Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşezlə görüşüb.
Heydər Əliyev Fondundan Oxu.Az-a verilən məlumatına görə, M. Əliyeva Azərbaycanla Fransa arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini, hər iki ölkənin dövlət başçılarının yüksək səviyyəli görüşlərinin bu əlaqələrin daha da möhkəmlənməsinə töhfə olduğunu bildirib.
Azərbaycanda çoxlu sayda Fransa şirkətlərinin fəaliyyət göstərdiyini qeyd edən M. Əliyeva humanitar sahədəki əməkdaşlığı xüsusi vurğulayıb. Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva, eyni zamanda, Azərbaycan və Fransa qanunverici orqanları arasında yaxşı əlaqələrin qurulduğunu diqqətə çatdırıb.
Heydər Əliyev Fondunun prezidenti Fondun dəstəyi və təşəbbüsü ilə Fransada bir çox layihələr reallaşdırıldığını, bu layihələrin xalqlarımızın daha da yaxınlaşmasına xidmət etdiyini vurğulayıb. M. Əliyeva O. Buşezin dəstəyi ilə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.
Azərbaycanın birinci xanımı ilə görüşməkdən şərəf duyduğunu deyən Fransanın ölkəmizdəki diplomatik missiyasının rəhbəri Azərbaycan-Fransa münasibətlərinin güclü olduğunu, iki ölkə arasında inkişaf etməyən sahənin olmadığını bildirib.
M. Əliyeva Misirin Azərbaycandakı səfiri xanım Suzanne Mohamed Gamil ilə də görüşüb.
Azərbaycanla Misir arasında əlaqələrin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən M. Əliyeva ölkələrimizi və xalqlarımızı dostluq tellərinin bağladığını söyləyib. Azərbaycanın birinci xanımı hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verdiyini qeyd edərək, mövcud əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib. M. Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi Misirdə təhsil, mədəniyyət və digər humanitar sahələrdə əlaqələrin inkişafına dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Beş ay Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyini qeyd edən S. Gamil ölkəmizdə çalışmaqdan məmnunluğunu ifadə edib. Səfir Heydər Əliyev Fondunun Misirdə gördüyü işlərə görə təşəkkürünü bildirib.
Daha sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İranın ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşüb.
Mehriban Əliyeva Azərbaycan ilə İran arasında uğurlu əməkdaşlıqdan danışaraq, siyasi sahədəki münasibətlərin hər iki ölkənin inkişafına xidmət etdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin mövcud əlaqələri daha da möhkəmləndirdiyini vurğulayıb. Mehriban Əliyeva gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib.
Heydər Əliyev Fondunun ölkələr arasında əlaqələrin inkişafında oynadığı rolu qeyd edən Fondun prezidenti qurumun humanitar əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. Mehriban Əliyeva gələcəkdə iki ölkə arasında təhsil, mədəniyyət sahələrində əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Səfir Möhsün Pakayin iki ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərdiyini deyib. O, ölkələrimiz arasında tarixi və mədəni bağlılıqdan danışıb. Heydər Əliyev Fondunun fəaliyyətindən məlumatlı olduğunu qeyd edən səfir Fondun gördüyü işləri yüksək qiymətləndirib.
17:29
Martın 10-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunda iştirak edən Albaniyanın birinci xanımı Odeta Nişani ilə görüşüb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Albaniyanın birinci xanımı Odeta Nişanini Bakıda görməkdən şad olduğunu bildirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun əhəmiyyətini vurğuladı.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Albaniyanın birinci xanımına Bakıya səfəri çərçivəsində Azərbaycan ilə daha yaxından tanış olmaq imkanı qazanacağını diqqətə çatdırdı.
Odeta Nişani Foruma dəvətə görə minnətdarlığını bildirdi. Qonaq Azərbaycana ilk dəfə səfər etdiyini deyərək paytaxtımızın onda xoş təəssürat yaratdığını vurğuladı.
Daha sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva martın 10-da IV Qlobal Bakı Forumunda iştirak edən Latviyanın sabiq birinci xanımı Lilita Zatlere ilə görüşüb.
Birinci xanım Mehriban Əliyeva Latviyanın sabiq birinci xanımı Lilita Zatlereni yenidən Bakıda görməkdən məmnun olduğunu dedi. O, IV Qlobal Bakı Forumunun dünyanı narahat edən bir çox məsələlərin müzakirəsi baxımından mühüm dialoq məkanı olduğunu bildirdi.
Latviyanın sabiq birinci xanımı Lilita Zatlere IV Qlobal Bakı Forumunda müzakirə edilən məsələlərin qlobal təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi.