Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Milli Məclisin ən gənc və qocaman deputatları
Milli Məclisin deputatlarının şəxsi həyatları, ailə tərkibləri, yaş göstəriciləri, hətta geyimləri, tərzləri, zövqləri, hobbiləri insanların, medianın daim maraq dairəsindədir.
Odur ki, Oxu.Az olaraq, öncə MM-in ən gənc və ən yaşlı, ən qocaman deputatlarını araşdırmaq, təqdim etmək qərarına gəldik.
Parlamentin ən yaşlı, ən təcrübəli və ən çox seçilən üzvü böyük sənətkarımız, SSRİ Xalq artisti, “İstiqlal” ordenli Zeynəb Xanlarovadır.
O, 1936-cı ilin dekabr ayında Bakı şəhərində sadə bir ailədə dünyaya gəlib. Sovetlər dönəmində iki dəfə, 1986 və 1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) üzvü seçilib. Həmçinin, 1995-ci ildən indiyədək MM-in beş çağırış üzvüdür. Hazırda MM-in Mədəniyyət komitəsində təmsil olunur, həmçinin, Azərbaycan-Hindistan parlamentlərarası Dostluq Qrupunun rəhbəridir. İki oğlu, bir neçə nəvəsi var.
Parlamentin yaşca ikinci qocaman deputatı Ağacan Abiyevdir ki, o, 1937-ci ildə Bakı şəhərində, Bülbülə qəsəbəsində anadan olub.
Noyabr ayının 24-də 81 yaşı tamam olacaq. Uzun illər Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına rəhbərlik edib. Üç çağırışdır ki, MM-in üzvüdür. Həmçinin, MM-in İntizam komissiyasının sədridir. Ailəlidir, övladları, nəvələri var.
Parlamentin üçüncü qocaman üzvü Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovdur.
Onun 80 yaşı var, 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonun Çeşməbasar kəndində anadan olub. 1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. 1995-ci ildən isə beş çağırışdır ki, Qəbələ rayonunu parlamentdə təmsil edir. Hazırda MM-in Hesablayıcı komissiyasının sədri, Regional məsələlər komitəsinin sədr müavinidir. Beş övladı, nəvə-nəticələri var.
Millət vəkilləri arasında 80 yaşı haqlamaq üzrə olan akademikimiz Yaqub Mahmudov yaşca dördüncü qocaman deputatdır.
O, 1939-cu ilin fevral ayının 10-da anadan olub və gələn il 80 yaşı tamam olacaq. 2000-ci ildən, yəni, dörd çağırışdır ki, MM-in üzvüdür, Şəkini təmsil edən millət vəkillərindəndir. Ailəlidir. Bir oğlu, iki qızı, beş nəvəsi var. Bir qızı - Gülnur Mahmud filologiya elmləri doktorudur.
Beşinci qocaman millət vəkili isə tanınmış ziyalı, akademik Ziyad Səmədzadədir.
1940-cı ilin iyun ayının 25-də Bakının Buzovna qəsəbəsində anadan olan Ziyad müəllimin 78 yaşı var. Uzun illər, cavan yaşlarından böyük vəzifələrdə işləyib, AKP MK-nın şöbə müdiri, birinci vitse-spiker və birinci vitse-premyer olub.
Azərbaycan SSR Ali Sovetinin sonuncu çağırışının deputatı olub, 2005-ci ildən üç çağırışdır ki, Bakını MM-də təmsil edən millət vəkillərindəndir. MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədridir. İki qızı, bir oğlu, nəvələri və nəticəsi var.
Xalq artisti Aygün Səmədzadənin atasıdır.
Yaşı həmçinin 70-80 yaşlar arasında olan millət vəkilləri arasında Arif Rəhimzadə, Mixail Zabelin, Hadi Rəcəbli, Eldar İbrahimov, Xanhüseyn Kazımlı, Valeh Ələsgərov, Vahid Əhmədov, Fəzail Ağamalı da var.
Onlar da bir neçə çağırışdır ki, MM-in üzvləridir. Həmçinin, Eldar İbrahimov, Arif Rəhimzadə, Mixail Zabelin və Hadi Rəcəbli zamanında Azərbaycan SSR Ali Sovetinin deputatları olub.
MM-in ən gənc üzvünə gəlincə, bu, 81 saylı Beyləqan seçki dairəsindən seçilən millət vəkili Şahin İsmayılovdur.
Cəmi 29 yaşında deputat olan İsmayılov 1986-cı ildə anadan olub. Hazırda parlamentin Gənclər və idman komitəsində təmsil olunur. Ailəlidir, iki övlad atasıdır.
MM-in ikinci ən gənc üzvü 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edən Naqif Həmzəyevdir.
1983-cü təvəllüdlü olan Naqif Həmzəyev 32 yaşında millət vəkili seçilib. Ailəlidir.
Deputatlar arasında üçüncü ən gənc millət vəkili 1982-il təvllüdlü Ülviyyə xanım Həmzəyevadır.
O, 2015-ci ildə 6 saylı Culfa-Babək seçki dairəsindən 5-ci çağırış MM-in üzvü seçilib. Həmin vaxt onun cəmi 33 yaşı olub. Babək rayonunun Şəkərabad kəndində anadan olan Ülviyyə Həmzəyeva MM-in Mədəniyyət komitəsinin üzvüdür.
MM-in digər gənc üzvləri arasında dördüncü və beşinci yerləri 1980-ci il doğumlu millət vəkilləri Müslüm Məmmədovla Cavid Osmanov tutur.
Cavid Osmanov 90 saylı Ağdaş, Müslüm Məmmədov isə 57 saylı Kürdəmir seçki dairəsini parlamentdə təmsil edirlər.
Hər ikisi ailəlidir.
Kamil HƏMZƏOĞLU
www.oxu.az