Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- İlk növbədə, xoş gəlmisiniz. Sizin hamınızı səmimiyyətlə salamlayıram. Əminəm ki, TÜRKPA-nın növbəti plenar iclası yaxşı nəticələr verəcək. Belə toplantılar bir qayda olaraq Türk dünyasının birliyinin təzahürü olur, əminəm ki, Bakı toplantısı da istisna olmayacaq. Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.
Bildiyiniz kimi, mənim təşəbbüsümlə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq.
İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Bildiyiniz kimi, Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində, əlbəttə ki, qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir.
Zirvə görüşünün Şuşada keçirilməsi təbii ki, böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda qoyduq. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni bütün bunlar bir daha birliyimizi göstərir. Bu fürsətdən istifadə edərək mən qardaş ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm.
Onu da qeyd etməliyəm ki, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Yəni biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Təbii ki, bu, həm bizi sevindirir, həm də bütün Türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir.
Azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Geniş quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.
Mən bir daha qeyd etmək istəyirəm ki, TÜRKPA-nın bugünkü toplantısı böyük əhəmiyyət daşıyır. Əminəm ki, müzakirə ediləcək məsələlər bizim birliyimizi daha da gücləndirəcək. Eyni zamanda, hər dəfə qardaş ölkələrdən yüksəkvəzifəli şəxslər ölkəmizə gələndə, bu, bizi sevindirir. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur.
Bir daha sizi salamlayıram, xoş gəlmisiniz. Sizə xoş səfər arzulayıram.
Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tənzilə Narbayeva çıxış edərək dedi:
- Əvvəlcə, bütün həmkarlarım adından və şəxsən öz adımdan dəvətə görə böyük minnətdarlığımı ifadə etmək istəyirəm. Bizi fəxri qonaq qismində dəvət ediblər, amma, hər halda, türk xalqlarının parlament hərəkatının fəal iştirakçısıyıq.
Cənab Prezident, Sizə öz Prezidentimizin, Sizin dostunuzun, qardaşınızın salamlarını və Qarabağın bərpası üzrə böyük quruculuq işlərinizdə, yaradıcı fəaliyyətinizdə ən xoş arzularını çatdırmaq istəyirəm. Sizin yaradıcı əməyiniz sayəsində bu gün Azərbaycanın dünya səviyyəsində nüfuzu artır. Sosial-iqtisadi potensial, beynəlxalq nüfuz artır. Demək istərdim ki, TÜRKPA-nın yaradılması ideyanız öz müsbət nəticələrini verir. Biz onun işində həmişə fəal iştirak edirik. Xüsusilə bu il Cenevrədə Parlamentlərarası İttifaqın 148-ci sessiyasında iştirak etdik və orada hörmətli Sahibə xanım Sizin göstərişinizlə TÜRKPA-nın xüsusi iclasını təşkil etdi. Bütün parlamentarilər oraya toplaşdı və biz məsələləri fəal şəkildə müzakirə etdik. Mən Özbəkistan parlamentariləri adından ideyanıza görə Sizə təşəkkür etmək istəyirəm.
Demək istəyirəm ki, parlament meyarının, parlamentin bu proseslərə təsirinin gücləndirilməsi ilə bağlı Sizin ideyalarınızı hər zaman dəstəkləyəcəyik, təbii ki, ikitərəfli formatda da. Biz ilk yol xəritəsini böyük uğurla həyata keçirdik. Bizim çox yaxşı münasibətlərimiz var, bu gün ikinci yol xəritəsini imzalayırıq və bütün səylərimiz, möhtərəm cənab Prezident, mənim Prezidentimlə birgə əldə etdiyiniz razılaşmaların həyata keçirilməsinə yönəldiləcəkdir.
Sizə bir daha təşəkkür etmək və böyük uğurlar arzulamaq istəyirəm. Siz böyük tarixi işlər görmüsünüz və uzaqgörənliyiniz, yüksək peşəkarlığınız və təşkilatçılıq bacarığınızla bütün dünyanı heyran qoymaqda davam edirsiniz. Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun. Əziz qardaşım Şavkat Miromonoviçə ən xoş arzularımı çatdırın, onunla tezliklə görüşməyə ümid edirəm. Bilirsiniz, ilin sonuna qədər bizim görüşlərimiz olacaq - həm mənim səfərim, həm də bilirəm ki, Şavkat Miromonoviç bu ilin noyabrında keçiriləcək iqlim konfransında iştirak etməyi planlaşdırır. Bizim hələ beynəlxalq platformalarda da əlaqələrimiz olacaq. Siz də yaxşı bilirsiniz ki, ölkələrimiz arasında qardaşlıq münasibətləri necə uğurla, deyərdim ki, inanılmaz sürətlə inkişaf edir. Yəqin 7-8 il əvvəl kimsə desəydi ki, biz belə bir əməkdaşlıq səviyyəsinə çatacağıq, buna inananlar az olardı. Bu, əlbəttə ki, böyük nailiyyətdir. Mən də hamını dəvət etmək istərdim - COP29 çərçivəsində burada Parlamentlərarası İttifaqın iclası keçiriləcək və biz qardaş ölkələrin bütün parlament rəhbərlərini dəvət edirik. Bu da mühüm hadisə olacaq. Ümumiyyətlə, iqlim konfransı çərçivəsində çoxlu tədbirlər keçiriləcək. Amma ən əlamətdarlarından biri Parlamentlərarası İttifaqın toplantısı olacaq. Beləliklə, ilin sonuna qədər hələ daha çox görüşəcəyik.
Tənzilə Narbayeva: Çox sağ olun. Buraya gəlişimiz həmişə xoşdur.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş çıxış edərək dedi:
- Çox hörmətli Əliyev cənabları, hörmətli Prezident.
Mən də Türkiyə Respublikası adından cənab Prezidentimizin və türk xalqının salamlarını, sevgilərini Sizə çatdırmaq istəyirəm.
İlk növbədə, həqiqətən də Azərbaycan tarixinin fövqəladə önəmli dönüş nöqtələrindən biri olan Qarabağın işğaldan azad edilməsindəki Zəfəriniz münasibətilə Sizi bir daha təbrik edirik. Tarixi bir uğur əldə edilmişdir. Otuz il işğal altında qalan Qarabağ torpaqları azad edilmişdir.
İndi sevinirik, görürük ki, azad edilən Qarabağ torpaqları abadlaşdırılır, yenidən dirçəldilir. Köçkünlərin oraya qayıtmaları da olduqca sevindirici bir xəbərdir. Qarabağın ən qısa müddətdə qeyri-adi dərəcədə böyük bir cazibə mərkəzi olacağını bilirik, görürük. Allah işinizi avand eləsin. Türkiyə Cümhuriyyəti olaraq, türk xalqı olaraq bütün gücümüzlə hər zaman hər yerdə sizin yanınızda olduğumuzu bir daha ifadə etmək istəyirəm.
