İqtisadi böhran, siyasi məhdudiyyətlər, insan hüquqları ilə bağlı beynəlxalq tənqidlər və cəmiyyətdə yığılıb qalan narazılıqlar fonunda İran mediasında Azərbaycanı hədəfə alan materialların yayılması diqqət çəkir. Zaman-zaman Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən İranın "Sahar Azəri" telekanalı indi də ölkəmizin daxili məsələlərinə müdaxilə etməyə çalışır. Kanal Azərbaycanda hicab məsələsini qabardaraq cəmiyyətdə narazılıq yaratmağa, mövcud həssaslıqlardan siyasi məqsədlər üçün istifadə etməyə, cəmiyyətdə narazılıq yaratmağa çalışır. Belə ki, sözügedən media orqanı bu dəfə Türkiyənin Diyarbəkir şəhərində keçirilən dini tədbiri Azərbaycanla əlaqələndirib, bunu ölkəmizdə keçirilən etiraz aksiyası kimi qələmə verib.

Axı öz daxilində ciddi siyasi, iqtisadi və sosial problemlərlə üzləşən, vətəndaşlarının hüquq və azadlıqlarına münasibətinə görə beynəlxalq səviyyədə dəfələrlə tənqid olunan bir ölkənin mediasında diqqətin qonşu Azərbaycandakı həssas məsələlərə yönəldilməsi heç bir halda qəbul edilən ittiham deyil. İllərdir iqtisadi məhdudiyyətlərin, siyasi nəzarətin və sosial problemlərin təzyiqi altında yaşayan İran cəmiyyətinin qarşılaşdığı çətinliklər ortadadır. Buna baxmayaraq, Azərbaycanla bağlı mübahisəli informasiya materiallarının yayılması Tehranın riyakar simasını bir daha ortaya qoyur. Çünki hadisələrin yanlış təqdim edilməsi, faktların kontekstdən çıxarılması və dini mövzulara siyasi don geyindirib təqdim edilməsi, planlaşdırılmış fitnənin tərkib hissəsidir. Bütün bunların fonunda da haqlı sual yaranır: İran öz daxilindəki problemlərə niyə eyni həssaslıqla yanaşmır? İranda uzun illərdir siyasi ifadə azadlığı, sərbəst toplaşmaq hüququ, jurnalistlərin fəaliyyəti və qadınların hüquqları ilə bağlı ciddi narahatlıqlar mövcuddur. İnsan hüquqları təşkilatlarının hesabatlarında hakimiyyətin tənqidçilərə, fəallara, jurnalistlərə və qadın hüquqları müdafiəçilərinə qarşı təzyiqləri, hətta onların həbsxanalarda amansız rəftara məruz qalaraq edam edilməsi dəfələrlə sənədləşdirilib, faktlarla öz təasdiqini tapıb.
Məsələn, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurası 24 noyabr 2022-ci ildə İran İslam Respublikasında insan hüquqlarının pisləşməsi ilə bağlı qətnaməsində İran İslam Respublikası üzrə müstəqil beynəlxalq faktaraşdırıcı missiya yaratmaq qərarına gəlib. 4 aprel 2024-cü il tarixində isə Şura digər qətnaməsində Faktaraşdırı Missiyanın mandatının daha bir il uzadılmasına səs verib. 2025-ci ilin aprelində isə Şura qətnaməsində Faktaraşdırıcı Missiyanın mandatını yenidən daha bir il uzadıb. 2026-cı ilin yanvar ayında da Şura Faktaraşdırıcı Missiyanın mandatını daha iki il uzadıb və tələb edib ki, 28 dekabr 2025-ci ildə başlayan etirazlarla bağlı son və davam edən ciddi insan haqları pozuntuları və sui-istifadə halları, eləcə də törədilən cinayətlər barədə iddialarla bağlı təcili araşdırma aparılsın, o cümlədən mandatına uyğun olaraq gələcəkdə baş verə biləcək məhkəmə prosesləri üçün araşdırma aparılsın, Şuranın 63-cü sessiyasında interaktiv dialoq zamanı tapıntıları barədə hesabat təqdim edilsin, həmçinin, BMT Baş Assambleyanın 81-ci sessiyasında (2026-cı il) İran İslam Respublikasında insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçi ilə birgə interaktiv dialoq zamanı Baş Assambleyaya şifahi məlumat təqdim edilsin, eləcə də interaktiv dialoq zamanı Şuraya 64-cü (fevral-aprel 2027) və 67-ci (fevral-aprel 2028) sessiyalarında hesabat təqdim edilsin. Baş Assambleyanın 81-ci (2026) və 82-ci (2027) sessiyalarında mandatın icrası ilə bağlı şifahi yeniləmə təqdim edilsin və sonra interaktiv dialoq aparılsın.

