Azərbaycan prezidenti İlham Əliyev Yaponiya baş nazirinin müavini, maliyyə naziri Taro Asonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu.Az-ın məlumatına görə, görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının növbəti illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyətindən danışılıb, ölkəmizdə aparılan uğurlu siyasət nəticəsində böyük iqtisadi inkişafa nail olunduğu vurğulanıb, birinci Avropa Oyunlarının ilk dəfə Azərbaycanda təşkil olunmasının önəmi qeyd edilib və respublikamızda mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün yaradılan müasir şərait yüksək dəyərləndirilib.
Söhbət zamanı Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, informasiya- kommunikasiya texnologiyaları, turizm, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidenti bu gün həmçinin İtaliyanın iqtisadiyyat və maliyyə naziri Pier Paolo Padoanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakıda keçirilməsinin önəmi qeyd olunub, tədbirin yüksək səviyyədə təşkil olunduğu bildirilib, habelə ölkələrarası iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından toplantının rolu xüsusi vurğulanıb.
Söhbət zamanı Azərbaycanla İtaliya arasında ikitərəfli əlaqələrin tərəfdaşlıq səviyyəsinə qalxdığı və uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın siyasi, iqtisadi, mədəni, enerji, ticarət, turizm, kənd təsərrüfatı və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.