İran Hörmüz boğazının açılması və ABŞ ilə münasibətlərin tənzimlənməsi üçün Vaşinqton qarşısında bir sıra şərtlər irəli sürüb. Tehran bildirir ki, bu tələblər yerinə yetirilməyənədək strateji əhəmiyyətli su yolunun bağlı qalması gündəmdə olacaq. İranın irəli sürdüyü 6 əsas şərt ABŞ-nin hərbi siyasətindən tutmuş sanksiyaların ləğvinə və gələcək hərbi qarşıdurmaların qarşısının alınmasına dair zəmanətlərə qədər geniş məsələləri əhatə edir.
Mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq Zaur İbrahimli bildirib ki, Amerika Birləşmiş Ştatlarının bu şərtləri qəbul etməsi praktiki olaraq mümkün deyil:

"İranın şərtləri yalnız Hörmüz boğazının açılması və ABŞ ilə münasibətlərin normallaşdırılması məqsədini güdmür. Bu, bilavasitə ABŞ-nin Yaxın Şərqdəki strateji mövcudluğuna və onun region ölkələrinə, o cümlədən İrana təzyiq alətlərinin tamamilə aradan qaldırılmasını hədəfləyir. Vaşinqton bu şərtləri qəbul etsəydi, ən mühüm strateji dayaqlarından məhrum olardı. Belə olan halda hərbi bazalarından imtina etməli, o cümlədən donanmanın iştirakı ilə bağlı məhdudiyyətlərə razı olmalıdır. Bu, nəinki Yaxın Şərqdə, ümumilikdə qlobal miqyasda ABŞ-nin liderliyinə və qlobal ambisiyalarına birbaşa zərbə olardı".
"Rəsmi Tehran yaxşı başa düşür ki, Amerika Birləşmiş Ştatları bu şərtlərə "yox" deyəcək. Burada iki məqsəd ortaya çıxır. Birincisi, İranın danışıqlardan imtina etməməsi işarəsini vermək. Çünki maksimum şərtlər irəli sürməklə aydındır ki, rəsmi Tehran özü üçün manevr imkanları yaradır. İkincisi isə, Amerika Birləşmiş Ştatlarına İranın qəti mövqeyini nümayiş etdirmək və Birləşmiş Ştatların maksimalist mövqeyini yumşaltmaq. Bütün bunların arxasında İranın zaman qazanmaq strategiyası dayanır. Bu, hazırda Tramp administrasiyasının üzləşdiyi strateji məhdudiyyətlərlə əlaqədardır", - deyə ekspert vurğulayıb.
O, noyabrın üçündə ABŞ Konqresinə keçiriləcək aralıq seçkidən də danışıb:
"Qeyd etmək olar ki, iki həftədən sonra faktiki olaraq ABŞ-də seçki kampaniyası start götürəcək. Belə bir ərəfədə Tramp administrasiyasının İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamasını gözləmək real deyil. İranda da bunu başa düşürlər. Hətta Tramp administrasiyası bu addımları atsa belə, özü üçün böyük risklər yaradır. Bu baxımdan Tehranda da yaxşı başa düşürlər ki, hələlik onların ən azı 3 ay zamanı uzatmaq imkanları var və bundan maksimum yararlanmağa çalışırlar. Eyni zamanda, onlar başa düşürlər ki, seçki kampaniyası dövründə Trampa İranla bağlı məsələlərdə hər hansı məqbul nəticəni təqdim etmək lazım olacaq və bu baxımdan, Hörmüz boğazı ilə bağlı hər hansı bir anlaşmanı daha baha satmağa çalışırlar. Eyni zamanda, rəsmi Tehran hazırda ciddi daxili-siyasi çağırışlarla üzləşən Prezident Trampla noyabr seçkisinə qədər heç bir uzunmüddətli razılaşma əldə etmək istəmir. Rəsmi Tehran üçün noyabr seçkisinin nəticələri çox vacibdir, çünki bu seçki Prezident Trampın daxili siyasətdə mövqelərinin nə qədər güclü olub-olmadığını göstərəcək. Bu baxımdan rəsmi Tehranın strategiyası zamanı uzatmaq və Prezident Trampın üzləşdiyi çağırışlardan maksimum yararlanmaq cəhdidir. Amerika Birləşmiş Ştatları isə artıq çox böyük ehtimalla indiki status-kvonu davam etdirməyə üstünlük verəcək. ABŞ iqtisadi təzyiqi artıracaq, dəniz blokadasını gücləndirəcək və eyni zamanda bir sıra dolayı yollarla daxili siyasi mühitə müsbət təsir edəcək addımlar atacaq. Məsələn, strateji ehtiyatlardan istifadə etməklə ölkədaxili yanacaq qiymətlərinin aşağı düşməsinə çalışacaq. İstisna deyil ki, Rusiya ilə yaxınlaşma siyasəti güclənəcək və Rusiya neftinə tətbiq olunan sanksiyalar yumşaldılacaq və müəyyən müddətə aradan götürüləcək. O cümlədən alternativ bazarlardan neft ixracının stimullaşdırılması üçün tədbirlər həyata keçiriləcək. Tramp administrasiyası üçün də seçkiyə qədərki dövrdə risk yaradacaq hər hansı addımlardan qaçmaq ən vacib amildir".
"İranın blokadası, o cümlədən Hörmüz boğazından gəmilərin, hətta İrana yaxın və İrana məxsus gəmilərin keçməsinə mane olunması, o cümlədən Yaxın Şərq regionunu əhatə eləyən Məkkə sazişinin imzalanması Tramp administrasiyasının uğurları kimi qiymətləndiriləcək. Tramp administrasiyasında da hesab edə bilərlər ki, indi əldə olan nəticələrlə kifayətlənmək yetərlidir, nəinki hərbi əməliyyatlara yenidən başlayıb risklərlə üz-üzə qalmaq. Bu baxımdan, çox böyük ehtimalla məhdud hərbi toqquşmalar da mümkündür, lakin ABŞ indiki status-kvonu davam etdirəcək və İranın dəniz blokadasını gücləndirəcək, iqtisadi sanksiyaları artıracaq. O cümlədən İranın da strateji məhdudiyyətləri var, bu strateji məhdudiyyətlər daha çox daxili iqtisadi vəziyyətlə bağlıdır, o cümlədən Körfəz ölkələrinin təzyiqi ilə bağlıdır. Əgər İranın indiki yanaşması çox uzun müddət davam edərsə, artıq Körfəz ölkələri ehtiyatlı mövqeyi bir kənara qoyub, bilavasitə İrana qarşı hərbi əməliyyatlarda iştirak edə bilərlər. Həmçinin Körfəz ölkələri ümid edir ki, Məkkə sazişi İranın ambisiyalarını azalda bilər. Bu, doğrudan da İran üçün yeni bir çağırışdır və sazişin imzalanması İran üçün daha bir strateji məhdudiyyət yaradır", - ekspert qeyd edib.
Onun sözlərinə görə, hər iki tərəfin strateji məhdudiyyətləri onlar üçün strateji çağırışlar yaradır və hər iki tərəfin strategiyası ona hesablanıb ki, zaman onun xeyrinə işləyir:
"Bu baxımdan gözləmək olar ki, qarşıdakı 3 ay daha çox status-kvonun davam etdiyinə şahid olacağıq və əsas qərarlar və gələcək illərdə strateji mənzərəni müəyyən edəcək addımlar məhz daha çox payızın sonlarına doğru atılacaq".