Avqustun 14-də Azərbaycan prezidenti İlham Əliyev İsmayıllıya səfərini başa çatdıraraq Qəbələ rayonuna səfər edib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı Qəbələ şəhərindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsinin önünə gül dəstəsi qoyub.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev məlumat verib ki, Heydər Əliyev parkı son illər sakinlərin ən çox üz tutduqları məkanlardan biridir. Burada yerli əhalinin, eləcə də qonaqların mənalı istirahətini təşkil etmək üçün hər cür şərait yaradılıb.
Daha sonra dövlət başçısı Qəbələ rayonuna səfəri çərçivəsində “Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısı əvvəlcə kompleksin inzibati binasında müəssisənin maketinə baxıb.
Prezident İlham Əliyevə məlumat verilib ki, müəssisə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsinin bəhrəsidir.
Qəbələ rayonunun Vəndam kəndində yaradılan aqrar-sənaye kompleksinin ümumi sahəsi 20 hektardır.
Müəssisəyə südlük və ətlik istiqamətli heyvandarlıq kompleksləri, müasir suvarma sisteminin tətbiqinə əsaslanan əkinçilik təsərrüfatı və aqroservis daxildir.
Diqqətə çatdırılıb ki, kompleksin ümumi dəyəri 25 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 14 milyon manat güzəştli kredit verilib. Heyvandarlıq komplekslərində dünyada kənd təsərrüfatı texnikası istehsalında aparıcı müəssisələrdən olan Almaniyanın “GEA” şirkətinin tam avtomatlaşdırılmış havalandırma, suvarma, qidalandırma, istilik sistemləri və digər ferma avadanlığı quraşdırılıb.
Min başlıq südlük heyvandarlıq kompleksində “Simmental” cinsindən olan südlük-damazlıq inəklər bəslənilir. İnəklərdən gündə orta hesabla 25 litrədək 4-4,5 faiz yüksək yağlılıq göstəricilərinə malik süd alınır. İlkin olaraq kompleksə Almaniyadan 640 baş “Simmental” cinsindən olan südlük-ətlik cins heyvanlar gətirilıb. Gətirilən heyvanlar artıq yerli iqlimə tam olaraq uyğunlaşdırılıb. Əlavə cins heyvanların gətirilməsi ilə bağlı artıq müqavilələr imzalanıb. Heyvanların yaxın vaxtlarda gətirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev sağım prosesinə baxıb. Bildirilib ki, sağım sahəsi bir sağım dövründə 28 baş inək tutumlu “Karusel” tipli avadanlıq, soyutma sistemləri və digər köməkçi avadanlıqla təchiz edilib. Bu avadanlıq hər bir sağmal inək üzrə sağılan südün həcminin, yağlılıq dərəcəsinin və digər keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir.
Qeyd edilib ki, 1000 başlıq ətlik istiqamətli heyvandarlıq kompleksində “Simmental” cinsindən olan ətlik heyvanlar saxlanılır.
Bu cins heyvanların çəkiləri gündə orta hesabla 1,4–1,6 kiloqram artır və 65-70 faiz dəyərli zülallar, vitaminlər və mineral maddələrlə zəngin ətvermə qabiliyyətinə malikdirlər. Kompleksin fasiləsiz xammal bazasının təmin edilməsi məqsədi ilə Qəbələ rayonunda 1050 hektar ərazidə yem təsərrüfatı yaradılıb. Təsərrüfatda növbəli əkin sisteminin tətbiq edilməsi nəticəsində kompleksin yem təchizatı tam olaraq ödənilir.
Əkin, biçin və bütün aqrotexniki işlərin aparılması üçün Almaniyanın “Class” və Hollandiyanın “New Holland” qabaqcıl şirkətlərinin istehsalı olan 10 adda 35-ə yaxın müasir kənd təsərrüfatı texnikası və aqreqatdan ibarət aqroservis yaradılıb. Aqroservis traktor, kombayn, pnevmatik və sadə toxum səpmə aqreqatları, piper, kultivator, vərdənə, diskli mala, dərmançiləmə, gübrəsəpən və digər ən müasir aqreqatlarla təchiz edilib. Görülən bütün işlər hesabına məhsuldarlıq göstəriciləri təxminən iki dəfəyədək artırılıb.
Gələcəkdə aqrar-sənaye kompleksində müasir avadanlıqla təchiz edilmiş ət emalı fabrikinin yaradılması nəzərdə tutulur ki, bu da bütün gigiyenik normalar gözlənilməklə heyvanların kəsilməsindən ət məhsullarının qablaşdırılmasına və istehlakçılara çatdırılmasınadək bütün prosesi əhatə edəcək. Bu layihələrin həyata keçirilməsi respublika əhalisinin keyfiyyətli süd və ət məhsullarına olan tələbatının təmin edilməsi ilə yanaşı, onların ixracını da genişləndirəcək. Aqrar-sənaye kompleksində 200-dən çox insan daimi işlə təmin olunub.
Komplekslə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, tətbiq olunan müasir texnologiyanın istifadəsi, cins heyvanların bəslənməsi, kənd təsərrüfatı texnikasından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədilə burada çalışan mütəxəssislərin bir hissəsi Avropa ölkələrində xüsusi kurs keçib. Gələcəkdə digər işçilərin də təcrübələrinin artırılması məqsədi ilə kurs və seminarlara göndərilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev kompleksdə yaradılmış şəraiti yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Sonra dövlət başçısı Qəbələdə Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak edib.
