Bakı Rusiya silahlarının tədarükü üçün yeni müqavilələrdə maraqlıdır, razılaşmanın detalları müvafiq qurumlar tərəfindən razılaşdırılacaq.
Oxu.Az xəbər verir ki, bu sözləri “RİA Novosti”yə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Hərbi texnikanın nomeklaturasına gəldikdə, bu, müvafiq qurumlar tərəfindən razılaşdırılacaq. Əlbəttə ki, biz bunda maraqlıyıq. Rusiya müasir, etibarlı silahların əsas ixracatçılarından hesab edilir”, - o bildirib.
İlham Əliyev əlavə edib ki, Azərbaycan Rusiya hərbi texnikasının tədarükü üçün əvvəlcədən imzalanmış müqavilələrin tam həyata keçirilməsini gözləyir.
“Biz Rusiya silahlarının nəhəng alıcılarından biriyik. Əvvəlki illərdə imzalanmış bəzi müqavilələr hələ reallaşma mərhələsindədir. Yəni biz hələ hamısını deyil, böyük bir hissəsini əldə etmişik. Buna görə də bir müddət öncə hər iki tərəf bu cür əməkdaşlığın davam etməsinə ümid bəslədiyini bildirib”, - deyə Azərbaycan prezidenti vurğulayıb.