Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Naxçıvanda keçirilən "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans işini yekunlaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə DQİDK məlumat yayıb.
Bildirilib ki, tədbirin ikinci hissəsində "Mənəvi dəyərlərimizin qorunmasında yeni çağırışlar" mövzusu ətrafında müzakirələr aparılıb.
"Dini təhsil, din xadimi və müasir çağırışlar" adlı təqdimatla çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov qeyd edib ki, qloballaşan dünyada sürətlə dəyişən sosial, mədəni və texnoloji mühit din təhsili sistemi, eləcə də din xadimlərinin fəaliyyəti ilə bağlı yeni tələblər formalaşdırır. Bu baxımdan, din təhsili yalnız ənənəvi biliklərin ötürülməsi ilə məhdudlaşmamalı, eyni zamanda analitik düşüncə, tənqidi yanaşmaya əsaslanmalı və müasir dünyagörüşünün formalaşdırılmasına xidmət etməlidir. Rektor bildirib ki, din xadimi cəmiyyətin mənəvi bələdçisi kimi, həm klassik dini irsə dərindən bələd olmalı, həm də müasir çağırışlara adekvat cavab verə biləcək bilik və bacarıqlara yiyələnməlidir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev "Mənəvi dəyərlərimizə ənənəvi və müasir yanaşmalar" adlı məruzəsində mənəvi dəyərlərin xalqın milli kimliyinin və ictimai sabitliyinin əsas sütunlarından biri olduğunu qeyd edib. Vurğulayıb ki, ənənəvi yanaşma bu dəyərlərin qorunmasında mühüm rol oynayır, eyni zamanda müasir dövrün çağırışları onların yeni üsullarla təqdim olunmasını zərurətə çevirir. Rəqəmsallaşma və genişlənən informasiya mühiti şəraitində daha çevik və elmi əsaslı yanaşmaların tətbiqi çox vacibdir.
Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Əsədov Azərbaycan və Gürcüstanın müsəlman icmaları arasında əlaqələrin qarşılıqlı etimad və həmrəylik üzərində formalaşdığını diqqətə çatdırıb. İslamın sülh, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinin regionda sabitlik və əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. O, həmçinin müasir çağırışlar fonunda radikalizm və mənəvi dəyərlərin zəifləməsinə qarşı ortaq dəyərlərin qorunması və gənc nəsillərə ötürülməsinin vacibliyinə toxunub.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi və Quba şəhəri "Ağ məscid" məscidinin imamı Anar Eyyubov bildirib ki, müxtəlif bölgələri təmsil edən din xadimlərinin bir araya gəlməsi qardaşlığın canlı təzahürüdür. Bu birlik göstərir ki, sərhədlər dəyişə bilər, lakin milli kimliyimiz və mənəvi bağlarımız sarsılmazdır. Bu cür tədbirlər mənəvi körpülərin qurulmasına və möhkəmlənməsinə xidmət edir.
Gürcüstan Müsəlmanları İdarəsinin Qərbi Gürcüstan üzrə müftisi Adam Şantadze tədbirə dəvətə görə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. O qeyd edib ki, dini və mənəvi dəyərlər yalnız inanc sistemi deyil, eyni zamanda insanın davranışını, əxlaqını və ictimai münasibətləri formalaşdıran amillərdəndir və onların qorunması önəmlidir.
Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli nümayəndəsi Məhəmməd Şamilov qloballaşma və texnologiyanın sürətli inkişafı fonunda mənəvi dəyərlərin ciddi çağırışlarla üz-üzə qaldığını, xüsusilə gənclər arasında yad mədəni təsirlərin artdığını bildirib. O, ailə institutunun qorunmasının cəmiyyətin sağlamlığı üçün əsas şərt olduğunu vurğulayaraq, bu sahədə təhsil sistemi, ailə institutu və medianın üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli nümayəndəsi Sabir Musayev tarixən dini qarşıdurmaların cəmiyyətlərə zərər verdiyini, dialoq və əməkdaşlığın sabitliyin əsasını təşkil etdiyini vurğulayıb. O, dini və mənəvi dəyərlərin bəzən siyasi məqsədlərə alət edilməsinin narahatlıq doğurduğunu da diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikası qazısı yanında Şuranın sədri Əli Orucov çıxışında ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasətin xüsusi ehtiramla xatırlandığını, bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin mənəvi güc və milli ruhun təntənəsi olduğunu qeyd edib.
Digər çıxışçılar keçirilən tədbirin din xadimləri və mütəxəssislər arasında fikir mübadiləsi aparılması, qarşılıqlı təcrübə paylaşımı və mənəvi dəyərlərin qorunması istiqamətində effektiv platforma olduğunu vurğulayıblar.
