Azərbaycan prezidenti İlham Əliyev respublikanın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qax rayonuna gəlib.
Oxu.Az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı Qaxda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Bundan sonra prezident İlham Əliyev yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin açılışında iştirak edib.
Dövlət başçısı yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxıb.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, avtomobil yolunun yenidən qurulması işlərinə 2010-cu ildə başlanmışdır. İkizolaqlı yolun uzunluğu 35 kilometr, hərəkət hissəsinin eni 7, torpaq yatağının eni 12, asfalt-beton örtüyünün eni isə 8 metrdir. Yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri Qax rayonunun ərazisinə düşür.
Yolun keçdiyi Kümrük çayı üzərində nəhəng körpü də inşa olunub.
İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Daha sonra Azərbaycan prezidenti Qaxda Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Kompleksin təməli 2008-ci il sentyabrın 19-da prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin Qaxa səfərlərindən və idmanın inkişafına göstərdikləri qayğıdan bəhs edən fotoguşələr yaradılıb.
Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, son illərdə Qaxda idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqətin göstərilməsi, xüsusilə də bu cür qurğunun istifadəyə verilməsi rayonda gənclərin idmana olan maraq və həvəslərini daha da artırmışdır.
Məlumat verilib ki, Qax Olimpiya İdman Kompleksinin ümumi tikinti sahəsi 9 min 220 kvadratmetr, tikintialtı sahəsi 6 min 498 kvadratmetr, yaşıllaşdırma sahəsi isə 8 min kvadratmetrdir. Layihəyə əsasən ümumi sahəsi 3 min 655 kvadratmetr olan universal idman zalı binasında tamaşaçı yerlərinin sayı 480-dir.
İlham Əliyev respublikanın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qaxda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan prezidentinə məlumat verilib ki, milli memarlıq ənənələrini saxlamaqla ən müasir üslubda tikilən Mərkəzin inşasına 2011-ci ilin noyabrında başlanılıb.
Yerli inşaat materiallarının istifadə edildiyi tikinti işləri rayonun daxili imkanları hesabına həyata keçirilib.
Foyedə ümummilli lider Heydər Əliyevin möhtəşəm abidəsi və məlumat-informasiya köşkü var. Ümumi sahəsi 670 kvadratmetr olan əsas zal dörd hissəyə bölünüb. Lakin hərəkət edən arakəsmələr zalı bütöv şəklə salaraq 600 nəfərin iştirakı ilə konfrans keçirməyə imkan verir.
İlham Əliyev Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin istifadəyə verilməsi mərasimində də iştirak edib.
“Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirib ki, kompleksin təməli dövlətimizin başçısının iştirakı ilə 2011-ci il noyabrın 17-də qoyulub.
Layihəyə əsasən İlisu kəndinin yaxınlığındakı bulaqlardan Qax şəhərinə gətirilən su həm yeni qurulmuş, həm də mövcud şəbəkə vasitəsilə əhaliyə verilir.
Sonra İlham Əliyev Qaxda “El Resort” otelinin Konfrans Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Konfrans Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, Konfrans Mərkəzinin tikintisinə 2011-ci ildə başlanmışdır. Müasir layihə əsasında tikilən mərkəzin ərazisi üç min kvadratmetrdən çoxdur. Sahəsi 1080 kvadratmetr olan birinci mərtəbədəki sütunsuz böyük zalda 900 nəfərə xidmət göstərilə bilər. Zalda dörd böyük ekran və bunlara uyğun proyektorlar quraşdırılmışdır. Böyük zal, həmçinin ən müasir avadanlıqla təchiz edilib.
Azərbaycan prezidenti İlham Əliyev respublikanın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Balakən rayonunda olub.
Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.
Daha sonra prezident İlham Əliyev Balakən Rayon Mədəniyyət Mərkəzinin açılışında iştirak edib.
Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Prezidentə məlumat verilib ki, mərkəzin tikintisinə 2012-ci ilin iyulunda başlanıb. Təmir zamanı işlərin yüksək səviyyədə görülməsinə xüsusi diqqət yetirilib. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.






























www.oxu.az