Bu gün bir neçə saat əvvəl bir qrup silahlı şəxs qarət məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun evinə daxil olublar.
Abşeron rayonunun Hökməli qəsəbəsi yaxınlığında yerləşən evdə A.Dadaşovun həyat yoldaşı olub.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, qarətçilər Dadaşovun həyat yoldaşının ürəyindən bıçaqla bir neçə zərbə endiriblər, nəticədə qadın hadisə yerində dünyasını dəyişib.
Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə, cinayət təxminən saat 13:00 radələrində, Sulutəpə qəsəbəsi ərazisində törədilib.
Bir neçə naməlum şəxs qarət məqsədilə Aqil Dadaşovun evinə daxil olublar və qəflətən ev sahibinin həyat yoldaşı ilə qarşılaşıblar. Versiyalardan birinə görə, onlar, evdə heç kimin olmadığını güman edirmişlər.
Aqil Dadaşovun həyat yoldaşı – Elmira Xəlilqızına (1955-ci il təvəllüdlü) bıçaqla bir neçə dəfə zərbə endirilib. E.Xəlilqızı aldığı yaralardan hadisə yerindəcə keçinib, cinayətkar mənzildən qaçıblar. Hələlik Dadaşovların mənzilindən nə oğurlandığı bəlli deyil.
Hazırda polis əməkdaşları hücuma və Elmira Xəlilqızının qətlinə aidiyyatı olan cinayətkarların şəxsiyyətini müəyyənləşdirir.
Qeyd edək ki, Aqil Dadaşov ixtisasca jurnalistdir. O, uzun illər “Bakı-“ – “Baku” qəzetində işləyib. “Ülfət” qəzetinin baş redaktoru olub.