"Mənim tərəfimdən bəşəriyyətə müraciət etmək bir qədər təkəbbürlü olar. Bildiyiniz kimi, həmişə çalışmışam ki, təvazökarlığımı itirməyim. Artıq 23 ilə yaxındır ki, bu kürsüdəyəm. Bu illər ərzində Azərbaycan haradan hara gəlib, bunu xalqımız yaxşı bilir".
Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində jurnalist Mir Şahin Ağayevin sualını cavablandırarkən deyib.
Dövlət başçısı Azərbaycan xalqına müxtəlif dövrlərdə bir çox müraciətlərinin olduğunu xatırladıb:
"Mənimsə müraciətim ancaq Azərbaycan xalqına ola bilər. Azərbaycan xalqına bir çox müraciətlərim olub müxtəlif dövrlərdə. Həm işğal dövründə, həm müharibə dövründə, müharibədən sonra. Əlbəttə ki, bu müraciətlər də məzmunca fərqlənib, çünki fərqli bir situasiyada idik.
İşğal dövründə müraciətim keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında ondan ibarət idi ki, onlar ümidlərini itirməsinlər. Onlar iradələrini möhkəm tutsunlar və mənə inansınlar ki, biz bu torpaqlara qayıdacağıq. Bu barədə bir neçə dəfə danışmışam, yenə də fürsət düşmüşkən deyə bilərəm ki, illər keçdikcə görürdüm onların ümidləri yavaş-yavaş tükənir. İnsanların gözlərindəki o nisgil, o ümidsizlik daha çox sezilir. Mən isə onlara deyə bilmirdim ki, nə vaxt nə olacaq. Deyirdim ki, inanın və onlar da inanırdılar. 17 il, - bu, az müddət deyil, - 17 il gözləyirdilər, mənim sözlərimə inanırdılar və ümumiyyətlə, aparılan işlərə də həmişə dəstək olurdular", - deyə Prezident bildirib.