Bu gün Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda müxalifətin bir hissəsini təmsil edən Milli Şura mitinq keçirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Mitinq seçkilərin nəticələrinə etiraz məqsədilə təşkil edilib.
Aksiyada Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli, KXCP sədri Mirmahmud Mirəlioğlu və “EL” Hərəkatından Eldar Namazov çıxış edib.
Çıxışlarda prezident seçkilərinin nəticələrinin ləğvi barədə tələb səsləndirilib, seçki ilə bağlı müsbət rəylə çıxış edən beynəlxalq müşahidə missiyaları tənqid olunub.
Aksiya insidentsiz başa çatıb.
Öz növbəsində, Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın bu gün Bakıda keçirdiyi mitinqlə bağlı məlumat yayıb.
Açıqlamada deyilir:
“Oktyabrın 12-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 16:20-dən 17.20-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifət yönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”.
Qeyd edək ki, Demokratik Qüvvələrin Milli Şurası Təşəbbüs qrupu seçkilərdə Cəmil Həsənlinin namizədliyini irəli sürüb. Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, C. Həsənli seçkilərdə 5.53 faiz səs toplayıb.