Tədbirin yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bu cür tədbirlərin mənəvi və dini həmrəyliyin daha da güclənməsinə xidmət etdiyini diqqətə çatdırıb. O, tədbirin yüksək səviyyədə təşkilinə görə Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə təşəkkürünü bildirib. Çıxışlarda səsləndirilən fikirlərin ortaq məqsədə - qardaşlıq və həmrəyliyin gücləndirilməsinə töhfə verdiyini deyib. Din xadimləri arasında əməkdaşlığın, dini təhsil və maarifçilik fəaliyyətinin əhəmiyyətinə diqqət çəkən natiq vəhdət namazı və birgə duaların bu qardaşlığın mənəvi təzahürü olduğunu vurğulayıb. Dövlət Komitəsinin sədri ulu öndər Heydər Əliyevin "Qoy çaylarımız qurumasın, qoy ağaclarımız kəsilməsin, qoy çırağımız sönməsin" kəlamının ifadə etdiyi dəyərlərin qorunmasının cəmiyyətin hər bir üzvü üçün ən ümdə vəzifələrdən biri olduğunu bildirib.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə DQİDK məlumat yayıb.
Bildirilib ki, tədbirdən öncə ümummilli liderin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb, konfrans iştirakçıları Heydər Əliyev Muzeyində ulu öndərin həyat və fəaliyyətinə aid fotoşəkillər və eksponatlarla tanış olublar.
Türkiyənin Qars və Iğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrindən olan, həmçinin ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətinin iştirak etdiyi konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Zəfər tariximizə həsr olunmuş videoçarx nümayiş olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dözümlülük, multikulturalizm və müxtəlif etnik qrupların vəhdət şəklində birgəyaşayış prinsipləri Azərbaycan dövlət siyasətinin prioritetlərini təşkil edir. Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində yaşayırlar.
Konfransın əhəmiyyətinə toxunan Ceyhun Cəlilov qeyd edib ki, Azərbaycan artıq qlobal proseslərin mühüm strateji mərkəzinə çevrilib. Xüsusilə, ötən ilin avqustunda keçirilən Vaşinqton sammitində əldə olunan tarixi razılıq regionda onilliklərlə davam edən münaqişəyə son qoymaqla Cənubi Qafqazın geosiyasi mənzərəsini köklü şəkildə dəyişib və bölgənin gələcək inkişafı üçün yeni perspektivlər açıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, qədim tarixə və zəngin mənəvi irsə malik olan Naxçıvan torpağı Azərbaycanın müstəqillik mübarizəsinin və dövlətçilik ənənələrinin mühüm mərkəzlərindən biridir. Azərbaycanın üçrəngli bayrağının 70 ildən sonra ilk dəfə məhz burada dalğalanması ilə başlayan və ulu öndər Heydər Əliyev tərəfindən aparılan mübarizə yolu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə tamamlanıb. Ramin Məmmədov vurğulayıb ki, yeni geosiyasi reallıqlar fonunda Zəngəzur yolu yalnız nəqliyyat layihəsi deyil, həm də xalqlar arasında mənəvi və ideoloji inteqrasiyanı təmin edən unikal bir xəritədir. O, qloballaşma şəraitində milli-mənəvi kimliyin qorunmasının ideoloji təhlükəsizlik məsələsinə çevrildiyini bildirərək, radikalizmə qarşı maarifləndirmənin və sağlam dini mühitin təşviqinin zəruriliyini diqqətə çatdırıb. Dövlət komitəsinin sədri qeyd edib ki, Türkiyə və Gürcüstandan olan din xadimlərinin bu tədbirdə iştirakı regionda qarşılıqlı etimadın gücləndirilməsinə və ortaq dəyərlərin qorunmasına xidmət edən mühüm addım kimi dəyərləndirilə bilər.
Tədbirin "Ortaq dəyərlərimiz və dini həmrəylik: keçmişdən bu günə" mövzusuna həsr edilən hissəsində Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İrəvan qazısı Bəxtiyar Nəcəfov Azərbaycanın qazandığı tarixi qələbələrin milli mənafelərimizin qorunmasındakı rolunu vurğulayıb. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ zəfərindən sonra başlayan Böyük Qayıdış prosesi və Zəngəzur dəhlizinin bərpası istiqamətində atılan addımlar ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin uğurla icra olunduğunu göstərir. Ölkəmizdəki tolerantlıq mühitinə diqqət çəkən qazı Şuşadakı Qazançı kilsəsinin bərpası və Bakıdakı erməni kilsəsinin mühafizəsinin dini dözümlülüyün nümunəsi olduğunu deyib. Tarixi İrəvan qazılığının fəaliyyətinin bərpa edilməsini mühüm hadisə adlandıran B.Nəcəfov bu şərəfli vəzifəni daşımaqdan qürur duyduğunu qeyd edib.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Hikmət Məmmədov "Mənəvi və mədəni irsimiz ortaq dəyərimiz kimi" mövzusunda məruzə ilə çıxış edib. Millət vəkili qloballaşma şəraitində milli və dini dəyərlərin qorunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Azərbaycanın müstəqillik dövründə milli, dini kimlik və ərazi bütövlüyü uğrunda apardığı mübarizə bu dəyərlərin vəhdətini bir daha təsdiqləyib. Dini kimlik ilə milli kimliyin qarşı-qarşıya qoyulması cəmiyyət üçün ciddi risklər yaradır. Azərbaycanda mövcud olan şiə və sünni icmaları arasında tarixən formalaşmış həmrəylik və dövlətin dünyəvi idarəçilik modeli dini sabitliyin əsas təminatçısıdır. H.Məmmədov dinin siyasiləşdirilməsi və xarici məzhəbçilik təsirlərinin milli birliyə təhdid yaratdığını diqqətə çatdırıb.
