Rusiya və ABŞ ikitərəfli diplomatik münasibətlərdəki qıcıq doğuran məsələlərin aradan qaldırılması ilə bağlı yeni görüşün təşkili planlarını müzakirə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin İstanbulda keçirilmiş Rusiya-Amerika məsləhətləşmələrinin yekunlarına dair məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, yeni görüşün tarixi və yeri, eləcə də iştirakçıların tərkibi daha sonra müəyyənləşdiriləcək. Dövlət Departamenti vurğulayıb ki, məsləhətləşmələrin indiki raundu tərəflərin konstruktiv yanaşmalarını qoruduqlarını göstərib:
"Nümayəndə heyətləri diplomatik nümayəndəliklərin işinə dəstək verən bank xidmətlərinin göstərilməsi imkanlarını müzakirə ediblər".
İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında iki ölkə əlaqələrinin normallaşdırılmasını müzakirə etmək üçün aparılan danışıqların ikinci raundu başa çatıb.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, danışıqlar beş saat yarım davam edib.
Qeyd edilir ki, görüşün keçirildiyi Rusiya Baş Konsulluğunu ilk olaraq Amerika nümayəndə heyəti tərk edib.
İstanbulda Bakı vaxtı ilə 11:00-da Rusiya və ABŞ nümayəndə heyətləri arasında iki ölkə əlaqələrinin normallaşdırılmasını müzakirə etmək üçün aparılan danışıqların ikinci raundu başlayıb.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.
Bildirilib ki, danışıqlar qapalı formatda keçirilir.
Məlumat üçün əlavə edək ki, əvvəlki Rusiya-ABŞ məsləhətləşmələri də fevralın 27-də İstanbulda keçirilmişdi.