Vasitəçilərin sayəsində Bakı və Yerevan bir çox mübahisəli məqamlarla bağlı mövqelərini yaxınlaşdırmağa nail olub.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Bakinskiy raboçiy” qəzetində iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunan məqaləsində bildirib.
“Regiona sülhün və sakitliyin qayıtmasında, insanların ölməməsində, sərhədlərin açılmasında, iqtisadi mübadilənin bərpa olunmasında maraqlıyıq. Bunun üçün mümkün olanı edirik. Vasitəçilik missiyasını tək, eləcə də ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri olan ABŞ və Fransa ilə birgə həyata keçiririk. Vasitəçilərin sayəsində tərəflər bir çox mübahisəli məqamlarla bağlı mövqelərini yaxınlaşdırmağa nail olublar. Əsasən, münaqişənin nizamlanmasının baza prinsipləri razılaşdırılıb”, - Lavrov vurğulayıb.
Bununla yanaşı, Lavrov Azərbaycan və Ermənistanın bunun həyata keçirilməsi ardıcıllığını fərqli gördüklərini qeyd edib. “Bununla əlaqədar bizim vəzifəmiz tərəflərə balanslı həlli tapmağa kömək etməkdən ibarətdir. Bakı və Yerevan qarşılıqlı güzəştə hazır olmaları barədə siyasi iradə göstərə biləcək. Bu, danışıqlar prosesinin nəticəli olması üçün vacibdir”.
Onun sözlərinə görə, irəliyə getməyin əsas şərti münaqişə zonasında gərginliyin azaldılması, münaqişənin silahlı yolla həllindən imtina etməkdir. “Rusiya da öz növbəsində bütün cəlb olunmuş tərəfləri qane edən problemin həlli variantını dəstəkləməyə, razılıq əldə olunacağı təqdirdə, digər vasitəçilərlə birlikdə nizamlanmanın zəmanətçisi olmağa hazırdır”.
N.О.
www.oxu.az