Bu faktlar İranın öz daxilində dini və ictimai məsələlərə münasibəti ilə bağlı ciddi suallar yaradır. Təkcə, İranda keçirilən etirazların xronologiyasına, yəni zorakılıqla çalxalanan son 47 ilə nəzər salsaq, bu gün İranda səslənən etirazların onilliklər boyu yığılıb qalmış siyasi, iqtisadi və sosial böhranın açıq təzahürü olduğunu görə bilərik. Hələ, 1979-cu ilin yanvar-fevral aylarında milyonlarla insanın iştirakı ilə şah rejimi devrilib İran İslam Respublikası qurulandan sonra həm də əks-inqilaba gedən prosesin təməli qoyuldu. Əbəs deyil ki, inqilabdan çox keçməmiş qadınlar məcburi hicab qərarına qarşı küçələrə çıxdılar. Bu etirazlar zorakılıqla yatırıldı və yeni sistemin narazı xalq ilə münasibətinin ilk siqnalı oldu. Beləliklə, 1979-cu il İslam İnqilabından sonra İran cəmiyyəti dəfələrlə kütləvi etirazlara həm səbəb, həm də şahid oldu. Təsəvvür edin, inqilabdan cəmi bir neçə həftə sonra Xomeyni rejiminin təyin etdiyi hökumətə qarşı kütləvi nümayişlər keçirilməyə başlandı. Etirazlar bir neçə həftə davam etsə də, nəticədə Xomeyni tərəfdarları tərəfindən zorakılıq və hədə-qorxu ilə yatırıldı.

1981-ci ilin 20 iyununda İran Xalq Mücahidləri tərəfindən ovaxtkı prezident Əbülhəsən Bənisədrin impiçmentinə cavab olaraq İranın müxtəlif şəhərlərində rejim əleyhinə etirazlar təşkil edildi. Ruhanilər nümayişçiləri xəyanət və din düşmənçiliyi ittihamı ilə edam ediləcəklərini bildirdilər. Çox sayda etirazçı öldürüldü, yaralandı və həbs edildi. 1981-ci ilin 28 iyununda isə İran İslam Respublikası Partiyasının liderləri partiyanın Tehrandakı qərargahında görüşərkən güclü partlayış baş verdi və partiya nümayəndələrindən 73-ü, o cümlədən İran məhkəmə sisteminin başında olan və Ruhullah Xomeynidən sonra İran İslam İnqilabının ən güclü şəxsiyyəti kimi göstərilən Məhəmməd Behişti də həmin hücum zamanı öldürüldü. Hadisədən iki sonra Ruhullah Xomeyni bu hadisənin səkkiz gün əvvəl aksiyalar təşkil edən İran Xalq Mücahidləri Təşkilatı tərəfindən həyata keçirildiyini bildirərək, başçılıq etdiyi teokratik hökumət üçün bu hadisələri fürsət bilib müxalif qrupları bir-bir ləğv edib bütün siyasi qüvvələri birləşdirirdi. Xalq Mücahidləri Təşkilatı qruplaşmaları da aradan qaldırılırdı.
1999-cu ildə isə Tehran Universitetində başlayan tələbə etirazları da təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə yatırıldı və çoxlu yaralanma, həbs və zorakılıqla nəticələndi. Buna baxmayaraq, tələbə etirazları on ildən sonra, 2009-cu ildə "Yaşıllar hərəkatı"nın təməlini qoydu. Bu hərəkat özünün zirvəsinə çatdı və İranın əsrlər boyu davam edən demokratiya axtarışının və dinc dəyişiklik istəyinin puç olmuş arzularını özündə təcəssüm etdirməyə başladı. Lakin 2010-cu ilin əvvəllərində rejim nümayişləri zorakılıqla yatırmağa müvəffəq oldu. Nəticədə onlarla etirazçı öldürüldü, yaralandı və həbs edildi.

