Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür.
Oxu.Az xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumuz torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başlayıb. Rəşadətli Azərbaycan Ordusu 30 il işğalda qalan əraziləri sürətlə düşmən tapdağından təmizləyib. Vətən müharibəsi həm də xalq-ordu-iqtidar birliyinin bütün dünyada ən nümunəvi təcəssümü kimi yadda qalıb.
Lakin müharibənin gedişində ölkəmiz bir sıra haqsız xarici təzyiqlərlə də üzləşib, BMT Təhlükəsizlik Şurasında əleyhimizə qətnamələrin qəbul edilməsinə cəhdlər olub. Ancaq İlham Əliyevin qətiyyətli siyasəti bu təzyiqləri müvəffəqiyyətlə dəf edib və ordumuzun uğurlu əməliyyatları məntiqi nəticə ilə yekunlaşıb.
Beləliklə, Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də Qarabağda başlayan və noyabrın 9-na qədər davam edən 44 günlük "Dəmir yumruq" əməliyyatı nəticəsində beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edilib.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu sənəd həm də Ermənistanın kapitulyasiya aktı kimi yadda qalıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları heç bir itki vermədən Azərbaycana qaytarılıb.
2025-ci il avqustun 8-də isə Azərbaycan Respublikasının Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətnini paraflayıblar.
Vətən müharibəsi ilə Ermənistan ordusu darmadağın olub və ermənilərin özləri haqqında yaratdıqları mif tarixin tozlu səhifələrinə göndərilib.
Qeyd edək ki, Azərbaycan Ordusu döyüş meydanını qoyub qaçan ermənilərdən xeyli hərbi qənimət ələ keçirib. Hazırda həmin hərbi qənimətlər Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Bununla yanaşı, Ermənistanın döyüşdə 10 000 nəfər qədər şəxsi heyət itkisi qeydə alınıb.
Onu da əlavə edək ki, Azərbaycan 44 günlük müharibədə 2908 şəhid verib, altı hərbçi isə itkin düşüb.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, hər il sentyabrın 27-də Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.