İyulun 12-dən başlayaraq erməni işğalçı qüvvələri Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində təxribat törədib və törətməkdə davam edir. Azərbaycan Ordusu düşmənə layiqli cavabı verərək, onu geri otuzdurub. Lakin təəssüf ki, bu günə qədər ordumuzun 12 hərbçisi və bir mülki şəxs şəhid olub.
Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlilərimiz sosial şəbəkələrdə Ermənistanın bu təxribatlarını pisləyir və Azərbaycan Ordusunun yanında olduqlarını bildirirlər.
Oxu.Az Avropa Azərbaycanlıları Media Qrupun rəhbəri, Niderland və Belçika Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyevlə müsahibəni təqdim edir:
- İstərdim Azərbaycanda son günlərdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərə münasibət bildirərdiniz.

- Xaricdə yaşasaq da, ürəyimiz Azərbaycanla döyünür. Azərbaycanda baş verən ən kiçik prosesləri belə izləyir, dərhal reaksiya verməyə çalışırıq. Ermənistan tərəfi Azərbaycanla sərhəddə hər hansı təxribata cəhd etdiyi an xaricdə yaşayan bütün azərbaycanlılar birləşir, bu məsələni dünya ictimaiyyətinə çatdırmaq üçün səfərbər olur. Mən özüm Niderlandda yaşayıram. Bu hadisələr barədə məlumatları dərhal Niderland parlamentinə, eləcə də digər qurumlara çatdırıram. Təəssüf ki, bu dəfə də işğalçı Ermənistan Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində təxribatlar törətdi. Mən bunu şiddətlə qınayıram. Niderlandda yaşayan azərbaycanlılar tərəfindən bu məsələ ilə bağlı ayın 17-də Niderland paytaxtının mərkəzində, parlament binasının qarşısında Azərbaycan Ordusuna dəstək aksiyası keçirdik. Yüzlərlə həmvətənimiz bu aksiyaya qoşuldu. Niderland rəhbərliyinə də təşəkkür edirik. Bizim müraciətlərimiz bir çox dillərə tərcümə edildi və həmvətənlərimiz tərəfindən sürətlə yayılaraq, paylaşıldı.
- Necə düşünürsünüz, ermənilər bu cür təxribatlarla nəyə nail olmaq istəyir? Bu, hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar yaşanan dərin böhranla əlaqəli ola bilərmi?

- Ermənilər təkbaşına bu cür addım atmağa ürək etməzlər. Onların arxasında ermənipərəst bir çox təşkilatlar və havadarları dayanır. Ermənilər daim kimlərinsə planlarının tərkib hissəsi olur. Çox güman ki, onların bu addımı Azərbaycanın qərb dünyasında qazandığı nüfuzuna zərər vurmağa hesablanıb. Amma məqsəd nə olursa olsun, Azərbaycan Ordusu həmin təxribatın qarşısını aldı. Ordumuz çox çevik reaksiya verməklə ermənilərin bu arzusunu da ürəklərində qoydu. Təəssüf edirəm ki, təxribatlar nəticəsində ordumuzun hərbçiləri şəhid oldu. Allah onlara rəhmət eləsin. Bu gün Ermənistan istər maliyyə, istər iqtisadi, istərsə də siyasi baxımdan müstəqil ölkə hesab edilə bilməz.
- Aprel döyüşləri zamanı istər texnika, istərsə canlı qüvvə sarıdan verdikləri çoxsaylı itkilər onlara dərs olmadı. Bu dəfə də Azərbaycan Ordusunun adekvat cavab atəşi nəticəsində düşmən tərəfi çoxsaylı itkilər verir.

