"Ermənistan internet trafikinin Azərbaycan üzərindən tranziti halında şəxsi məlumatlar üçün hər hansı risk və ya təhdid görmür".
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan hökumət iclasından sonra bildirib.
Daha əvvəl məlum olduğuna görə, "Telecom Armenia" və "AzerTelecom" müqavilə imzalayıblar ki, buna əsasən Ermənistana internet Azərbaycan üzərindən tranzitlə gedəcək.
"Biz həmişə deyirik ki, Ermənistan tranzit mərkəzinə çevrilməlidir. Ermənistandan nə qədər çox axın keçərsə, iqtisadi, siyasi çəkimiz və təhlükəsizlik səviyyəmiz bir o qədər yüksək olar. Buna qarşı çıxanlar istəyirlər ki, Ermənistan münaqişənin içində qalsın", - deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, "Sülh kəsişməsi" konsepsiyası nəzərdə tutur ki, şimaldan cənuba və şərqdən qərbə mümkün qədər çox kabel, boru kəməri, yol, marşrut və hava xətləri ölkə ərazisindən keçməlidir.
"Elə bu, sülhün və təhlükəsizliyin qarantıdır", - deyə Nikol Paşinyan vurğulayıb.
Xatırladaq ki, "İnternet birliyi" QHT-nin İdarə Heyətinin sədri Qriqor Saqyan "Sputnik Ermənistan"a verdiyi müsahibədə bildirib ki, Tbilisi-Bakı-İrəvan "qovşağı" üzrə və daha sonra Rusiyaya internet tranziti zamanı şəbəkə trafikinin ələ keçirilməsi və təhlili ABŞ mütəxəssislərinin iştirakı ilə mümkün olacaq.