Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nürnberq prosesi, Azərbaycanın hərbi tribunalı: Koçaryanla Sarqsyanın həbsi mümkündür - ŞƏRH + FOTO
İkinci Dünya müharibəsini başlatmış Adolf Hitler Almaniyasının digər ölkələrə hücum həyata keçirmiş, mülki insanlara qarşı vəhşiliklər hazırlayıb onu icra etmiş şəxsləri Nürnberq prosesində mühakimə olundular.
1946-cı il noyabrın 20-də başlayan və 1946-cı il oktyabrın 1-nə qədər davam edən Beynəlxalq Hərbi Tribunalda nasist Almaniyasının siyasi, hərbi və iqtisadi sahədə vəzifə daşımış şəxsləri barəsində qərar çıxarıldı.
Beləliklə, ABŞ, SSRİ, Fransa, Böyük Britaniya tərəfindən qurulan ədalət müstəvisində:
- 12 nəfər edam cəzasına məhkum edildi,
- üç nəfər ömürlük həbsə atıldı,
- iki nəfər 20 il, bir nəfər 15 il, bir nəfər isə 10 il müddətinə azadlıqdan məhrum edildi,
- üç nəfər bəraət aldı.
Bu tarixi hadisədən bəzi fraqmentləri təkcə tribunalın başlanmasının ildönümü münasibətilə xatırlatmırıq.
Azərbaycan hərbi tribunalı kimlərə cəza hökmü kəsib?
Nürnberq prosesi hərbi cinayətkarlar və onların işinə şərik çıxanların hüquqi nöqteyi-nəzərdən damğalanmasıdır və indi Azərbaycan da oxşar bir proses qurur.
Fərq burasındadır ki, Azərbaycan bunu təkbaşına edir, öz ərazilərində Birinci və İkinci Qarabağ müharibələri, həmçinin ondan sonra suverenliyə təhdid yaradan cinayətlər törətməkdə ittiham olunan şəxsləri (Ruben Vardanyan kimi) bir-bir məhkəmə aparatının dişləri arasına çıxarır.
Məlumat üçün bildirək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezident”ləri olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, ləğv edilmiş separatçı qurumun “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətiriblər.
Onların istintaqı davam edir, amma hələlik işlərinin məhkəməyə çıxarılacağı tarix bəlli deyil.
Bundan əvvəl Birinci Qarabağ müharibəsi zamanı və ondan sonra azərbaycanlılara qarşı cinayətlər törədən Lüdvik Mkrtıçyan və Alyoşa Xosrovyan, daha sonra isə Xocalının Meşəli kəndində soyqırımı törətmiş Vaqif Xaçatryan barəsində Bakı Hərbi Məhkəməsi hökm çıxarıb. Mkrtıçyanla Xosrovyan hərəsi 20 il, Xaçatryan isə 15 il azadlıqdan məhrum ediliblər.
Bununla paralel olaraq Xocalı soyqırımının törədilməsində iştirak etməkdə ittiham olunan daha iki şəxsin - Madat Babayan və Raşiq Beqlaryanın - istintaqı davam etdirilir.
Müddətin keçməsinin şamil olunmama səbəbi
Qeyd etmək lazımdır ki, Azərbaycanın separatçılar üzərində qurduğu ədalət mühakiməsinin məqsədi təkcə müttəhimləri məhkum etmək deyil.
Bu həm də Ermənistanın Azərbaycana qarşı cinayətlərinin təkzibedilməz sübutlarını toplamaq, erməni millətçiliyinə tarix dərsi vermək, “Böyük Ermənistan” xəyallarını hüquqi cəhətdən dağıtmağın qollarını əhatə edən kompleks tədbirlərdir.
Azərbaycan Cinayət Məcəlləsinin 75-ci maddəsi müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə hallarını qeyd edir.
Törədilən cinayətin dərəcəsindən asılı olaraq müəyyən edilən müddətlər keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.
Belə ki:
- böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə;
- az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə;
- ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə;
- xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb olunmur.
