Bu gün Nəsimi rayon Məhkəməsində həbsdə olan “REAL” hərəkatının sədri İlqar Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanın verdiyi vəsatətə baxılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, vəkil Cavad Cavadlının verdiyi məlumata görə, prosesdə qərar elan olunub.
Qərara əsasən, vəsatət təmin edilərək, İ.Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.
Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.
Məhkəmə T.Yaqublu və İ.Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.