Təbii ki, Zati-alinizin də ifadə etdiyi kimi, qarşımızda, əslində, dünya tarixi baxımından yeni bir dövrün qapıları açılıb. Sovet İttifaqının dağılması ilə ikiqütblü dünya sistemi geridə qaldı. Amerikanın Əfqanıstandan çıxması ilə də Amerikanın birqütblü dünya sistemi geridə qaldı. İndi qarşımızda çoxqütblü bir dövrün başlanğıcı var. Orta Asiya dediyimiz Özbəkistandan, Qazaxıstandan başlayan, Qafqazdan Anadoluya, oradan da Avropaya – ta Macarıstana qədər uzanan coğrafiyada təxminən 300 milyon türk yaşayır. Bu, böyük bir potensialdır. Həm insan gücü baxımından, həm də yeraltı, yerüstü sərvətlər baxımından qeyri-adi böyük bir potensialdır. İnşallah, türk dövlətləri bunu öz aralarında ən doğru şəkildə istifadə edərək yeni dünyada böyük bir güc mərkəzinə çevriləcək. Türk dünyasının önəmli bir güc balansı olması dünyada sülhə əsla təhdid deyil, tam əksinə, dünyada sülhün təmin edilməsi üçün bir imkan, bir fürsətdir. Qarşıdakı dövr hər halda biz Türk Dövlətləri Təşkilatının üzv ölkələri və digər qardaşlarımızla birlikdə Türk dünyasının böyük bir güc mərkəzi olması üçün bütün imkanlarımızı səfərbər edəcəyik, birliyimizi, bərabərliyimizi, qardaşlığımızı gücləndirəcəyik, ortaq layihələrlə "Qazan-qazan" prinsipi çərçivəsində dünyanın bu bölgəsində haqqın, ədalətin yenidən hakim olacağı bir strukturun formalaşması üçün səy göstərəcəyik. Bu çərçivədə son dərəcə ümidvar olduğumuz bir dövrün tam başlanğıcındayıq. Yetər ki, üzərimizə düşən vəzifələri yerinə yetirək və bundan sonrakı nəsillərə daha güclü bir Türk dünyasını ötürə bilək.
Dediyiniz kimi, bizim ailəmiz Türk dünyasıdır. Bu ailənin çox güclü kökləri olduğunu hər münasibətimizdə daha yaxından görür, müşahidə edirik. Bu əlaqələrimizin xalqlarımız tərəfindən də qəbul edildiyi və gücləndirildiyi fəaliyyəti həyata keçirməyimiz, Qaspıralının dediyi kimi, "dildə, fikirdə və işdə birliyi" təmin etməyimiz şərtdir. Bu istiqamətdə atılacaq addımlarda da Türkiyə olaraq bütün gücümüzlə bu işlərdə birlikdəyik.
Ev sahibliyinə görə bir daha təşəkkür edir, ehtiramımızı bildiririk.
Prezident İlham Əliyev dedi:
- Çox təşəkkür edirəm. Xahiş edirəm ki, mənim səmimi salamlarımı, xoş arzularımı qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğana çatdırasınız. Türkiyə hər zaman Azərbaycanın yanında olub və İkinci Qarabağ müharibəsi başlayarkən cənab Prezident Rəcəb Tayyib Ərdoğanın çox açıq və dəqiq sözləri, - "Türkiyə Azərbaycanın yanındadır", - bizə əlavə güc verdi. Bu siyasi və mənəvi dəstək bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil və Türkiyə 44 gün ərzində bizim yanımızda oldu. Hər gün həm Prezident, həm digər vəzifəli şəxslər açıqlamalar verərkən imkan yaratdı ki, biz bu haqlı davamızı Zəfərlə başa vuraq. Çünki siz də yaxşı bilirsiniz ki, 44 gün ərzində Azərbaycana müxtəlif güc mərkəzlərindən çox böyük təzyiqlər olmuşdu. Hətta bəzi ölkələr bizi hədələyirdilər və belə bir çətin durumda Türkiyənin birmənalı dəstəyi, yenə də deyirəm, bizə əlavə güc verdi, inam verdi və bu dəstəyə görə biz minnətdarıq. Bütün Azərbaycan xalqı bunu bilir və qiymətləndirir.
Qeyd etdiyiniz kimi, - mən çox şadam ki, bu, artıq ümumi bir yanaşmadır, ümumi bir fikirdir, - Türk dünyasının gücləndirilməsi, birləşməsi Türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək. Çünki siz də qeyd etdiyiniz kimi, mövcud olan güc mərkəzləri böhran içindədir. Hərəsinin öz böhran çərçivələri var. Bizim isə əksinə, potensialımız gündən-günə çiçəklənir. Qeyd etdiyim kimi, böyük coğrafiyadır, xəritəyə baxsaq görərik ki, Türk dünyasının ucu-bucağı yoxdur, böyük coğrafiyanı əhatə edir. Artan əhali, gənc əhali, təbii sərvətlər, nəqliyyat yolları, aramızdakı birlik. Bu birlik təbiidir, bu birliyin təməlində ortaq köklər var. Ona görə bu birlik bütün başqa birliklərdən daha qüvvətli, daha güclüdür. Yəni bizim birləşməyimiz etnik, mədəni köklər üzərindədir və biz təbii ki, praktiki addımlarla bu birliyi gücləndirməliyik.
Bu gün nəqliyyat, energetika, ticarət, mədəniyyət sahələrində və digər sahələrdə çox geniş əlaqələr var. Bu gün təhlükəsizliklə, hərbi, hərbi-texniki sahə və təhlükəsizliklə bağlı olan digər sahələr də mütləq diqqət mərkəzində olmalıdır. Çünki dünyanın müxtəlif yerlərində gedən proseslər göstərir ki, beynəlxalq hüquq normaları inkar edilir, işləmir. Biz bunu Azərbaycanın timsalında 28 il görmüşük. Minsk qrupu 28 il guya Qarabağ problemini həll etməyə çalışırdı. Əslində isə bunu dondurmağa çalışırdı və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız parçasından başqa bir şey deyildi. Biz isə ona görə bu gün öz haqqımızı, ərazi bütövlüyümüzü döyüş meydanında, güc yolu ilə və beynəlxalq hüquq çərçivəsində həll etdik. Ancaq o da həqiqətdir, sənin gücün olmalıdır ki, öz haqqını müdafiə edə biləsən.
Ermənistan-Azərbaycan prosesi ilə bağlı onu deyə bilərəm ki, biz hesab edirik, bir neçə açıq olan məsələ hələ də qalmaqdadır. Onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır. Təbii ki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure - hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir.
Bildiyiniz kimi, bu yaxınlarda sərhədlərin müəyyən edilməsi istiqamətində önəmli hadisələr baş vermişdir. Azərbaycan 1990-cı və 1992-ci illərdə itirdiyi dörd kəndi - Qazax bölgəsində yerləşən dörd kəndi bir güllə atılmadan geri qaytardı. Bu, onu göstərir ki, məsələlər sülh yolu ilə həll oluna bilər. Əgər Ermənistan 2020-ci ildə bizim sözümüzə qulaq assaydı və sülh yolu ilə bizim torpaqlarımızı qaytarsaydı, İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına ehtiyac qalmazdı. Yəni o, onlar üçün dərs olmalıdır və mən görürəm ki, o dərsdən onlar, necə deyərlər, nəticə çıxarırlar. Çünki dörd kəndin sülh yolu ilə, danışıqlar yolu ilə bizə qaytarılması və o bölgədə sərhədlərin müəyyən edilməsi göstərir ki, biz məsələləri danışıqlar yolu ilə həll edə bilərik. Əlbəttə, növbəti mərhələdə, - əminəm ki, Şuşa Zirvə görüşü bu istiqamətdə önəmli addım olacaq, orada həm birliyimiz nümayiş etdiriləcək, həm də konkret məsələlər müzakirə olunacaq, - dövlət başçıları, parlament sədrləri, vətəndaş cəmiyyəti, cəmiyyətin bütün təbəqələri birgə səylərlə bir nöqtəyə vurmalıdırlar ki, Türk dünyası güclənsin. Mən əminəm gün gələcək ki, dünyanın bütün məsələlərini Türk Dövlətləri Təşkilatı ilə məsləhətləşmə yolu ilə həll edəcəklər. Yəni, biz ancaq xoş niyyət göstəririk və hörmətli sədr Numan Kurtulmuşun dediyi kimi, bizim istəyimiz işbirliyidir, əməkdaşlıqdır, dostluqdur. Biz heç kimə qarşı heç bir hərəkət etmirik. Biz heç kim üçün təhdid mənbəyi deyilik və heç vaxt olmayacağıq. Öz haqqımızı tələb edirik, qoruyuruq, bir-birimizi dəstəkləyirik,
Bir-birimizi qoruyuruq. Baxın, Türkiyə və Azərbaycan 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışlar və rəsmi müttəfiq olmuşlar. Yəni bu müttəfiqlik ən yüksək əməkdaşlıq formatıdır. Hər zaman bütün məsələlərdə bir-birimizin yanındayıq. Bir məsələ çıxan kimi, necə deyərlər, avtomatik rejimdə, gözüyumulu bir-birimizin yanındayıq. Bu birlik bütün Türk dünyasında olmalıdır və ondan sonra heç kim bizim işimizə müdaxilə edə bilməz.
Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov çıxış edərək dedi:
-Hörmətli cənab Prezident, səmimi qəbula görə çox sağ olun. Mən də Sizə Prezidentimiz Kasım-Jomart Kemeleviç Tokayevin salamlarını və səmimi arzularını çatdırmaq, həmçinin Sizi bu yaxınlarda qeyd olunan Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik etmək istərdim.
Həqiqətən, Azərbaycan müstəqillik illərində çox böyük uğurlar qazanıb. Biz buna sevinirik, bunu görürük və qazax qardaşlarınız olaraq buna həqiqətən də şadıq. Bu gün Azərbaycan gələcəyə inamla baxan dinamik dövlətə çevrilib. Bakı bunun bariz nümunəsidir. Biz buraya səfər etməyi sevirik, qazaxlar Bakıya gəlməyi xoşlayırlar. Bilirsiniz, bir çox soydaşımız buraya tez-tez gəlir, onlar təkcə dincəlmək üçün gəlmirlər, burada əsl dost və qardaşlarla görüşürlər. Buna görə də qazaxıstanlılar bura gəlməyi sevirlər, bunu mən də sevirəm, ailəm də buraya gəlir. Bu səbəbdən də bu gün Bakıya səfər etməyimə çox şadam. Bakı bu gün həqiqətən də Azərbaycanın qüdrətini, firavanlığını göstərir və təcəssüm etdirir.
Sizin düşünülmüş strategiyanızın əsas nailiyyəti ölkənizin ərazi bütövlüyünün tam bərpası olub. Bu gün bu barədə danışıldı, Prezidentimiz burada olanda da bu barədə danışdı. Biz də Qazaxıstanda bu hadisəyə ürəkdən sevinirik.
Bu gün həm Qazaxıstan, həm də Azərbaycan arasında qarşılıqlı əlaqələr, deyə bilərəm ki, nümunəvidir. Uğurumuzun açarı Sizinlə Prezidentimiz Kasım-Jomart Kemeleviç Tokayev arasında etimada əsaslanan dialoqdur. Siz artıq iki dəfə Qazaxıstanda olmusunuz, bu il Prezidentimiz dövlət səfərində olub. Nümayəndə heyətimiz çox xoş təəssüratla qayıtdı. Həqiqətən də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın iclasının keçirilməsi tarixi hadisə oldu. Bu, doğrudan da böyük hadisə idi.
Sizi tezliklə Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında gözləyirik və Mərkəzi Asiya liderlərinin məşvərət görüşü də olacaq. Sizin həmkarlarınız da orada olacaq. Prezidentimiz Türk Dövlətləri Təşkilatının iclasında, eləcə də bu gün müzakirə edilən COP29 sammitində iştirak etməyi planlaşdırır. Qazaxıstan və Azərbaycan parlamentləri də bütün həmkarlarımızla olduğu kimi çox sıx əməkdaşlıq edirlər. Sahibə Əli qızı ilə həmişə əlaqə saxlayırıq və bütün dövlətlərarası çoxtərəfli görüşlərdə, tədbirlərdə demək olar ki, eyni mövqedən çıxış edirik. Həqiqətən də Sahibə Əli qızı ilə çox sıx əməkdaşlıq edirik.
Bu il Azərbaycan TÜRKPA-ya sədrlik edir. Sizə uğurlar, nailiyyətlər, səmərəli sədrlik və qarşıya qoyduğunuz məqsədlərə çatmağınızı arzulayıram.
Ölkələrimiz də ardıcıl, sülhsevər siyasət yürüdürlər. Bu yaxınlarda Almatıda Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar aparılıb. Qazaxıstan belə bir platforma təqdim etməkdən məmnun idi. Biz gələcəkdə bütün bu məsələlərdə əlavə yardım göstərməyə hazırıq. Biz də sizin kimi regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlıyıq.
Bir daha Sizə minnətdarlığımı bildirmək və qardaş Azərbaycanın möhkəmlənməsinə və tərəqqisinə yönəlmiş yüksək missiyanızda uğurlar arzulamaq istərdim. Çox sağ olun.
Prezident İlham Əliyev dedi:
- Sağ olun. Hörmətli Kasım-Jomart Tokayevə mənim ən xoş arzularımı çatdırın.
