Yaxın Şərqdə geosiyasi proseslər son dövrdə yeni dinamika qazanarkən, İran-Səudiyyə Ərəbistanı münasibətlərinin gələcək istiqaməti yenidən diqqət mərkəzinə çevrilib. Xüsusilə ABŞ ilə Səudiyyə Ərəbistanı arasında müzakirə olunan nüvə əməkdaşlığı, bunun müqabilində Amerika Birləşmiş Ştatlarının Ər-Riyadın İsraillə münasibətlərini normallaşdırması üçün "İbrahim sazişləri"nə qoşulmasını tələb etməsi regiondakı güc balansına təsir edə biləcək amillər kimi qiymətləndirilir. Bu kontekstdə İranın mümkün reaksiyası, tərəflər arasında artan gərginliyin çəkindirmə xarakteri daşıyıb-daşımadığı və proseslərin hansı istiqamətdə inkişaf edə biləcəyi suallar yaradır.
Mövzu ilə bağlı Oxu.Az-a danışan Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, regionda artan gərginliyi təkcə İranla Səudiyyə Ərəbistanı arasındakı ikitərəfli münasibətlər kontekstində qiymətləndirmək doğru olmaz:

"Burada əsas məsələ ABŞ-nin Yaxın Şərqdə formalaşdırmağa çalışdığı yeni təhlükəsizlik arxitekturasıdır. Vaşinqtonun Səudiyyə Ərəbistanı ilə nüvə əməkdaşlığı və təhlükəsizlik zəmanətlərini genişləndirmək istəyi, eyni zamanda Ər-Riyadın gələcəkdə İsraillə münasibətlərinin normallaşdırılması perspektivi İran tərəfindən ciddi geosiyasi təhdid kimi qəbul edilir. Bu baxımdan, əgər İranın dəstəklədiyi qüvvələrin Səudiyyə maraqlarına qarşı fəallığı artırsa, bunu müəyyən mənada çəkindirmə strategiyasının elementi kimi də qiymətləndirmək olar. Tehran bununla həm Ər-Riyada, həm də Vaşinqtona mesaj verməyə çalışır ki, İsraillə yaxınlaşma və ABŞ ilə strateji əməkdaşlığın dərinləşməsi regionda təhlükəsizlik risklərini artıracaq. İran uzun illərdir birbaşa müharibədən daha çox proksi qüvvələr vasitəsilə təzyiq göstərmək taktikasına üstünlük verir və hazırkı proseslər də bu yanaşmaya uyğun görünür".
"Bununla yanaşı, Səudiyyə Ərəbistanının da genişmiqyaslı hərbi qarşıdurmada maraqlı olduğunu düşünmürəm. Ölkə hazırda iqtisadi transformasiya proqramlarını həyata keçirir və sabit regional mühitə ehtiyac duyur. Buna görə Ər-Riyad həm ABŞ ilə strateji tərəfdaşlığını gücləndirməyə, həm də İranla münasibətləri tamamilə qoparmamağa çalışır. Hazırkı mərhələdə ən real ssenari birbaşa İran-Səudiyyə müharibəsi deyil, proksi qarşıdurmaların və qarşılıqlı çəkindirmə siyasətinin davam etməsidir. Əgər ABŞ ilə Səudiyyə arasında nüvə və təhlükəsizlik sahəsində əməkdaşlıq dərinləşər, eyni zamanda İsraillə normallaşma istiqamətində konkret addımlar atılarsa, İranın regiondakı müttəfiqləri vasitəsilə təzyiqi artırmaq ehtimalı yüksələcək. Lakin bütün tərəflər genişmiqyaslı müharibənin siyasi və iqtisadi nəticələrinin çox ağır olacağını bildiyi üçün prosesin hələlik nəzarət olunan gərginlik şəraitində davam etməsi daha real görünür. Bu səbəbdən yaxın perspektivdə Yaxın Şərqdə əsas mübarizə birbaşa dövlətlər arasında deyil, geosiyasi təsir uğrunda dolayı qarşıdurmalar və çəkindirmə strategiyaları üzərindən davam edəcək", - deyə ekspert vurğulayıb.