Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 4-də ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Salyan rayonuna gəlib.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident əvvəlcə rayonun mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov məlumat verib ki, Heydər Əliyev parkının yenidən qurulmasına 2011-ci ildən başlanıb və parkın ümumi ərazisi 22 min kvadrat metrdir.
Daha sonra ölkə başçısı Salyanda Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, Bayraq Meydanın inşasına bu ilin iyununda başlanılıb, avqustda başa çatdırılıb. Ümumi sahəsi 2,1 hektar olan Bayraq Meydanı Salyan şəhərinin girişində, Milli Qəhrəman Nazim Babayev küçəsində yaradılıb. Bayraq Meydanının girişində hündürlüyü 5,3, uzunluğu 14 metr olan tağ tikilib. Bayraq dirəyinin hündürlüyü 42, bayrağın eni 10, uzunluğu isə 20 metrdir.
Prezident İlham Əliyev Bayraq meydanı ilə tanış olduqdan sonra Salyanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Daha sonra Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, Mərkəzin inşasına 2011-ci ilin dekabrında başlanılıb və bu ilin avqustunda başa çatdırılıb. İnşaat işləri rayonun daxili imkanları hesabına həyata keçirilib. Mərkəzin 10 otaqdan ibarət üçmərtəbəli binasının ümumi sahəsi 626 kvadratmetrdir.
Dövlət başçısı Salyan rayonuna səfəri çərçivəsində həmçinin rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verilıb ki, binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılıb, inşaat işləri ötən ilin avqustunda başa çatdırılıb. Binanın ərazisi 1800, tikintialtı sahəsi isə 1044 kvadratmetrdir.
Sentyabrın 4-də Azərbaycan prezidenti İlham Əliyev Salyana səfərini başa çatdıraraq Biləsuvar rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev yeni salınan Heydər Əliyev Parkında görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, ümumi sahəsi 2 hektar olan parkda genişmiqyaslı yaşıllaşdırma işləri görülüb, 4 müasir fəvvarə kompleksi tikilib, işıqlandırma sistemi quraşdırılıb, Bayraq Kompleksi inşa olunub.
Sentyabrın 4-də Biləsuvara səfəri çərçivəsində prezident İlham Əliyev həmçinin Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib.
Layihə barədə məlumat verən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirib ki, layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən Biləsuvar şəhərinə içməli su yeni mənbədən – Şirvan-Muğan qrup su kəmərindən verilir. Bu məqsədlə Salyan şəhəri yaxınlığındakı anbardan 57 kilometr uzunluğunda özüaxımlı magistral su kəməri çəkilib. Biləsuvar şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün ümumi tutumu 10 min kubmetr olan iki su anbarı tikilib. Yeni layihəyə əsasən şəhərə saniyədə 158 litr su veriləcək ki, bu da istehlakçıların tələbatını tam ödəyəcək.
Dövlət başçısı Biləsuvara səfəri çərçivəsində Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Bildirilib ki, ikimərtəbəli binada 15 iş otağı var.
İlham Əliyev Biləsuvarda Heydər Əliyev Mərkəzinin açılışında da iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, Mərkəzin 28 otaqdan ibarət üçmərtəbəli binası bütün zəruri avadanlıqla təchiz edilib. Mərkəzdə, həmçinin fotostudiya, heykəltəraşlıq dərnəyi, poliqrafiya və dizayn studiyaları, virtual sinif, intellektual oyun otağı, xalçaçılıq dərnəyi fəaliyyət göstərəcək.
İlham Əliyev Biləsuvara səfəri çərçivəsində rayon icra hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, rayon icra hakimiyyətinin köhnə binası 1950-ci illərdə istifadəyə verilib. Əvvəllər bina müxtəlif təyinatlar üçün istifadə olunub. 1992-ci ildən isə icra hakimiyyətinin binası kimi fəaliyyət göstərməyə başlayıb. Ötən illər ərzində binada əsaslı təmir aparılmadığından iş şəraiti əlverişsiz olub.
Diqqətə çatdırılıb ki, yeni inzibati binanın tikintisinə 2012-ci ilin iyulunda başlanılıb, bu ilin iyulunda başa çatdırılıb.
Sentyabrın 4-də prezident İlham Əliyev Biləsuvara səfərini başa çatdıraraq Cəlilabad rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə Cəlilabad şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyub. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, burada yenidənqurma işlərinə bu ilin mayında başlanılıb. İşlər qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılıb.
Cəlilabada səfəri çərçivəsində prezident rayonda “Fidan” körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Prezidenti binada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, binanın inşasına bu ilin fevralında başlanılıb. Tikinti işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi üçün bütün qüvvələr səfərbər olunub. 120 yerlik müasir tipli körpələr evi-uşaq bağçasının ümumi ərazisi 2,5 hektara yaxındır. Binada 20 otaq var. Burada həkim otağı, yeməkxana və uşaqların əyləncəsi üçün zal inşa edilib. Bundan başqa, musiqi zalı və digər istirahət otaqları da balacaların ixtiyarına veriləcək. Bütün otaqlar zəruri avadanlıqla təchiz edilib.