Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Lukaşenkodan izah? Paşinyanın növbəti lətifəsi - ŞƏRH
Bir müddət əvvəl Nikol Paşinyan Rusiyanın Azərbaycana silah satması ilə bağlı Putindən izah tələb etmişdi. İndi isə o, Lukaşenkodan nəsə tələb edir. O, daim kimdənsə nəsə tələb edir.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının eksperti, politoloq Zaur Məmmədov Ermənistan baş nazirinin vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyanın Belarus prezidenti Aleksandr Lukaşenkodan izah tələb etmək niyyətinə münasibət bildirərkən deyib.
Ekspert bu bəyanatı Ermənistan hökumət başçısının növbəti “siyasi lətifə”si adlandırıb.
Azərbaycanlı politoloqun sözlərinə görə, hər şey Ermənistan Xarici İşlər Nazirliyinin A.Lukaşenkonu siyasi qeyri-dəqiqlikdə ittiham etməsi ilə başlayıb və nazirlik unudub ki, o, başqa ölkənin prezidentinin fikirlərini şərh etmək iqtidarında deyil.
“Əslində, bu, adi haldır, prezidentlər səfirlərlə görüşərək, aktual regional və beynəlxalq problemləri müzakirə edirlər. Belarus prezidenti də səfirlə azərbaycanlı həmkarının Minskə səfərindən əvvəl görüşüb. İki ölkə arasındakı gündəm genişdir, KTMT ilə bağlı məsələyə isə sadəcə toxunuldu, erməni tərəfi bu müzakirələri şişirdərək, elə təqdim etdi ki, guya bu, müzakirə edilən əsas məsələ olub”, - müsahibimiz qeyd edib.
Onun sözlərinə görə, dünya ictimaiyyətinin Ermənistan ətrafındakı vəziyyətə baxması kifayətdir – bu ölkənin praktiki olaraq, regiondakı İran istisna olmaqla, bütün respublikalara ərazi iddiası var.
Xatırladaq ki, Ermənistan baş nazirinin vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyan bəyan edib ki, Belarus prezidenti A.Lukaşenkodan izah tələb edəcək. O əmindir ki, Belarus prezidenti KTMT-nin bağlı iclasındakı məsələləri birliyə üzv olmayan ölkələrlə müzakirə edə bilməz.
Ə.Ş.
www.oxu.az