Gürcüstanda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bu ölkə parlamentinin sədri David Usupaşvili ilə görüşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatına görə, görüşdə bildirilib ki, ölkələrimiz arasında inkişaf edən dostluq və tərəfdaşlıq əlaqələrinin vacib komponentlərindən biri də parlamentlərarası əməkdaşlıqdır və iki ölkə parlamenti arasında qurulmuş sıx əlaqələr dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verir.
David Usupaşvili Azərbaycan Milli Məclisi ilə qurulan əməkdaşlıqdan məmnun olduqlarını bildirib və bunu dostluq əlaqələri kimi ifadə edib. Parlamentin sədri iki ölkə arasında mövcud olan uğurlu əməkdaşlığa parlament səviyyəsində töhfə verməyə çalışdıqlarını deyib.
Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında həyata keçirilən layihələr qlobal xarakter daşıyır və bu layihələr iki ölkə arasında mövcud əməkdaşlığın göstəricisidir.
Gürcüstana səfəri və bu ölkənin xarici işlər naziri ilə keçirdiyi görüş barədə məlumat verən Elmar Məmmədyarov, aparılmış müzakirələri faydalı və səmələri adlandırıb. Nazir xüsusi vurğulayıb ki, Azərbaycanla Gürcüstan beynəlxalq səviyyədə ortaq mövqedən çıxış edir və bir-birilərini qarşılıqlı şəkildə dəstəkləyir.
12:44
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Gürcüstana səfəri başlayıb.
Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, E.Məmmədyarov gürcüstanlı həmkarı Mixeil Canelidze ilə görüşüb.
Görüşdə iki ölkə arasında münasibətlər, regionda və dünyada baş verən hadisələr müzakirə olunub.
Onun parlamentin sədri David Usupaşvili və baş nazir Giorgi Kvirikaşvili ilə də görüşü nəzərdə tutulur.
Nazir Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Memorialını da ziyarət edəcək.
12:34
Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Gürcüstana rəsmi səfərə yola düşüb.
Bu barədə məlumat Oxu.Az–a Xarici İşlər Nazirliyindən verilib.
Verilən məlumata əsasən, səfər çərçivəsində nazir E.Məmmədyarovun gürcüstanlı həmkarı Mixeil Canelidze, parlamentin sədri David Usupaşvili və Baş nazir Giorgi Kvirikaşvili ilə görüşü, eləcə də Ümummilli lider Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Memorialını ziyarət etməsi nəzərdə tutulub.