Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşü. Vacib məqamlar - VİDEO
Martın 1-də Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb.
Azərbaycanda mədəniyyət sahəsində görülən işlər, mövcud vəziyyət və gələcək planların müzakirə olunduğu bu görüşdə dövlət başçısı ilə yanaşı, mədəniyyət xadimləri də çıxış ediblər.
Oxu.Az ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış bu görüşün əsas məqamlarını təqdim edir.
Xalq yazıçısı Anar, dahi Füzuli və Cəlil Məmmədquluzadə
Dövlət başçısından sonra tədbirdə ilk çıxış edən Xalq yazıçısı Anar Rzayev bu il Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, İsmayıl Şıxlının yubileyləri haqqında sərəncamların imzalandığını bildirib. O, xahişlə prezidentə müraciət edərək, Cəlil Məmmədquluzadənin yubileyi ilində onun məzarının səliqəyə salınması və Bakıda heykəlinin ucaldılmasını istəyib:
“Çünki Nizami Muzeyinin eyvanında bizim yazıçıların və şairlərin - Füzulinin, Mirzə Fətəlinin, Natəvanın, Cəfər Cabbarlının heykəlləri var, o cümlədən, Mirzə Cəlilin də. Amma bizim çox böyük yazıçımız Cəlil Məmmədquluzadənin Bakıda ayrıca heykəli yoxdur. Naxçıvanda heykəltəraş Mirqasımov Mirzə Cəlilin çox gözəl heykəlini düzəldib, onun bənzərini Bakıda da ucaltmaq olar”.
Xalq yazıçısı Azərbaycan ədəbiyyatının təbliği ilə bağlı məsələ qaldırıb:
“Ədəbiyyatımızın xaricdə təbliği ilə bağlı məsələ qaldırmaq istəyirəm. Bilirsiniz, ispanların Servantes Mərkəzi var, o, bütün dünyada ispan ədəbiyyatını təbliğ edir. Almanların Höte Mərkəzi var, o da bütün dünyada alman ədəbiyyatını təbliğ edir. Türklərin Yunus Əmrə Mərkəzi var, o da həmin işi görür.
Biz də belə bir Füzuli Mərkəzi yaratsaydıq, ən azı böyük şəhərlərdə - Moskvada, İstanbulda, Tehranda, Avropa şəhərlərinin birində həm klassik və müasir Azərbaycan ədəbiyyatını, həm də Azərbaycan ədəbiyyatı vasitəsilə xalqımızın tarixini, bugünkü gününü, siyasətini təbliğ edərdik”.
Dövlət başçısı yekun çıxışında belə görüşlərin müntəzəm keçirilməsi ilə bağlı təklif səsləndirərək, tədbirə yekun vurub.