Sizin də qeyd etdiyiniz kimi, onun Azərbaycana dövlət səfəri çox uğurla, yaxşı nəticələrlə keçdi. Biz, həmçinin, bildiyiniz kimi, səfər çərçivəsində Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini açdıq. Bu, artıq qardaş ölkələrin Füzuli şəhərinə ikinci hədiyyəsidir. Birincisi – ötən ilin avqustunda biz Şavkat Miromonoviçlə Uluqbəy adına məktəbin açılışını etmişdik. Ona görə də indi Füzulidə uşaqlar Uluqbəy adına məktəbə, dərsdən sonra isə Kurmanqazı adına Yaradıcılıq Mərkəzinə gedirlər. Bilirsiniz, bunlar məhz bizim danışdıqlarımız və istədiklərimizdir: qoy xalqlarımız daim bir-birinin dəstəyini hiss etsinlər. Heç də az olmayan vəsaitə başa gələn bu iki çox böyük təhsil ocağı qardaşlarımızın hədiyyəsidir, həmişəlik orada qalacaq. Kim orada təhsil alacaqsa, orada yaradıcılıq hazırlığı keçəcəksə, qardaş ölkələrlə bu əlaqələr onları əbədi olaraq bağlayacaq. Bax bu, bizim birlikdə qoyduğumuz mirasdır.
Əlbəttə, mən Qazaxıstan Prezidenti ilə yeni görüşləri səbirsizliklə gözləyirəm. Qeyd etdiyiniz kimi, bu il Qazaxıstanda iki tədbir var, mən də onlara dəvət almışam. Çox minnətdaram. Kasım-Jomart Kemeleviçin iştirak edəcəyi iki tədbir də var - Şuşada və Bakıda. Ancaq bununla yanaşı, başqa platformalarda da əlaqələrimiz olacaq. Biz razılaşdıq ki, mütəmadi səfərlər edək. Əlbəttə ki, dövlət səfəri xüsusi statusdur, amma həm də işgüzar səfərlər çərçivəsində əlaqələri daim davam etdirməliyik.
Mən, həmçinin Qazaxıstan tərəfinin Azərbaycan ilə Ermənistan arasında danışıqlara imkan yaratmaq təşəbbüsünə görə minnətdarlığımı bildirirəm. Biz bunu dərhal böyük minnətdarlıqla qarşıladıq. Bildiyiniz kimi, danışıqlar prosesi müəyyən nəticələrlə davam edir. Demək olmaz ki, biz bütün məsələlərdə razılığa gəldik. Amma yəqin ki, belə qısa müddətdə bunu gözləmək çətin olardı. Çünki 28 ildir ki, ATƏT-in Minsk qrupu bir santimetr belə irəli getməyib, 28 il ərzində bir məsələ də razılaşdırılmayıb. Ona görə də indi, il yarımdan sonra bütün məsələlərin razılaşdırılacağını gözləmək, təbii ki, bir qədər sadəlövhlük olardı. Ancaq vacibdir ki, proses olsun, onun dinamikası olsun və bir çox məsələlər razılaşdırılsın. Amma yenə də deməliyəm ki, bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Bizim heç vaxt heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiamız olmayıb və yoxdur. Onların bizə qarşı ərazi iddiaları var idi. Məhz onların konstitusiyasına sonradan daxil olan müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var. Məhz onların ideologiyasında, siyasətində və ictimai diskursunda Türkiyəyə qarşı ərazi iddiaları davamlı olaraq eşidilir. Azərbaycanlılar və türklər məhz onların cəmiyyətində kiçik yaşlarından düşmən obrazında təqdim edilirlər. Millətçilər və hərbi cinayətkarlar tərəfindən zəhərlənən onların cəmiyyətidir. Ona görə də onlar bu məsələlərlə məşğul olmalıdırlar. Təbii ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil. Biz bu sualı qaldıranda mən dedim və yenə də demək istəyirəm, ona görə yox ki, biz onların daxili işlərinə qarışırıq, qətiyyən yox, amma bu, bizə aiddir. Onların bizə qarşı ərazi iddiaları olduğu bir vaxtda biz Ermənistanla sülh sazişi bağlaya bilmərik. Həm də, bilirsiniz, daha sonra deməliyəm ki, sırf praktiki baxımdan, hətta xəritəyə baxın, Ermənistan orada hansı yeri tutur, Türkiyə hansı yeri tutur. Sadəcə olaraq, iki ölkənin hərbi potensialını, demoqrafik potensialını, iqtisadi potensialını müqayisə edib sonra Türkiyəyə qarşı ərazi iddiası irəli sürmək intihar etmək deməkdir. Yaxud, 2020-ci və 2023-cü illərin hadisələrindən sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək də, ümumiyyətlə, intihara yaxındır. Ona görə də onlar öz ideologiyalarını, cəmiyyətdəki əhvali-ruhiyyəni dəyişməlidirlər. Bu, zaman tələb edir. Onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir. Ancaq yenə də demək istəyirəm ki, biz sülh sazişinin bütün bəndlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq razılaşdırılması istiqamətində konstruktiv işə sadiqik.
Bu prosesi dəstəklədiyinə və belə görüşlərin keçirilməsinə gözəl şərait yaratdığına görə Qazaxıstan tərəfinə bir daha təşəkkürümü bildirirəm.
Yerlan Koşayev: Dövlət başçısına çatdıracağam.
Prezident İlham Əliyev: Zəhmət olmasa, çatdırın.
Yerlan Koşayev: Çox sağ olun.
Macarıstan Milli Assambleyası sədrinin müavini xanım Marta Matrai çıxış edərək dedi:
- Hörmətli cənab Prezident.
Mən də Sizi salamlamaq istərdim. Sizə parlamentin spikeri Laslo Köverin salamlarını çatdırmaq istərdim. Təəssüflər olsun ki, o, gələ bilmədi. Çünki Macarıstanda Avropa Parlamentinə seçkilər keçirilir və əhalinin 98 faizi sülhün tərəfdarıdır. Ona görə də parlamentin spikeri, təəssüflər olsun ki, gələ bilmədi, bu görüşdə iştirak edə bilmədi. Eyni zamanda, bizim Baş nazirimiz cənab Viktor Orbanın salamlarını çatdırıram. O da Şuşa şəhərindəki Zirvə görüşündə iştirak edəcək.
Mən onu qeyd edim ki, biz TÜRKPA ölkələri ilə qardaşlıq əlaqələri qururuq. Bizim köklərimiz, soyumuz birdir. Bundan sonra da biz bütün səyləri göstərəcəyik ki, bu təşkilatın üzvü olan dövlətlərlə qardaşlıq əlaqələrimizi təmin edək, onu möhkəmləndirək.