2017-ci ildə isə İranın ikinci ən böyük şəhəri olan Məşhəddə nümayişçilər hökumətin iqtisadi siyasətinə, eyni zamanda, əsas malların yüksək qiymətlərinə etiraz etmək üçün küçələrə çıxdılar. Nümayişlər tez bir zamanda ölkə daxilində hər əyalətdə 100-dən çox şəhərə yayıldı. Etirazların əhatə dairəsi iqtisadi çətinliklərdən İranın Yaxın Şərqdəki iştirakına və rejim dəyişikliyinə çağırışlara qədər genişləndi. Etirazlar 2009-cu il "Yaşıllar hərəkatı"ndan bəri ən böyük və ən gərgin əyani narazılıq idi. Lakin iki həftəlik aksiyalardan sonra yenə də onlarla etirazçı öldürüldü və minlərlə insan saxlanıldı.
İslam Respublikasının təməl qaydalarında dəyişikliyə səbəb olan hadisələrdən biri isə 22 yaşlı kürdəsilli Məhsa Əmininin 2022-ci ildə Tehran şəhərində əxlaq polisi tərəfindən öldürülməsindən sonra başladı. Onun ölümünə etiraz olaraq insanlara küçələrə axışdılar. Etirazçılar 2023-cü ilin əvvəllərinə qədər davam edən ümumxalq nümayişləri zamanı Ali Rəhbər ayətullah Əli Xameneini nəzərdə tutaraq "Qadın, Həyat, Azadlıq" və "Diktatora ölüm!" şüarları səsləndirdilər. Bu dəfə də təhlükəsizlik qüvvələri nümayişçilərə zorakılıq tətbiq edib, ölənlər, yaralananlar və saxlanılanlar olub. 2026-cı ildən etibarən isə iqtisadi vəziyyətin ağırlaşmasına qarşı yeni etirazlar başladı. Minlərlə etirazçının öldürüldüyü, yaralandığı və saxlanıldığı mitinqlərdə hakimiyyət nəzarəti əldə saxlamaq üçün sərt qaydalara əl atdı.

Lakin İranın qarşılaşdığı problemlər yalnız siyasi azadlıqlarla məhdudlaşmır. Ölkə uzun illərdir beynəlxalq sanksiyaların, struktur iqtisadi çətinliklərin, inflyasiyanın və investisiya məhdudiyyətlərinin təsiri ilə üzləşir. Bu amillər əhalinin alıcılıq qabiliyyətinə, biznes mühitinə və iqtisadi inkişaf imkanlarına təzyiq göstərir. Bütün bunların nəticəsində adi vətəndaşların qarşısında qiymət artımı, gəlirlərin dəyərdən düşməsi, iş imkanları və gələcəyə inam kimi problemlər dayanır. Belə şəraitdə dövlətin əsas prioriteti əhalinin sosial rifahının yaxşılaşdırılması, iqtisadi sabitliyin möhkəmləndirilməsi və vətəndaşların hüquqlarının qorunması olmalıdır, başqa ölkələrin daxili işinə burun soxmaq yox. Lakin İranın xarici siyasəti nə sağlam münasibətlər, nə də buna doğru cəhdlər üzərində qurulub, Tehran uzun müddətdir müxtəlif ölkələrlə gərginlik, münaqişələr və sanksiyalarla müşayiət olunur. Bu vəziyyət ölkənin beynəlxalq iqtisadi əlaqələrinə və regional münasibətlərinə təsir göstərib. İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin çıxışı bu istiqamətdə yerinə düşər:
"Biz Azərbaycana təhdidyönümlü düşüncə tərzi ilə baxırıq. Ermənistana da bu cür baxırıq, baxmayaraq ki, bir az daha az. Tacikistan, Türkmənistan - hamısını təhdid kimi görürük. Hər şeyi təhdid kimi görürük. Hicabı müdafiə səngəri kimi görürük. Sosial məsələ necə hərbi məsələyə çevrilir? Çünki biz onu təhdid kimi görürük. Bu problemdən çıxmaq üçün düşüncə tərzimizi dəyişdirməliyik. Təhdidyönümlü yanaşmamızı fürsətyönümlü yanaşmaya çevirməliyik".
Bir sözlə, Azərbaycanın daxili məsələləri barədə müzakirələr aparmaq nəinki heç bir xarici media qurumunun, üstəlik heç bir dövlətin işi deyil. Tehranla Bakı arasında münasibətlər qarşılıqlı hörmətə və suverenliyə əsaslanmalıdır. Qonşuluq və dini-mədəni yaxınlıq barədə bəyanatlar səsləndirildiyi halda, informasiya mühitində yayılan materiallar da həmin prinsiplərlə uzlaşmalıdır.