Biz Zati-alinizə, eləcə də ölkənizə - Azərbaycana böyük diqqətlə və böyük ümidlə yanaşırıq. Zati-aliləri, Sizin rəhbərlik keyfiyyətlərinizdə bir çox məqamları qeyd edirəm, necə ki, atanızın, - Allah ona rəhmət etsin, - timsalında gördüyüm kimi, güclü ölkəni qurmaq əzmkarlığını Sizdə də görürəm. Həmçinin rəhbərliyiniz altında Azərbaycanın irəli sürdüyü bir çox təşəbbüsləri də vurğulamaq istəyirəm.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bunu aprelin 6-da Ciddədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni bildirib.
Baş katib qeyd edib ki, Bakıya, Azərbaycana səfər edən hər kəs əvvəlki vəziyyəti indiki ilə müqayisə etdikdə ölkədəki tərəqqini, irəliləyişi dərhal görür.
“Bu işlər ölkənin mənafeyinə, tarixinə və özünəməxsusluğuna uyğun olaraq davam edir.
Eyni zamanda, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının istər siyasi, istər iqtisadi, istərsə də əlaqələrimizi möhkəmləndirdiyimiz digər sahələrdə dəstəklənməsində hər zaman tutduğu mövqeyinə görə olduqca minnətdarıq. Zati-aliləri, icazənizlə bir neçə misal gətirim. Tədbirlərə gəldikdə, Bakı bu yaxınlarda İƏT əmək nazirlərinin görüşünü təşkil etmişdir. Daha sonra, təşkilatımızın turizm nazirlərinin toplantısını qəbul etdi. Bundan əlavə, İƏT-ə üzv olan dövlətlərdə islam ənənələri və dəyərlərinə uyğun olaraq, qadınların oynadığı rolun daha da gücləndirilməsi mövzusunda mühüm görüş keçirilib”, - deyə, İyad bin Amin Mədəni bildirib.
Onun sözlərinə görə, “Azərbaycan əsas məsələmizə, işimizə - fələstinli qardaşlarımızın dəstəklənməsinə sadiqliyini nümayiş etdirib”.
“Burada həm siyasi dəstək, siyasi təsisatlara dəstək, həm Qüdsün, Qəzzanın və bütün işğal edilmiş ərazilərin əhalisinə göstərilən birbaşa yardım nəzərdə tutulur.
Zati-aliləri, həmçinin bilirik ki, ölkələrimizin əhalisinin əsas hissəsi gənclərdir. Bu sahədə Azərbaycanın irəli sürdüyü təşəbbüslər nümunəvidir və gənclərə hansı şəkildə yanaşmanın nümunəsi ola bilər. Zati-aliləri, gənclərdə gələcəyə ümidin, inamın olması çox mühüm məsələdir. Hər hansı mənfi, radikal ünsürlərə onların daxilində müqavimət olmalıdır.
Zati-aliləri, bütün bunları biz Azərbaycanın yanaşmasında, onun özünəməxsusluğunda görürük. Ölkəniz İslam dininin yayıldığı ölkədir. Ölkəniz, həmçinin bəşəriyyətin qədim beşiyi olub. Əldə edilmiş arxeoloji tapıntılar da buna dəlalət edir. Cənab Prezident, Azərbaycan Asiya ilə Avropa arasında körpüdür. Ölkəniz, həmçinin ən qədim vaxtlardan neft ilə zəngin ölkə olub. Bu səbəbdən, burada Siz özünüzü evinizdəki kimi hiss etməlisiniz”, - deyə, o, vurğulayıb.
Baş katib həmçinin bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi zamanı tutduğu mövqeyinə görə minnətdarıq.
“Burada, həmçinin işgüzar və bank dairələrinin nümayəndələri əyləşiblər. Ümid edirəm ki, bu səfər onların arasında fikir mübadiləsi üçün fürsət yaratdı.
Cənab Prezident, verdiyiniz töhfəyə görə İslam Əməkdaşlıq Təşkilatı və üzv dövlətlər adından minnətdarlığımı bildirirəm. Üzv dövlətlər arasında sərmayələr artmalıdır. Bir sözlə, işləmək, fikir mübadiləsi aparmaq üçün imkanlar genişdir. İƏT-in üzvü olan dövlətlər arasında eyni layihələr və investorlarla rəqabətə girmək yox, əvəzləmə prinsipi əsasında çalışmalıyıq.
Biz, həmçinin Əlahəzrət Şahzadəni burada salamlayırıq. Bizim üçün çox xoşdur ki, o, dəvətimizi qəbul edib, bu gün bizimlə buradadır. Bu, bir daha onu göstərir ki, Səudiyyə Ərəbistanı Azərbaycana xüsusi əhəmiyyət verir”, - deyə, İyad bin Amin Mədəni vurğulayıb.