Kubra Məhərrəmova yazır...
Həqiqətən də İran olduqca qəribə qonşudur. Nə ətdir, nə də balıq.
Ət də bilirsiniz də, dabaq xəstəliyindən sonra az satılır deyə, camaat üz tutub balığa. Balığın da qiyməti qalxıb ceyranın belinə. İndi bu məsələyə hansı tərəfdən baxsan, qanunauyğunluq var.
Amma İranın Azərbaycanla bağlı münasibətində nə qanun var, nə də uyğunluq...
Hər gün bir "fətva" verib, rəsmi Bakıya öz aləmlərində "nota" verirlər.
Bu yazıda rəsmi Bakının xarici siyasətini müzakirə etmək üçün heç bir lüzum duymuram. Kor-kor, gör-gör, hər şey ortadadır.
Elə dünən rəsmi Bakının aktivinə daha bir uğur yazıldı.
Belə ki, 16 noyabr 2025-ci il tarixində Prezident İlham Əliyevin Özbəkistan Respublikasına səfəri zamanı Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusu verildi.
Prezident İlham Əliyev özü də çıxışında qeyd etdi ki, "Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur".
Bu isə dosta-düşmənə çox dəqiq mesajdır. Yəni ki, Azərbaycan artıq Mərkəzi Asiyada da var.
Bu hadisələrin fonunda vaxtınızı almadan keçirəm İranın niyyətinə.
İranın "Mashregh News" xəbər saytı daş atıb başını tutub ki, bəs Azərbaycanın Zəfər Günü paradında nümayiş etdirilən hərbi texnikaları "sionist rejimi tərəfindən təchiz edilib". Xəbər agentliyi iddia edir ki, Bakı ilə Təl-Əviv arasında geniş ticarət və təhlükəsizlik əlaqələri nəticəsində, builki paradın əsas mövzusunu İsrail istehsalı olan hərbi texnika təşkil edib. (Mənbə: Azad İran).

Bu iddia və xəbərlər də Tehrandakı "mollaların" əmri ilə tirajlanır.
Molla demişkən, İranda yeni trend başlayıb. "Ağalar" indi də Çin dilində azan verirlər məsciddə. Halbuki azanın başqa dillərdə oxunması ümumiyyətlə qəbulolunmaz məqamdır. Bu barədə dini mənbələrdə xeyli məlumatlar var.
İran özünə İslam Respublikası dediyi halda mollalarının Çin dilində azan vermək arzusu hansı ülvi hisslərdən irəli gəlməsi isə, hələ də sirri-xuda olaraq qalır.
Çin dilində verilən azanın videosundan belə görünür ki, insanlar bu tamaşaya xeyli gülüblər. Deyirəm bəlkə yağış yağdırmaq üçün belə yola əl atıblar. Bəlkə buludlar Çin dilini daha yaxşı başa düşür?
Zarafat bir tərəfə, İranda həm də ciddi su problemi mövcuddur.
Ölkə son illərin ən ağır su böhranı yaşanır. İran prezidenti Məsud Pezeşkian bildirib ki, dekabr ayına qədər yağıntı olmasa, hökumət Tehran sakinlərini təxliyə edəcək.
Lakin qeyd etməliyəm ki, bu böhran bir-iki ilin nəticəsi deyil. İllərdir İran hökumətinin apardığı siyasətdir ki, bu gün İran susuz qalıb. Hələ Urmiya gölünün quru(dul)masını demirəm. İran edə biləcəyi hər şeyi etdi ki, Urmiya gölü qurusun. Onun da siyasi məqsədini bilirsiniz. Urmiya gölü əsasən Qərbi Azərbaycan vilayətində yerləşir, bu vilayətdə Azərbaycan türkləri və Kürdlər yaşayır. Məncə nəticəyə özünüz asanlıqla gəldiniz.
İranda su böhranının yaranması fonunda bəzi mənbələr qeyd edirlər ki, İranda xüsusi "su mafiyası" mövcuddur ki, onlar suyu özləri bildiyi kimi idarə edir, hətta xarici dövlətlərə satırlar.
Ya zəlzələdən, ya da vəlvələdən, axır İran quraqlığa qərq olub.
Digər tərəfdən isə deyəsən Allah da əlini İranın üstündən çəkib. Yağış yağmır ki, yağmır.
Deyirəm, İran mollalarının imkanı olsa deyərlər ki, bunu da Bakı edir. Özü də sionistlərdən aldığı silahla. İranın Azərbaycanda sionist izini axtarmaq vərdişi yeni deyil. Hər zaman İranın daxilində vəziyyət gərginləşən kimi molla əmilər günahkar kimi Bakını göstərirlər.
Gah hansısa vilayət mollası Azərbaycanın ünvanına ağlına gələni söyləyir, gah Zəngəzur dəhlizi ilə bağlı sərsəm iddialar səsləndirirlər.
İranın keçmiş XİN rəhbəri Cavad Zərif car çəkir ki, Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir. SEPAH da xatırlayırsınızsa, Azərbaycanla sərhəddə hərbi təlimlər zamanı Araz çayına panton körpülər atmışdı. 44 günlük müharibə dövründə də 30 il Azərbaycanın ərazi bütövlüyünü pozan, işğalçı Ermənistana eninə-boyuna silah-sursat dəstəyi göstərdi.
Bilirəm ki, bu yazını da molla əmilər oxuyacaqlar. Məsləhətim odur ki, siz gedin ən yaxşı bacardığınız "siğə işi" ilə məşğul olun. Nə bilim, üçgünlük, beşgünlük dualar yazın. Ya da "bir alana, ikincisi hədiyyə" kampaniyası keçirin. Azanı Çin, Rus, Fransız dillərinə çevirib oxuyun, amma Azərbaycanın daxili işinə qarışmayın. Bakı Zəfər Günü paradını necə keçirir, kiminlə keçirir, hansı silahları göstərir, bunun sizə heç bir dəxli yoxdur. Bakının hesab verəcəyi ən son adamlar belə siz deyilsiniz!
Yeri gəlmişkən, Bakının səması hələ də 90-cı illərdə Azərbaycanın hava sərhədini həyasızcasına pozan İran qırıcılarının "barmaq silkələməsini" unutmayıb. Bakı nə dostunu, nə də düşmənini heç zaman unutmur.
Elə Xəzər dənizinə "Mazandaran gölü" deməyinizi də.
Nə üçün deməyiniz də. Tarix isə maraqlı fenomendir, onu da hazırda rəsmi Bakı yazır.