İranın Azərbaycandakı keçmiş səfiri, hazırda Prezident Administrasiyasının protokol və rəsmi tədbirlər üzrə müavini Seyid Abbas Musəvi Zəngəzur dəhlizi ilə bağlı növbəti dəfə mübahisəli açıqlamalar verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
SNN telekanalına müsahibəsində Musəvi bildirib ki, İran regionda geosiyasi sərhədlərin dəyişdirilməsini qəbul etmir.
O, "Qafqaz bizim evimizdir" ifadəsini işlədərək, bu bölgənin İran üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və Qafqazın tarixən İranın təsir və sivilizasiya arealının bir hissəsi olduğunu iddia edib. Musəvinin sözlərinə görə, məhz buna görə Tehran Cənubi Qafqazda baş verən proseslərə Türkiyə və Rusiyadan daha həssas yanaşır.
Keçmiş səfir Zəngəzur dəhlizi ətrafında aparılan müzakirələrə də toxunaraq hazırkı prosesdə Ermənistan və ABŞ-nin daha fəal rol oynadığını, "Azərbaycanın isə kənarda qaldığını" iddia edib. O, bəzi dairələrdə marşrutun "Tramp marşrutu" adlandırılmasına da istehzalı münasibət bildirib.
"Tramp getdiyi hər yerə öz adını verir", - deyə Musəvi qeyd edib.
O həmçinin İran-Ermənistan münasibətlərini müsbət qiymətləndirərək ABŞ şirkətlərinin İran sərhədləri yaxınlığında fəaliyyət göstərməsinin Tehran üçün qəbuledilməz olduğunu vurğulayıb.
"ABŞ şirkətlərinin İran sərhədi yaxınlığında fəaliyyət göstərməsi qəbuledilməzdir. Amerikalıların münasibətlərin korlanmasında və bölgədə fikir ayrılıqlarının yaradılmasında uzun keçmişi var", - deyə Musəvi bildirib.