"Mənəvi dəyərlərimizə qarşı təhdidlər və din xadimlərinin tarixi missiyası" mövzusunda çıxış edən AMEA Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa Azərbaycan xalqının zəngin tarixi keçmişə, ortaq dil, din və mədəniyyətə əsaslanan milli-mənəvi dəyərlər sisteminə malik olduğunu vurğulayıb. Bildirib ki, bu dəyərlər əsrlər boyu xalqımızın birliyini və həmrəyliyini təmin edib, milli kimliyin qorunmasında mühüm rol oynayıb.
Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunun Din Xidmətləri üzrə attaşesi Selami Aydın çıxışında Azərbaycan-Türkiyə qardaşlığına diqqət çəkərək, bu birliyin dərin tarixi köklərə, ortaq milli və mənəvi-dini dəyərlərə əsaslandığını qeyd edib. Vurğulayıb ki, "bir millət, iki dövlət" prinsipi üzərində qurulan münasibətlər bu gün strateji müttəfiqlik səviyyəsinə yüksələrək, dini-mənəvi müstəvidə də uğurla inkişaf edir. Selami Aydın bildirib ki, Zəngəzur dəhlizi yalnız iqtisadi və nəqliyyat layihəsi deyil, eyni zamanda böyük bir coğrafiyanı birləşdirən, ortaq tarixi və mənəvi bağları gücləndirən, strateji körpüdür.
"Kars Ehlibeyt Alimleri Birliği" Dərnəyinin sədri, İşıqlı məscidinin imamı Ahmet Erdem İslam ümmətinin birliyinin və vəhdətin əhəmiyyətini vurğulayıb. Bildirib ki, mövcud fərqliliklər ayrılıq deyil, qarşılıqlı anlaşma və hörmət üçün fürsət kimi dəyərləndirilməlidir. Birlik və həmrəyliyin gücləndirilməsi bu günün ən aktual vəzifələrindən biridir.
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Faiq Nəbiyev ortaq mənəvi dəyərlərin və dini həmrəyliyin gələcəyin mənəvi yol xəritəsi olduğunu vurğulayıb. O, müqəddəs Qurani-Kərimə istinad edərək bildirib ki, xalqlar arasındakı fərqliliklər qarşıdurma üçün deyil, bir-birini kəşf edərək ortaq güc yaratmaq üçün ilahi bir nemətdir. Faiq Nəbiyev dini liderlərin cəmiyyətdə dialoq ideyalarını təşviq etməli olduqlarını, Cənubi Qafqazda sülhün və dostluğun sarsılmaz bir qalaya çevrilməsi üçün qarşılıqlı hörmətin əsas təminat olduğunu diqqətə çatdırıb.
"Caferi Alimler Birliği" sədrinin köməkçisi Behlül Salmanlı birlik və həmrəyliyin əhəmiyyətini vurğulayıb. O İslamın sevgi, tolerantlıq və qarşılıqlı hörmət dini olduğunu vurğulayaraq, qardaşlığın yalnız sözlə deyil, əməl və davranışla təsdiqlənməsinin vacibliyini qeyd edib. Eyni zamanda bildirib ki, güclü iman və birlik xalqların gücünü artırır, Vətənə bağlılığı möhkəmləndirir və milli dəyərlərin qorunmasında mühüm rol oynayır. Tarixi təcrübə də göstərir ki, məhz birlik və həmrəylik sayəsində xalqlar qarşılaşdıqları çətinliklərin öhdəsindən uğurla gəlirlər.
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftisi Etibar Eminov Qərbi Azərbaycanın tarixən vətənpərvər, milli və dini dəyərlərə bağlı insanların yetişdiyi mühüm mədəni məkan olduğunu deyib. Bildirib ki, müasir dövrdə qloballaşma və informasiya təsirləri fonunda milli-mənəvi dəyərlərə qarşı müxtəlif çağırışlar yaranır. Lakin müasirlik bu dəyərlərdən imtina deyil, onların dövrün tələblərinə uyğun şəkildə yaşadılması deməkdir. Bu xüsusda gənclərin düzgün istiqamətləndirilməsi, onların milli və dini dəyərlər ruhunda maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Konfrans müzakirələrlə davam edir.