Biz, eyni zamanda, gələcək nəsillər üçün mirasın yaradılmasında iştirak edirik. Biz, həmçinin Qarabağda da bərpa işlərində iştirak edirik. Azərbaycan Macarıstan üçün strateji tərəfdaşıdır. 2023-cü ildə Siz Macarıstanda səfərdə oldunuz və o zaman strateji tərəfdaşlıq haqqında da sənəd imzalandı. Bu da o deməkdir ki, biz Azərbaycan ilə Macarıstan arasında təkcə iqtisadiyyat sahəsində deyil, mədəniyyət və humanitar sahələrdə də ən yüksək səviyyədə əməkdaşlıq qura bilmişik. Bizim müxtəlif layihələrimiz ən yüksək səviyyəyə qaldırılır. Biz müxtəlif istiqamətlərdə - sənaye, energetika, informasiya texnologiyaları sahələrində təcrübə mübadiləsi aparırıq. Biz çox sevinirik ki, gənclərimiz də təmaslara can atırlar. Mən çox şadam ki, Sizin də tələbələriniz Macarıstana gəlir. İki yüzə yaxın azərbaycanlı tələbə hər il Macarıstanda təhsil alır. Bizim üçün çox sevindiricidir ki, Azərbaycandan olan tələbələr orada təhsil alırlar.
Gələn aydan etibarən Macarıstan altı ay ərzində Avropa İttifaqında sədrlik edəcəkdir. Ona görə də türk dövlətləri ilə əlaqələrimizi qurmaqda, gücləndirməkdə davam etmək bizim üçün çox vacibdir. Biz bu əlaqələrə xüsusi olaraq diqqət yetirəcəyik. Biz Azərbaycanı ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etməsi ilə bağlı təbrik edirik və Sizi əmin edirəm ki, bundan sonra da bizim dəstəyimizə arxalana bilərsiniz. Ölkələrimiz arasında birbaşa uçuşlar var. Bu uçuşlar "Wizz Air" şirkəti tərəfindən həyata keçirilir. Ümidvarıq ki, gələcəkdə də belə müxtəlif fürsətlərdən istifadə edəcəyik.
Cənab Prezident, Sizə işlərinizdə uğurlar arzulayıram. Ümid edirəm ki, biz tezliklə yenə də görüşəcəyik. Müşahidəçi qismində biz burada olmağımızdan çox böyük məmnunluq duyuruq.
Prezident İlham Əliyev dedi:
- Çox təşəkkür edirəm. Xahiş edirəm ki, mənim səmimi salamlarımı həm Baş nazirə, həm parlament sədrinə çatdırasınız. Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi olması bizi çox sevindirdi. Bu gün Macarıstan bu təşkilatda çox fəaldır. Bilirəm ki, Macarıstanın həm Azərbaycanla, həm də digər Türk dövlətləri ilə çox genişmiqyaslı əməkdaşlığı var. Bir çox investisiya layihələri icra edilir, ticarət dövriyyəsi artır, yəni biz Macarıstanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndiririk.
Dediyiniz kimi, Azərbaycan ilə Macarıstan strateji tərəfdaşlardır, müvafiq sənədlər də imzalanıb. Eyni zamanda, biz bir çox sahələrdə fəal işləyirik. Macarıstan bizim Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır və bəzi hallarda Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüləndə birinci bizim müdafiəmizə Macarıstan qalxır. Bilirəm ki, buna görə Macarıstan da bəzi Avropa ölkələri tərəfindən təzyiqlərlə üzləşir. Ancaq Macarıstanın prinsipial mövqeyi, haqqın, ədalətin yanında olması, beynəlxalq hüquqa hörmətlə yanaşması onun beynəlxalq nüfuzunu böyük dərəcədə artırır.
Düzdür, bizim Avropa İttifaqı ilə münasibətlərimiz müsbət xarakterizə oluna bilər. Ancaq İkinci Qarabağ müharibəsindən və xüsusilə keçən ilin antiterror əməliyyatından sonra bəzi Avropa ölkələri bizə qarşı əsassız və vicdansız hücumlara başlayıb. Azərbaycanı ləkələmək, bizim işimizə kölgə salmaq, ağa qara, qaraya ağ demək, işğalçını dəstəkləmək, işğala məruz qalanları isə ləkələmək Avropa İttifaqının bəzi üzv ölkələri üçün həyat tərzinə çevrilib. Bunun təməlində heç də beynəlxalq hüququn normaları deyil, şəxsi xəstə ambisiyalar dayanır. Əfsuslar olsun ki, Avropada xüsusi yerə malik olmaq üçün can atan bəzi ölkələr anti-Azərbaycan qruplaşmanı da yarada bilmişlər. Avropa İttifaqına üzv olan ən azı üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib. Onların adları bəllidir. Macarıstan burada təkcə öz dostunu müdafiə etmir, haqqı, ədaləti müdafiə edir. Mən Avropadan gələn qonaqlara dəfələrlə demişəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, o ərazi bütövlüyünü ki, siz də onu tanımısınız, bütün dünya da tanıyıb. O ərazi bütövlüyünü ki, BMT Təhlükəsizlik Şurası işğala son qoyulması üçün 4 qətnamə qəbul edib. Ancaq BMT bir şey edə bilmədi, Avropa İttifaqı bir şey etmək istəmədi, ATƏT və onun Minsk qrupu faktiki olaraq işğalçı Ermənistanın əlində bir anti-Azərbaycan alətə çevrilmişdi. Biz 28 il gözlədik. Biz sülh yolu ilə bunu həll etmək istədik. Amma biz gördük ki, bizə qarşı çıxanlar bu işğalı əbədi etmək istəyirlər. Onlar Ermənistandan Cənubi Qafqazda bir alət kimi istifadə etmək istəyirdilər ki, Ermənistan bütün qonşularına qarşı hücumlara keçsin. Biz haqqı bərpa etdik, öz ərazi bütövlüyümüzü müdafiə etdik, suverenliyimizi bərpa etdik. Yəni Macarıstan buna görə bizi müdafiə edir. Azərbaycan olmasın, istənilən başqa ölkə olsun, əgər o, haqq yolundadırsa, əminəm ki, bugünkü Macarıstan Hökuməti onun yanında olacaq.
