Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kolumbiyada qanlı münaqişə: Prezident fövqəladə vəziyyət elan etdi
Kolumbiya prezidenti Qustavo Petro ölkənin şimalında silahlı qruplaşmalar arasında toqquşmalar səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə dövlət başçısı özünün sosial şəbəkə hesabından paylaşım edib.
"Daxili iğtişaşlar səbəbindən xüsusi vəziyyət və iqtisadi sahədə fövqəladə vəziyyət elan edilir. Ümid edirəm ki, məhkəmə hakimiyyəti dəstəkləyəcək", - deyə o, "X" hesabında yazıb.
Qeyd edək ki, yanvarın 17-də Petro Katatumbo bölgəsində "Kolumbiya İnqilabçı Silahlı Qüvvələri"nin (FARC) keçmiş üzvləri tərəfindən yaradılmış digər silahlı qruplarla toqquşmaları səbəbindən "Milli Azadlıq Ordusu" (ELN) üsyançıları ilə sülh danışıqlarını dayandırdığını elan edib. Zorakılıq nəticəsində onlarla insan həlak olub, 10 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Bir neçə min nəfərdən ibarət olan ELN 2016-cı ildə hökumətin FARC ilə sülh sazişi imzalamasından sonra ölkədə yeganə böyük üsyançı qruplaşma olaraq qalır. Bu sənəd yarım əsrdən çox davam edən və 250 mindən çox insanın həyatı hesabına başa gələn qanlı münaqişəyə son qoyub. 2022-ci ilin noyabrında hakimiyyət ELN ilə dialoqa başladığını elan edib. Dialoq prosesi bir neçə dəfə dayandırılıb və yenidən bərpa edilib.