"Onunla düşmən olmaq istəməzsiniz".
Oxu.Az xatırladır ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin oktyabrında Şarm əş-Şeyxdə Yaxın Şərqdə Sülh Sammiti zamanı Prezident İlham Əliyev haqqında demişdi.
Foto çəkilişi zamanı yaranan səmimi atmosfer, zarafatlar və liderlər arasındakı rahat ünsiyyət iki lider arasındakı etimadın və dostluq əlaqələrinin təzahürüdür.
İlham Əliyev və Donald Tramp arasında yaranan dostluq əlaqələri son bir ildə Şuşadan Vaşinqtona qədər uzanan siyasi dialoqun və qarşılıqlı etimadın təbii davamı kimi qiymətləndirilməlidir.
Əslində, Donald Trampla İlham Əliyev arasında formalaşan münasibətlər təkcə diplomatik nəzakət çərçivəsində qalmır. Son bir il ərzində tərəflərin bir-birinə ünvanladıqları mesajlar, qarşılıqlı təşəkkürlər, ictimai bəyanatlar və sülh gündəliyinə verdikləri dəstək göstərir ki, Bakı ilə Vaşinqton arasında yeni siyasi atmosfer formalaşıb. Bu atmosferin mərkəzində isə iki dövlət başçısı arasında yaranan qarşılıqlı etimad dayanır.
Donald Tramp istər ictimai çıxışlarında, paylaşımlarında, istərsə də Azərbaycan liderinə ünvanlandığı məktublarda Prezident İlham Əliyevə, "möhtəşəm insan", "böyük lider", "yaxın dost", "inanılmaz insan" və s. xoş xitablarla müraciət edib.
Eyni zamanda, ABŞ prezidenti dəfələrlə öz sosial şəbəkə hesablarında İlham Əliyevin çıxışlarını paylaşıb, Azərbaycan lideri ilə həmrəy olduğunu vurğulayıb.
Prezident İlham Əliyev isə dəfələrlə ABŞ-li həmkarının əldə etdiyi sülh nailiyyətlərindən bəhs edib, onu "sülh prezidenti" adlandırıb.
Təbii ki, bu barədə xeyli yazmaq, danışmaq olar. Məsələ təkcə paylaşımların sayında, orada yazılanlarda deyil. Əsas nüans dövlət başçıları arasında birbaşa dialoq münasibətlərin strateji xarakter alması, qarşılıqlı etimadın möhkəmlənməsi idi ki, bu da qısa zamanda baş verdi. İki ölkə arasındakı münasibətlər Bayden administrasiyası dövründəki çöküşdən zirvəyə qalxdı. Məhz bu da Tramp və İlham Əliyev arasındakı dostluq münasibətlərindən qaynaqlanır.
Son bir ildə Donald Tramp və Prezident İlham Əliyev arasında müşahidə olunan münasibətlər də bunun bariz nümunəsidir. Qarşılıqlı hörmət, açıq dialoq və onların bir-birinə göstərdikləri siyasi dəstək Azərbaycan-ABŞ münasibətlərinə yeni dinamika gətirib. Bu səbəbdən son bir ilin hekayəsi yalnız iki lider arasında yaranan səmimi münasibətlərdən ibarət deyil. Bu, eyni zamanda, şəxsi etimadın dövlətlərarası münasibətlərin istiqamətini dəyişə biləcəyini göstərən nadir siyasi nümunələrdən biridir.