Bir tərəfdən Rusiya Minsk qrupunun həmsədri kimi çıxış edir. Digər tərəfdən isə - biz etiraf edirik ki, istənilən dövlət lazım bildiyi ölkəyə silah tədarük edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşrinə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Rusiya silahının Ermənistana tədarükündən sonra Azərbaycan tərəfinin notasını şərh edərkən bildirib.
Nazirin sözlərinə görə, Rusiya Ermənistana silahları tədarük edərkən nəzərə almalıdır ki, həmin silah-sursatların Azərbaycanın işğal olunmuş ərazilərinə ötürülməsinə yol verilməməlidir.
“Bu tip tədarüklərdə “sonuncu istifadəçi” qaydası var. “Sonuncu istifadəçi Ermənistan olacağı təqdirdə, məsələ Moskva və İrəvan arasında ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxmazdı. Lakin silahlar Azərbaycanın işğal olunmuş ərazilərində peyda olduqda, bu artıq tam başqa məsələyə çevrilir”.
Məmmədyarov qeyd edib ki, Moskva Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi halda, Rusiya silahlarının Qarabağda olmasında heç bir məntiq yoxdur.
“Rusiya XİN-də təqdim etdiyimiz notanın tonunun düzgün qəbul edildiyi Moskvanın sonrakı bəyanatlarından bəlli oldu”.