“Azərbaycan bir zamanlar işğal altında olmuş torpaqlarına güc yolu ilə və beynəlxalq hüquq əsasında qayıdıb və həmişəlik burada qalacaq”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində deyib.
Dövlət başçısının sözlərinə görə, Birinci Qarabağ müharibəsinə qədər Qarabağın ən böyük şəhəri olan Ağdam həyat dolu idi:
“Ağdam azad olunduqdan sonra bir çox xarici ekspertlər və jurnalistlər onu “urbisid qurbanı”, “kabus şəhəri” və hətta “Qafqazın Hirosiması” adlandırdılar. Amma Hirosimadan fərqli olaraq, Ağdam atom bombasının partlaması nəticəsində viran qalmayıb, dağılmayıb. Bu, qonşularımızın vandalizmi və barbarlığının nəticəsi idi. Amma biz qayıtdıq. Azərbaycan buraya güc yolu ilə və beynəlxalq hüquq əsasında qayıdıb. Buraya həmişəlik yaşamaq üçün qayıtmışıq!”