Böyük Britaniya, Almaniya, İtaliya və Fransa Tehranın nüvə fəaliyyətini tam şəffaf şəkildə həyata keçirəcəyi təqdirdə ona qarşı tətbiq edilən sanksiyaların ləğvinə hazır olduqlarını bildiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, sözügedən dörd ölkənin liderləri İranla ABŞ arasında əldə olunan razılaşmanı müsbət qiymətləndirərək müştərək bəyanatla çıxış ediblər. Sənəddə qeyd olunur ki, "Dördlər qrupu" ölkələri İranın öz nüvə proqramı çərçivəsində atacağı aydın və yoxlanılabilən addımlarına cavab olaraq məhdudiyyətləri aradan qaldırmaq niyyətindədir. Böyük Britaniya, Almaniya, İtaliya və Fransa rəhbərləri Tehranın nüvə silahına əldə etməsinin qarşısını almaq məqsədilə ABŞ, İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirdiklərini vurğulayıblar.
Qeyd edək ki, ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistanın rəsmi şəxsləri Vaşinqtonla Tehran arasında razılaşmanın əldə olunduğunu təsdiqləyiblər. Sənədin iyunun 19-da Cenevrə şəhərində imzalanması planlaşdırılır.