Ancaq sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.
Bunu ona görə yada salırıq ki, kimsə bəzi şəxslərin cinayət işi haqqında “vaxt keçib, onların hamısı mühakimə oluna bilməz” kimi dəxlsiz söhbətinə girişməsin.
Yəni Azərbaycanın birgə istintaq-əməliyyat qrupunun işi, keçirdiyi və keçirəcəyi məhkəmə prosesləri beynəlxalq hüquq normalarının tələblərinə uyğun həyata keçirilir.
Perspektiv üçün Azərbaycan dövlətinin hüquq sisteminin cəza cihazı qeyd olunan sülh və insanlıq əleyhinə cinayətləri törətmiş və sonradan ali mənsəbə yiyələnmiş siyasətçilərin də üzərinə qaldırıla bilər.
Koçaryan və Sarqsyana qarşı axtarış
Təbii ki, mövzunun davamı kimi, söhbəti Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyanın üzərinə gətiririk.
Azərbaycan rəsmi şəkildə elan edir ki, hər iki eks-prezident haqqında axtarış elan edib. Beyində sual yarana bilər ki, Azərbaycan başqa bir dövlətin eks-prezidentlərini saxlayıb, onları öz istintaqı altına ala bilərmi?
Sadə bir texniki parametr: Azərbaycan Koçaryan və Sarqsyan haqqında axtarış elan edibsə, bunu beynəlxalq hüquq və normadan kənar müstəsna hüquq kimi qeyd etmir.
Keçmiş prezidentlər bütün dünyada araşdırılır, mühakimə olunur və hətta dəmir barmaqlıqlar arasına göndərilirlər. Xüsusilə sülh və insanlıq əleyhinə cinayətin motivləri varsa, onda eks-prezidentlərin həbsi üçün yaşıl işıq ard-arda yanır.
Məsələn, Serbiyanın keçmiş prezidenti Slobodan Miloşeviç tutularaq Haaqa tribunalına təhvil verilmişdi (O, 2006-cı ilin 11 martında Haaqa tribunalının həbsxana kamerasında vəfat edib).
ABŞ İraqın keçmiş prezidenti Səddam Hüseynə qarşı məhkəmə səhnəsinin müəllifi idi və yekunda Səddam Hüseyn edam edildi.
Koçaryan və Sarqsyana gəlincə, onlar əməllərini dilə gətirməkdən çəkinmirlər, məncə, bu, onlara qarşı istintaq dəlili olaraq beynəlxalq hüququn diqqət mərkəzinə gətirilir. Bu prosesdə Azərbaycanın əlini bərkidəcək əlavə fakt və sübutlar, yəqin ki, toplanılır. Çünki Azərbaycan Koçaryanla Sarqsyanın mühakiməsi üçün əsasları beynəlxalq hüquq auditoriyasına izah etməlidir.
Beləliklə, hipotetik və praktiki olaraq Koçaryanla Sarqsyanın Azərbaycanın başlatdığı cinayət təqibindən qaçmaq üçün hüquqi immunitetləri yoxdur, yalnız reallıqda Ermənistana olan simpatiyalar bir qədər problem yarada bilər.
Deməli, eks-prezidentlərin toxunulmazlığı haqqında hüquqi qiymətləndirmələr Koçaryan-Sarqsyan ikilisinə qarşı Azərbaycanın başlatdığı axtarış fonunda qüvvədən düşür. Məntiq belə deyir ki, Azərbaycan hər iki şəxsin cəzasını almaqdan ötrü hüquqi imtiyazlarını artıran dəlilləri daha çox gündəmə gətirəcək.
Aqşin Kərimov
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada terror aktı törədən islamofob şəxslə bağlı yeni detallar AÇIQLANDI
- Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verdi
- Ştaynmayer Almaniya Parlamentinin buraxılma tarixini açıqladı
- Almaniyada Şolts hökumətinə son: Erkən seçim prosesi başladı
- Almaniyada siyasi böhran: Bundestaq Şolts hökumətinin taleyini həll edəcək