Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Könül Nurullayevanın seçki qərargahının yaradılması ilə bağlı iclas keçirilib - FOTO
Bu gün 24 saylı Nizami birinci seçki dairəsindən bu ilin fevralın 9-da Milli Məclisə seçkilərdə iştirak etmək üçün öz təşəbbüsü ilə deputatlığa namizədliyi irəli sürülmüş Nurullayeva Könül Oruc qızının aktiv seçki kampaniyasının aparılması ilə əlaqədar olaraq seçki qərargahının yaradılması və təşkilati işlərlə bağlı iclas keçirilib.
“Report” xəbər verir ki, tədbirdə tanınmış ictimai-siyasi xadimlər, ağsaqqallar, veteranlar, şəhid ailələri, Nizami rayon sakinləri, ziyalılar və digər şəxslər iştirak ediblər.
Tədbirdə 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Könül Nurullayeva qonaqları salamlayıb, onlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, bu ilin fevralın 9-da Milli Məclisə seçkilərdə iştirak etmək üçün öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.
Daha sonra çıxış edən seçki qərargahının rəhbəri Sabit Mahmudov əvvəlcə Könül Nurullayevaya uğurlar arzulayıb. O qeyd edib ki, K.Nurullayevanın aktiv seçki kampaniyası uğurla həyata keçirilir. Belə ki, K.Nurullayevanın imzatoplama kampaniyası çərçivəsində könüllülər ona böyük dəstək göstəriblər. Onların dəstəyi ilə lazım olan imzalar 24 saylı Nizami birinci seçki dairəsindən toplanaraq dairə seçki komissiyasına təqdim edilib. S.Mahmudov bildirib ki, seçki qərargahının yaradılmasında əsas məqsəd qanunvericiliyə uyğun olaraq yanvarın 17-dən etibarən aktiv seçki və təbliğat-təşviqat kampaniyasının aparılmasıdır.
Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev də tədbirdə çıxış edib. O, K.Nurullayevanın namizədliyini dəstəklədiyini və onun millət vəkili üçün gərəkli olan kriteriyalara cavab verdiyini bildirib. Mayıl Əliyev K.Nurullayevaya uğurlar arzulayıb.
Daha sonra tədbirdə iştirak edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri Məhi Mehdiyev, Azərbaycan Rus İcması Nizami rayon təşkilatının sədri, Milli Qəhrəman Yuri Kovolyovun qardaşı Vitaliy Kovolyov və digər tanınmış şəxslər çıxış edərək, namizədə uğurlar arzulayıblar, onun parlamentdə təmsil olunmasının xalqa faydalı olacağını bildiriblər.
Qeyd edək ki, Nurullayeva Könül Oruc qızı 1985-ci il dekabrın 1-də Bakı şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Respublikasının Dillər Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinə daxil olub, 2008-ci ildə həmin universiteti qırmızı diplomla bitirib. “Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin xüsüsi məsləhətçisi və Direktorlar şurasının üzvü olmaqla 56 medal qazanaraq 2-ci yerdə qərarlaşan Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. 2013-cü ildə isə Dillər Universitetində magistir pilləsini bitirib. Hazırda Tarix İnstitunda fəlsəfə elmləri namizədliyi üzərində çalışır. 2019-cu ilin sentyabr ayından isə İsveçrənin Biznes Kollecində magistr pilləsi üzrə distansion təhsil alır. Ailəlidir, 1 övladı var.