Dövlət başçısı əvvəlcə Qəbələ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Rayon sakinləri adından çıxış edən Arifə Babayevə Qəbələnin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını çatdırıb. Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycanda mötəbər tədbirlərin keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırır, respublikamızı mədəniyyətlərarası dialoqa töhfə verən məkan kimi tanıdır. Bu gün Azərbaycanda regionların sürətli inkişafı ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz göstəricisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün ölkəmizin bütün bölgələri kimi, Qəbələ də qədim və tarixi görkəmini saxlamaqla müasirləşir.
Burada bir sıra yüksək səviyyəli mədəni-humanitar tədbirlər keçirilir. Son illər Qəbələdə dünya standartlarına cavab verən otellər, yollar, beynəlxalq hava limanı tikilib. Qəbələ artıq beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sırada yer alır. Təsadüfi deyildir ki, MDB-nin üzv dövlətlərinin Humanitar Sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun Aşqabadda keçirilən birgə iclasında qəbul edilən qərara əsasən 2013-cü ildə Qəbələ “MDB-nin mədəniyyət paytaxtı” elan olunub. Bu gün gözəl təbiəti və bənzərsizliyi ilə seçilən Qəbələ şəhərinin MDB-nin mədəniyyət paytaxtına çevrilməsində rayonun qədim tarixi də mühüm rol oynayır.
Qəbələdə yeni inşa olunan Heydər Əliyev Konqres Mərkəzinin tikintisi isə bir məqamı təsdiqləyir ki, artıq burada istənilən beynəlxalq tədbiri keçirmək mümkündür. Konqres Mərkəzində beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün geniş imkanlar yaradılıb.
Dövlət başçısına məlumat verilib ki, 1200 yerlik Heydər Əliyev Konqres Mərkəzi Qəbələ şəhərində, Qaraçay çayının sahilində yerləşir və ərazisinin ümumi sahəsi 8,5 hektardır. Mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayından başlanılıb və bu ilin iyulunda başa çatdırılıb. Bina üç mərtəbədən və 4,2 metr dərinliyində zirzəmidən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Mərkəzdə 6 qüllə və zalın üzərində diametri 20 metr, hündürlüyü isə zalın döşəmə səviyyəsindən 13 metr olan günbəz düzəldilib. İsveçrə istehsalı olan və səstənzimləmə xassələrinə malik materialdan istifadə olunaraq hazırlanan bu günbəz zalda akustikanın tənzimlənməsinə xidmət edir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir.
Prezident İlham Əliyev konfrans zalı ilə tanış olub.
Bundan başqa, burada 92 kvadratmetrlik səhnə, VİP və mühafizə otaqları, incəsənət ustaları və media işçiləri üçün otaqlar, geniş foye yerləşir. Konfrans zalı qısa müddətə başqa məqsədlər - konsert, iclas və s. üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Kreslolar İspaniyanın Barselona şəhərindəki “Fiquleras” şirkəti tərəfindən hazırlanılıb. Zalın səhnə hissəsi qalxıb-enən platforma üzərində quraşdırılıb.
Burada sinxron tərcümə üçün xüsusi avadanlıqla təchiz olunan 6 tərcüməçi kabinəsi, habelə müşahidə və zalın avtomatik idarəetmə məntəqəsi vardır. Konfrans zalında mükəmməl səsləndirmə sistemi quraşdırılıb ki, bu da tədbirin təyinatından asılı olaraq səsləndirməni həm konfranslar, həm də konsert-əyləncə tədbirləri üçün tənzimləməyə imkan verir. Mərkəzin üçüncü mərtəbəsində isə antressol hissə yerləşir. Binanın zirzəmisində ATS, yanğınsöndürmə otağı, anbar, avtomobillər üçün dayanacaq, media işçiləri üçün otaq və foye yerləşir.
Binada 18 metrlik eskalator və liftlər quraşdırılıb. Konqres Mərkəzinin ərazisində 140 yerlik yeraltı qaraj tikilib. Qarajın üstündə bayraq meydanı və dekorativ yaşıllıq salınıb. Qaraj iki hissədən ibarətdir. Birinci hissədə minik avtomobilləri, ikinci hissədə isə avtobuslar yerləşdiriləcək. Binanın dam örtüyü və qüllələr Almaniyada istehsal edilmiş mis təbəqə ilə örtülüb. Həmçinin 9 ballıq seysmik normanın tələblərinə uyğun olaraq antiseysmik və deformasiya tikişləri və digər konstruktiv tədbirlər nəzərdə tutulub.
Ərazidə istirahət üçün yerlər, terraslar və s. yaradılıb. Avtomobillərin maneəsiz hərəkətini təmin etmək üçün binaya üç istiqamətdən giriş yolları çəkilib. Binanın önündə, çay üzərində eni 24 metr, uzunluğu 42 metr, yükgötürmə qabiliyyəti 100 tona qədər olan körpü tikilib. Qaraçay çayının obyektin ərazisindən axan hissəsinə sahil boyunca çay daşları düzülüb. Bina və binaətrafı ərazi tam elektron video nəzarətinə alınıb. Yanğına qarşı və yaşıllığın suvarılması üçün nəzərdə tutulan iki yeraltı su hovuzu tikilib. Qaraj və konfrans zalı yanğına qarşı xüsusi sprinklerlərlə təchiz edilib. Eyni zamanda, bina müasir daxili və xarici mühafizə siqnalizasiya və yanğınsöndürmə sistemləri ilə təchiz edilib.
Qeyd olunub ki, ikinci mərhələ üçün nəzərdə tutulmuş göl və gölətrafı sahə yenidən qurulacaq. Bu sahə 3 hektar ərazini əhatə edir. Gölətrafı sahədə abadlaşdırma işləri, gölün suyunun bərpası, yaşıllaşdırma işləri yerinə yetiriləcək. İri və xırda dekorativ ağaclar əkiləcək, fontanlar quraşdırılacaq.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.