Bilirəm ki, Avropa İttifaqında siz böyük təzyiqlərə məruz qalırsınız. Bu da Avropa məkanındakı elan edilmiş demokratik prinsiplərin tamamilə pozulmasıdır. Macarıstana qarşı sanksiyalar tətbiq edildi? Edildi. Macarıstana çatacaq vəsaitdən Macarıstan məhrum edildi? Edildi. Nə üçün? Çünki Macarıstan ənənəvi dəyərləri müdafiə edir. Öz əhalisini müdafiə edir. Zərərli təsirdən öz gənclərini qoruyur. Ailə dəyərlərini ən yüksək dəyər kimi bəyan edir. Buna görə bu ənənəvi dəyərlərə qarşı olanlar və dünyanı uçuruma aparanlar Macarıstana qarşı sanksiyalar tətbiq edirlər. Bu, ağlasığmaz bir məsələdir. NATO-nun üzvü olasan, Avropa İttifaqının üzvü olasan, Avropanın mərkəzində yerləşəsən, öz siyasətini aparmaq istəyən bir ölkəyə sanksiya tətbiq edilir. Bəs, demokratiya haradadır? Hamı eyni fikirdəmi olmalıdır? Hamı orada bəzi Qərb ölkələrində oturanların sözü iləmi oturub-durmalıdır? Kim onlara bu haqqı qazandırır? Onların keçmişi heç də onlara şərəf gətirmir. Onların keçmişi qanla doludur. Onların keçmişi müstəmləkəçilikdir. Onların keçmişi xalqlara əzab verməkdir, qanunsuz işğaldır. Bu gün də müstəmləkəçilik siyasəti Avropa İttifaqında davam edir. Amma kimsə onlara irad tutur? Yox. Ona görə Macarıstan mübarizənin ön cəbhəsindədir və mən dəfələrlə dostum Viktor Orbana demişəm ki, sizə daha çətindir. Biz burada yerləşmişik, biz Avropa deyilik, necə deyərlər, Avropa ailəsinə girmək də istəmirik, istəsəydik də heç kim bizi oraya buraxmazdı. Ona görə biz burada yaşayırıq, heç kimin, necə deyərlər, sözü ilə oturub-durmuruq, heç kimə imkan vermirik ki, gəlsin buraya bizim işimizə müdaxilə etsin. Mənə dəymə, mən də sənə dəymərəm. Sən mənə dəyəcəksənsə, onda gözlə, sənin də başın ağrıyacaq. Amma Macarıstan orada yerləşir və hər gün təzyiqlərə məruz qalmaq nə qədər çətindir, bunu mən bilirəm. İndi Macarıstan Avropa İttifaqına sədrlik edəcək. İndidən artıq Macarıstana qarşı plan cızılır ki, bu sədrlik, necə deyərlər, sarsılsın və bu sədrlikdən Macarıstan necə məhrum edilsin.
Biz bütün bunları görürük, bilirik və sizin hökumətinizə, ölkənizə bilin ki, nəinki Türk dünyasında, dünyada hörmət daha da artır. Sizə iradə, - o da var, qüvvət, - o da var, yaxşı dostlar, - o da var, - arzulayıram ki, siz necə varsınız, həmişə elə də qalasınız.
Marta Matrai: Çox sağ olun, cənab Prezident. İcazənizlə, sonda bir məqamı diqqətə çatdırım. Siz çox gözəl qeyd etdiniz ki, Macarıstan çətin vəziyyətdədir. Ancaq Allah bizim tərəfimizdədir. Biz sona qədər mübarizə aparacağıq. Bizim Viktor Orbanımız və hökumətimiz əlindən gələni son məqama qədər müdafiə edəcək. Sizin dostluğunuza ümid edirik.
Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Tören çıxış edərək dedi:
- Hörmətli cənab Prezidentim İlham Əliyev.
İlk növbədə, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti cənab Ersin Tatardan və Kipr türk xalqından Sizə və digər Türk Dövlətləri Təşkilatında yer alan TÜRKPA üzvlərinə sevgilərimizi və salamlarımızı çatdırırıq.
Təbii ki, Kipr türk xalqı da türk millətinin bir hissəsidir. Biz hamımız türkük və türk millətiyik. Birik, bərabərik və hamımız qardaşıq. Ayrımız-qeyrimiz yoxdur, kədərdə, sevincdə, qayğıda bir və bərabər olmalıyıq.
Təbii ki, Türkiyə bizimlə kədərdə, sevincdə, qayğıda bir və bərabər olmasaydı, 20 iyulda, yəni 50 il əvvəl Mutlu Sülh Hərəkatı reallaşmazdı və bu gün Kiprdə bir türk dövləti qurulmazdı.
Mən Kiprin Larnaka şəhərində doğulmuşam və yunanlar Larnakada bir abidə inşa etdilər, bu, erməni abidəsidir. Onlar bu erməni abidəsini qəbul edirlər, soyqırımı olaraq qəbul edirlər və soyqırımını inkar edənləri suçlu elan edirlər və həbs edilmələri üçün qanun qəbul etdilər.
Təbii ki, 20 iyul Mutlu Sülh Hərəkatı həyata keçiriləndə, daha sonra Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini elan etdikdə Türkiyəmiz çox təzyiqlərə məruz qaldı. Amma Türkiyə həmişə Şimali Kipr türk xalqının yanında yer aldı. Ruhdan düşmədik, davam edirik, azadlığımız davam edir.
İndi Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv oldu. Ümid edirəm, Şimali Kipr Türk Cümhuriyyəti ən yaxın zamanda əsl üzvlüyə də keçər. Çünki biz əsl üzvlüyə keçsək, bəlkə o zaman Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, Amerika təzyiqdən vaz keçər və artıq Şimali Kipr Türk Cümhuriyyəti davamlı hala gələr. Belə olduqca onlar təzyiq göstərməkdə davam edirlər və Kiprdə bir federasiya formalaşmasını, birləşmiş Kipr olmasını, amma unitar bir Kipr olmasını istəyirlər ki, özləri hegemon ola bilsinlər, Kipr adasının hamısına nəzarət edə bilsinlər.
Bizə embarqolar tətbiq edirlər. Yəni bu gün iqtisadiyyatda embarqo var, idman sahəsində embarqo var. Bizim gənclərimiz idman edə bilmirlər. UEFA-nın, FIFA-nın təzyiqi altındayıq və Türkiyə burada gəlib futbol matçı da keçirə bilmir, məşq də edə bilmir. Bu utanc, əslində, beynəlxalq təşkilatlara, UEFA-ya, FIFA-ya aiddir. Beləliklə, ümid edirəm, inşallah, Türk Dövlətləri Təşkilatı arasında idman fəaliyyətləri olar və Şimali Kipr Türk Cümhuriyyəti də buna qatılar.
Mədəni sahədə əməkdaşlığımız artıq indi başlayıb. Amma bunu genişləndirmək, böyütmək lazımdır. İqtisadiyyat, enerji, təhsil sahələrində türk dövlətləri ilə birlikdə daha dərin əlaqələr içərisində olarıq və Şimali Kipr Türk Cümhuriyyəti də dayanıqlı şəkildə, sağ-salamat yoluna davam edər.
Təbii ki, biz Azərbaycana xüsusilə təşəkkür edirik. Çünki Şimali Kipr Türk Cümhuriyyəti parlamenti ilə dostluq qrupu yaradıldı. Bu dostluq qrupu bizə - Şimali Kipr Türk Cümhuriyyətinə səfər etdi, Türkiyə Cümhuriyyəti dostluq qrupu ilə birlikdə səfər etdilər.
