəm, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır. Bizim gücümüzün mənbəyi də Azərbaycan xalqıdır” - deyə Azərbaycan dövlətinin başçısı bəyan edib.