- Azərbaycanda Aprel döyüşləri başlayanda biz artıq Niderlandda idik. Bu hadisələr siyasi, dini baxışından asılı olmayaraq, hər kəs tərəfindən böyük çoşqu ilə qarşılandı. Hamı birlik göstərərək, müharibəyə getmək istəyirdi. Nəinki kişilər, hətta qadınlar da bu aksiyada iştirak edib, Azərbaycana dəstək olmağa hazır olduqlarını deyirdilər. Aprel döyüşləri ilə bağlı biz Niderland parlamentinə məlumatlar vermişdik. Niderlandda həm küçədə, həm də masa arxasında bu istiqamətdə danışıqlar, etirazlar olur. Buranın qaydaları belə formalaşıb. Küçədə etirazlar baş verirsə, bu, mütləq masaya yatırılır və problemin həlli istiqamətində müzakirələr aparılır.
2016-cı ildə də yüzlərlə insan Azərbaycan səfirliyinin qarşısına toplaşmışdı. Amsterdam, Haaqa şəhərlərində dəfələrlə kütləvi aksiyalar keçirmişdik. Ermənilərin 500 nəfərlə keçirdiyi izdihamın qarşısını aldıq və azərbaycanlıların yürüşü baş tutdu.

Biz digər ölkələrdə fəaliyyət göstərən diaspor rəhbərləri ilə əlaqə saxlayırıq. Onlar arasında Fransa, Almaniya, Polşa, İngiltərə, Kanada, eləcə də Skandinaviya ölkələrində olan həmvətənlilərimizlə əlaqə saxlayıb, təşkil ediləcək aksiyalarla bağlı fikir mübadiləsi aparırıq.
- Xeyli sayda xarici ölkələrdə yaşayan həmvətənimiz, bir sıra qurumlar tərəfindən rəsmi bəyanatlar verilib. Necə düşünürsünüz, hərbidə olduğu kimi, informasiya müharibəsində də irəlidə olmaq üçün hansı addımlar atılmalıdır?

- Təbii ki, informasiya mübarizəsində aktiv olmaq daha yaxşıdır. Bizim qrup sosial şəbəkə üzərindən daim Azərbaycana dəstək məqsədilə paylaşımlar edir. 32 min nəfərə yaxın üzvü olan Avropa azərbaycanlıları qrupumuz var. Biz orada ermənilərin apardığı siyasəti, tvitləri müzakirə edib, dərhal onlara layiqli cavablar veririk. Ermənipərəst paylaşımlara maksimum dərəcədə cavab verməyə çalışırıq. “Facebook”da da 32 minlik ordumuz var ki, ermənilər təxribat cəhdlərində bu ordu ilə də daim qarşı-qarşıya qalır. Azərbaycan ordusu cəbhədə, biz isə sosial media üzərindən bu mübarizəni davam etdirəcəyik.

Qrupumuz bağlıdır və ermənilər bu qrupa daxil ola, baş verənləri izləyə bilmirlər. Dəfələrlə ermənipərəst qüvvələr tərəfindən ermənilərin Dağlıq Qarabağda müəyyən fəaliyyətlərə icazə verilməsi məsələsində paylaşımlar olub. Bu paylaşımları edən şəxslərə isə tarixi sübutlarla cavab verilib. Nəticədə, onlar üzrxahlıq etməyə məcbur olublar. Hesab edirəm ki, bu, bizim uğurumuzdur. Bu informasiya mübarizəsi tək “Facebook”da deyil, “Twitter”, “Instagram” platformalarında da aparılır.
- Bu günlərdə minlərlə insan orduda könüllü xidmət üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib...
- Bu, çox sevindirici məlumatdır. Niderlandda yaşayan yüzlərlə azərbaycanlı Azərbaycan Ordusunda könüllü hərbi xidmət üçün onlayn müraciət ediblər. Burada yaşayan həmvətənlərimiz bu məsələni gündəmdə saxlayır. Biz Azərbaycana gəlib, könüllü olaraq Azərbaycan Ordusunda xidmət etmək üçün sadəcə əmr gözləyirik. Ümid edirik ki, bu məsələ öz bəhrəsini verəcək. Hər an vətənimizin uğrunda Azərbaycan Ordusunun sıralarına qatılmağa hazırıq.
Könül Cəfərli