Düşünürəm ki, bizim irəliyə yolumuz açıqdır. Qarabağda şəhidlər verdik, amma nəticədə oranı yenidən Vətən etdik. Sevincimiz çox böyükdür, xoşbəxtliyimiz çox yüksəkdir. İnşallah, gələcəyimiz daim birlikdə parlaq olacaqdır.
Türk Dövlətləri Təşkilatı birlik yaratdığı zaman bunu niyə pozmaq istəyirlər? Biz bu oyuna aldanmamalıyıq. Bizim aramıza təfriqə, ayrılıq-qeyrilik salmasınlar. Bir olaq, iri olaq, diri olaq və güclü olaq. Düşmənlərimiz bizdən çəkinsinlər. Nüfuzlu olaq. Biz güclü olsaq, bir olsaq, nüfuzlu olarıq və bizə hücum edə bilməzlər, təzyiq göstərə bilməzlər, təzyiqdən vaz keçərlər. Hamınıza çox dərin sevgilərimi, ehtiramımı bildirirəm. Bu günləri gördüyümüz üçün Allaha şükür edirəm. Sağ olun, var olun.
Prezident İlham Əliyev dedi:
- Sağ olun, təşəkkür edirəm. Mənim salamlarımı hörmətli Ersin Tatara çatdırın, lütfən. Onunla mən dəfələrlə görüşmüşəm, o cümlədən Bakıda. Siz bilirsiniz ki, burada Şimali Kipr Türk Cümhuriyyətinin mədəniyyət günləri keçirilmişdir və hörmətli Ersin Tatar gəlmişdi və görüşmüşdük. Onu mən zirvə görüşünə də dəvət etdim və gələn ay bizim qonağımız olacaq. Bilirsiniz ki, Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatında müşahidəçi olması ilə əlaqədar Azərbaycan çox fəal çalışırdı, fəal diplomatik səylər göstərmişdir və çox şadam ki, artıq birinci addım atıldı. O ki qaldı, Şimali Kipr Türk Cümhuriyyətinin tamhüquqlu üzvə çevrilməsinə, Azərbaycan olaraq biz bunu dəstəkləyirik. Bu, təbii olar. Şimali Kipr Türk Cümhuriyyəti tarix nöqteyi-nəzərdən türk dünyasının bir parçasıdır. Orada yaşayan türklər bizim qardaşlarımızdır. Azərbaycanın bu sahədəki siyasəti hər zaman birmənalı olub. Əminəm ki, Şuşadakı zirvə görüşünə Ersin bəylə bərabər böyük heyət gələcək və orada müzakirə ediləcək məsələlər birliyimizi daha da gücləndirəcək.
Bilirsiniz, bugünkü Türk Dövlətləri Təşkilatının tarixçəsinə baxsaq görərik ki, bu, böyük yol keçmiş bir təşkilatdır. Sovet İttifaqı dağılanda Türkiyənin təşəbbüsü ilə belə bir əməkdaşlıq, işbirliyi çərçivəsi yaradıldı. Mən 20 ildir ki, ölkə Prezidenti kimi bu prosesdə fəal iştirak edirəm. Bu 20 il ərzində mən bizim təşkilatımızın müxtəlif mərhələlərini nəinki görmüşəm, bunu yaşamışam. Müxtəlif dövrlər var idi. Vaxt var idi ki, zirvə görüşləri bir neçə il keçirilmirdi. Vaxt var idi müxtəlif səbəblərə görə ölkələrin bəziləri bu quruma o qədər də böyük maraq göstərmirdi. Ancaq mən bildirməliyəm, bunu indi hər kəs bilir, Azərbaycan olaraq bütün bu 20 il və ondan əvvəl rəhmətlik atamın dövründə Azərbaycan bu qurumun möhkəmləndirilməsi, birləşməsi və təşkilata çevrilməsi işində çox fəal idi. Təsadüfi deyil ki, bugünkü Türk Dövlətləri Təşkilatının təşkilata çevrilməsi prosesi də Naxçıvanda başladı. Mənim təşəbbüsümlə zirvə görüşünün qədim Türk dünyası olan Naxçıvanda keçirilməsi böyük məna daşıyırdı. Orada əldə edilmiş qərarlar əsasında biz inkişaf edirik və ondan sonra bu şuranın təşkilata çevrilməsi müəyyən zaman tələb etmişdir. Amma bu gün Allaha şükürlər olsun ki, bu təşkilat var.
Bu təşkilatın gələcək fəaliyyəti üçün birinci təşəbbüsü yenə də Azərbaycan göstərdi. Biz bu yaxınlarda bəyan etmişdik ki, Türk Dövlətləri Təşkilatının fəaliyyətini gücləndirmək üçün mövcud büdcə yetərli deyil və Azərbaycan birtərəfli qaydada 2 milyon Amerika dolları əlavə töhfə, yəni ianə verib. Zirvə görüşünə, yəni gələn aya qədər bu vəsait Türk Dövlətləri Təşkilatının hesabına oturacaq. Bu, nəyi göstərir? Çünki biz bu təşkilatı gücləndirməliyik. Zirvə görüşləri təbii ki, ən yüksək səviyyəli tədbirdir, TÜRKPA önəmli tədbirdir. Bizim TÜRKSOY-umuz var. Bizim Türk Mədəniyyəti və İrsi Fondumuz var, digər təsisatlar var, akademiyamız var, ona görə təşkilat daha da böyüməlidir. Həm orada hər ölkədən daha çox insan çalışmalıdır, həm də bu təşkilatın beynəlxalq əlaqələri gücləndirilməlidir. Biz bütün beynəlxalq tədbirlərdə iştirak etməliyik. Yəni bizim yolumuz budur. Əminəm ki, gün gələcək Şimali Kipr Türk Cümhuriyyəti də təşkilatın tamhüquqlu üzvünə çevriləcək. Yenə də deyirəm, Azərbaycan bu gün buna ikiəlli səs verir və bu, birliyimizin nə qədər səmimi olmasını bir daha göstərəcək.
Bir çox ittifaqlar var, birliklər var. Bu, doğrudan da belədir. Onların tarixi bizimkindən daha böyükdür. Biz indi yeni addımlar atmağa başlamışıq. Ancaq bəlkə də tarixdə bu qədər sürətlə inkişaf edən ikinci bir təşkilat olmayıb. Ona görə bu gün biz birinci mərhələdəyik. Amma bütün səylərimiz, bu gün danışdığımız mövzular - bütün bunlar cəmiyyətlərə ciddi bir mesaj olacaq. Bax, bizim yolumuz budur və müstəqil ölkələr kimi rahat yaşamaq üçün birlik daha güclü olmalıdır. Sizi də salamlayıram, lütfən, Ersin bəyə də səmimi salamlarımı çatdırın.
Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev çıxış edərək dedi:
-Sağ olun, cənab Prezident. Qırğızısan parlamentinin nümayəndə heyəti artıq üç gündür ki, Bakıdadır. Səmimi qəbula və qonaqpərvərliyə görə hörmətli azərbaycanlı həmkarlarımıza dərin minnətdarlığımızı bildiririk.
Sahibə xanımla bizim parlamentlərarası əməkdaşlıq məsələlərinə dair çox geniş söhbətimiz oldu.
Dünən Qarabağda, Şuşa şəhərində olduq. Çox şad idik, bura çox gözəl, dünyanın ən gözəl torpaqlarıdır.
Bütün həmkarlarıma deyirəm ki, mütləq Şuşa şəhərində olun və hər şeyi öz gözlərinizlə görün. Bizdə belə bir atalar sözü var, "Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır".
Sizin qəhrəmanlığınızı yüksək qiymətləndirir və onunla fəxr edir, eyni zamanda, dəstəkləyirik.
Bu torpaq Ulu Tanrının köməyi ilə 30 il ərzində bütün Azərbaycan xalqının və rəhbərlərinin böyük dözümlülük nümayiş etdirməsindən sonra həqiqi, əsl sahiblərinə və qanunla ona məxsus olanlara qayıtdı.
Bu gün biz Azərbaycanda TÜRKPA-nın toplantısında iştirak etməyimizə görə çox şadıq və bu, Sizin böyük xidmətləriniz, töhfənizdir.
Təşkilatın fəaliyyətinin nəticələrinə əsasən, biz Sizin gördüyünüz böyük işlərin şahidi olur və onları yüksək qiymətləndiririk.
Hörmətli Prezidentimiz Sadır Japarov Sizə salamlarını göndərib, iki ay əvvəl onun çox səmərəli dövlət səfəri baş tutub.
O, burada imzalanmış sənədlərdən, Sizinlə əldə olunan razılaşmalardan danışdı, biz bu məlumatları məmnuniyyətlə qəbul etdik.
Bu gün Qırğızıstan-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Biz münasibətlərimizin inkişafı üçün qarşılıqlı səy göstərməliyik və inanıram ki, gələcəkdə əlaqələrimiz daha da yüksək və yaxın olacaq.
Prezident İlham Əliyev: Mənim də salamlarımı hörmətli Sadır Nurqojoyeviçə çatdırın. Qeyd etdiyiniz kimi, Azərbaycanda dövlət səfərində idi və onunla bərabər Füzuli və Ağdam şəhərlərinə getmişdik. Bir aydan sonra yenə də bizim qonağımız olacaq, o da Şuşanı görəcək. Bilirəm ki, siz dünən Şuşada idiniz və qeyd etdiyiniz kimi, o görüntülər sizdə çox gözəl təəssürat yaradıb. Şuşa doğrudan da gözəl şəhərdir və indi də dirçəlir. İşğal dövründə - 28 il ərzində Şuşada bir daş daş üstə qoyulmadı. Orada gördüyünüz bütün o köhnə binalar sovet vaxtında inşa edilən binalardır və yeni binalar isə son üç ilin əsərləridir.
Qırğızıstanla bizim əlaqələrimiz qardaşlıq əsasındadır. Mənim Qırğızıstana dövlət səfərim çərçivəsində çox önəmli qərarlar qəbul edildi. Biz indi çox genişmiqyaslı əməkdaşlıq edirik. Bilirsiniz ki, Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradıldı. Söz düşmüşkən onu da bildirməliyəm ki, bizim Özbəkistanla və Qazaxıstanla da buna oxşar investisiya fondlarımız var. Qırğızıstan Prezidenti öz təşəbbüsü ilə Ağdam rayonunda bir məktəbin tikintisinə də dəstək göstərdi və onun təməlini biz birlikdə qoymuşuq. Bütün bunlar qardaşlıq təzahürləridir.
Bu gün Qırğızıstanda aparılan islahatlar həm siyasi sahədə, həm də iqtisadi sahədə nəticə verir. Biz bunu görürük. Qırğızıstanda olarkən hörmətli Prezidentlə biz bəzi məktəblərdə də olmuşduq. Sonra o məktəblərin müəllimləri, şagirdləri Azərbaycana dəvət edildi. Yəni, gənclər arasındakı mütləq təmaslar olmalıdır. Mən qeyd etmişdim ki, məsələn, Uluqbəy adına məktəb, Kurmanqazı adına İncəsənət Mərkəzi, indi qırğız məktəbi olacaq, macar məktəbi olacaq – bütün bunlar gənclər üçün bir yol göstəricisidir ki, bu birlik əməli işlərdə özünü göstərir.
Təbii ki, siyasi əlaqələr, bir-birimizə dəstəyin verilməsi, beynəlxalq təşkilatlarda bir-birimizə dəstək həddindən artıq önəmlidir, amma, eyni zamanda, digər layihələr də vacibdir. Əminəm ki, gələn ay bütün dövlət başçıları Şuşada birliyimizin yeni bir səhifəsini, inşallah, bərabər açacaqlar. Sizi bir daha salamlayıram. Bir daha xoş gəlmisiniz, sizə xoş səfər arzulayıram.
Sonda birgə foto çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib:
"İlk növbədə, xoş gəlmisiniz. Sizin hamınızı səmimiyyətlə salamlayıram. Əminəm ki, TÜRKPA-nın növbəti plenar iclası yaxşı nəticələr verəcək. Belə toplantılar bir qayda olaraq Türk dünyasının birliyinin təzahürü olur, əminəm ki, Bakı toplantısı da istisna olmayacaq. Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.
Bildiyiniz kimi, mənim təşəbbüsümlə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq.
İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Bildiyiniz kimi, Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində, əlbəttə ki, qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir.
Zirvə görüşünün Şuşada keçirilməsi təbii ki, böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni, bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda qoyduq. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni, bütün bunlar bir daha birliyimizi göstərir. Bu fürsətdən istifadə edərək mən qardaş ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm.
Onu da qeyd etməliyəm ki, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Yəni, biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Təbii ki, həm bizi sevindirir, həm də bütün Türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir.
Azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Geniş quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.
Mən bir daha qeyd etmək istəyirəm ki, TÜRKPA-nın bugünkü toplantısı böyük əhəmiyyət daşıyır. Əminəm ki, müzakirə ediləcək məsələlər bizim birliyimizi daha da gücləndirəcək. Eyni zamanda, hər dəfə qardaş ölkələrdən yüksəkvəzifəli şəxslər ölkəmizə gələndə, bu, bizi sevindirir. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur.
Bir daha sizi salamlayıram, xoş gəlmisiniz. Sizə xoş səfər arzulayıram".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.