İran son günlər həm diplomatik kanalları, həm də hökumətin nəzarətindəki media resurslarını işə salaraq Cənubi Qafqaza, xüsusən də Azərbaycana qarşı növbəti hücum kampaniyasına başlayıb. Tehrandakı hərbi-siyasi elita regiondakı yeni reallıqları həzm edə bilmədiyini artıq gizlətmir də. Diplomatik etiketləri tamamilə kənara qoyan molla rejimi yenə köhnə "val"ı fırladır: "Bölgədə geosiyasi sərhədlərin dəyişməsinə imkan verməyəcəyik". Bəs bu bəyanatların arxasında dayanan əsl riyakarlıq nədən ibarətdir?
İranın Azərbaycandakı keçmiş səfiri, hazırda Prezident Administrasiyasının protokol və rəsmi tədbirlər üzrə müavini Seyid Abbas Musəvinin səsləndirdiyi "Qafqaz bizim evimizdir, kənar qüvvələrin bura gəlişi sabitliyi pozur" tezisi sadəcə geosiyasi eqoizmdən başqa bir şey deyil. Adamdan soruşarlar: Azərbaycan torpaqları 30 il boyunca işğal altında qalanda, məscidlərimizdə donuz saxlanılanda, şəhərlərimiz yerlə-yeksan ediləndə bu bölgə İranın "evi" deyildimi? Bəsirət gözü niyə tutulmuşdu?
Həmin illərdə işğalçı Ermənistanı yanacaq və logistika ilə təmin edən elə məhz Tehran rejimi idi. İndi isə durub regionda sülhün və sabitliyin keşikçisi rolunu oynayırlar. Azərbaycanın öz gücü hesabına torpaqlarını azad etməsi və Zəngəzur dəhlizi layihəsi Tehranı ciddi şəkildə təşvişə salıb. Çünki regional layihələr reallaşsa, İranın bölgədəki iqtisadi və siyasi rıçaqları sıfırlanacaq. Maraq budur, qalan hər şey bəhanədir.
İran mediasının yaydığı pərdəarxası təhdidlər, xüsusən də İrəvana yönələn "Yaxın Şərqdə addımlarımızı görməyibsinizsə, itirən tərəf olarsınız" eyhamları, əslində, Tehranın Ermənistandan tam itaət tələb etdiyini göstərir. Burada isə ortalığa dəhşətli bir ziddiyyət çıxır.
İran hər addımda Qərbi, ABŞ və Fransanı özünün "əzəli düşməni" elan edir. Amma eyni İran regiona Avropa İttifaqının casus missiyasını, ABŞ hərbçilərini və Fransanın silahlarını dolduran Ermənistan rejimini qucaqlamaqdan da çəkinmir. İrəvanın bu addımlarına göz yuman Tehran, nədənsə bütün aqressiyasını regiona yalnız iqtisadi tərəfdaşlıq və sabitlik təklif edən Azərbaycana qarşı yönəldir. Bu, sadəcə siyasi korluq deyil. Bu, Azərbaycana qarşı bəslənən tarixi qısqanclığın təzahürüdür.
İranın son dövrlər daxili auditoriyaya hesablanmış bu hərəkətliliyi, əslində, öz zəifliyini gizlətmək cəhdidir. Yaxın Şərqdə proksi qüvvələri iflasa uğrayan, daxildə isə sosial-iqtisadi böhranla boğuşan rejim diqqəti daxili xaosdan yayındırmaq üçün qonşularına qarşı vaxtaşırı hədyanlar yağdırır.
Amma bir şeyi unudurlar: qarşılarında artıq ötən əsrin 90-cı illərinin zəif, parçalanmış Azərbaycanı yoxdur. Bu gün Bakı regional güc mərkəzidir. Azərbaycanın güclü ordusu, Türkiyə başda olmaqla sarsılmaz müttəfiqləri və ən əsası, qətiyyətli rəhbərliyi var. Tehranın hədə-qorxu dolu ritorikası rəsmi Bakının müstəqil siyasətini və milli maraqlarını qorumaq iradəsini bir addım da geri sala bilməz.
Tehran rejimi anlamalıdır ki, Cənubi Qafqazın taleyi onun köhnəlmiş imperiya ambisiyaları ilə deyil, region ölkələrinin suveren hüquqları və formalaşan yeni geosiyasi reallıqlar əsasında qurulur.