Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət, qardaş Azərbaycan xalqına və hökumətinizə daha böyük tərəqqi, firavanlıq arzulayıram.
Dəyər verdiyimiz ikitərəfli münasibətlərimizin daha da inkişaf etməsi və möhkəmlənməsi ilə bağlı səmimi istəyimi bir daha ifadə edir, Fələstin məsələsində Azərbaycanın mövqeyini yüksək qiymətləndirdiyimi bildirirəm.
Sizi və xalqınızı, həmçinin müqəddəs Qurban bayramı münasibətilə təbrik edir və ən xoş salamlarımı qəbul etməyinizi xahiş edirəm".
Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç də Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Xorvatiya Respublikasının Hökuməti adından və şəxsən öz adımdan təbriklərimi çatdırıram.
Xorvatiya Respublikası dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq yolu ilə müxtəlif sahələrdə ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. Əminəm ki, Xorvatiya ilə Azərbaycan arasındakı dostluq və strateji tərəfdaşlıq xalqlarımızın rifahı naminə birgə səylərimizlə daha da dərinləşəcək.
Xorvatiya Respublikası ümumi əməkdaşlığımızı xüsusən də ticarət və enerji təhlükəsizliyi sahələrində daha da gücləndirməkdə maraqlıdır. İqtisadi əlaqələrimiz böyük əhəmiyyət kəsb edir, xüsusilə Xorvatiya və Azərbaycan şirkətləri arasında daha sıx əməkdaşlığı təşviq etmək və qarşılıqlı investisiyaları artırmaqla mühüm inkişaf potensialına malikdir.
Cənab Prezident, bayram münasibətilə Sizə ən xoş arzularımı bir daha çatdırır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Azərbaycan ilə Avstriya arasında əla ikitərəfli münasibətlər mövcuddur. Azərbaycan və Ermənistan arasında hər iki ölkənin xalqlarının qarşılıqlı rifahı naminə davamlı sülh və təhlükəsizlik perspektivləri reallaşmağa yaxınlaşdıqca gələcək əməkdaşlıq imkanları artmaqda davam edəcək.
Çoxtərəfli kontekstdə, icazə verin, 2027-2028-ci illərdə BMT Təhlükəsizlik Şurasına üzvlük üçün Avstriyanın namizədliyinin Azərbaycan tərəfindən dəstəklənməsinə görə minnətdarlığımı bildirim.
Fürsətdən istifadə edərək, Sizə və ailənizə rifah diləyir, həmçinin Azərbaycan xalqının dinc və xoşbəxt gələcəyi ilə bağlı ən xoş arzularımı çatdırıram".
Bolqarıstan Prezidenti İliyana Yotova öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərimi və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Bu xoş fürsətdən istifadə edərək, Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyası zamanı mənə və nümayəndə heyətimə göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Bolqarıstan bələdiyyələrinin 10-dan çox meri, həmçinin Bolqarıstanın ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdikləri Sessiya ilə bağlı bizdə olduqca xoş təəssüratlar yarandı. Eyni zamanda, üç ay ərzində Sizinlə keçirilən ikinci ikitərəfli görüşdən məmnunluğumu vurğulayıram. Bu, ölkələrimiz arasında ən yüksək səviyyədə intensiv siyasi dialoqun sübutudur.
Münasibətlərimizdəki müsbət siyasi dinamikanın hər iki tərəf üçün faydalı əməli nəticələrə və layihələrə çevrilməli olduğu fikrinizi tamamilə bölüşürəm. Hesab edirəm ki, enerji sahəsində əməkdaşlıqla bağlı danışıqlarımız zamanı əldə edilən razılaşmaların həyata keçirilməsi, Bolqarıstan şirkətlərinə Azərbaycanın təbii qazının tədarükünün artırılması, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında "yaşıl enerji"nin quru yolla ötürülməsi üçün ikinci enerji dəhlizinin müzakirə olunan potensialı münaqişələr və qeyri-sabitlik səbəbindən sarsılmış bugünkü dünyada zəruri investisiyalardır. Sənaye zonaları və texnoloji parklar sahəsində tərəfdaşlıq münasibətlərinin intensivləşdirilməsi, eyni zamanda, xalqlarımız arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi də Bolqarıstan üçün vacib prioritet sahələrdir.
Sizi Bolqarıstanda qonağımız kimi qəbul etmək, Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın dostluq münasibətlərimizin parlaq rəmzi olaraq birgə açılışını etmək mənim üçün şərəf olardı.
Yaxın gələcəkdə Zati-alinizi Bolqarıstanda salamlamaq imkanımın olacağı ümidi ilə Sizə və ailənizə cansağlığı, ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram".
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyu eyni zamanda Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
İcazə verin, Azərbaycanın Müstəqillik Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi təbrik edim. Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram. Qoy, xalqınız həmişə sülh və firavanlıq içində yaşasın".
İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
İsveçrə Federal Şurası və İsveçrə xalqı adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırıram. Həmçinin ölkənizin və xalqınızın xoşbəxt, uğurlu gələcəyi ilə bağlı ən xoş arzularımı bildirirəm.
Azərbaycan və İsveçrə möhkəm ikitərəfli əlaqələrə malikdir. Əminəm ki, Cənubi Qafqazda müsbət dəyişiklikləri nəzərə alaraq, bu əlaqələrimiz qarşıdakı illərdə də konstruktiv şəkildə inkişaf edəcəkdir.
Zati-aliləri, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
İspaniya Kralı VI Felipe Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram.
Dərin hörmət və ehtiramla".
İndoneziya Prezidenti Prabovo Subianto Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"İndoneziya Respublikasının Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Zati-alinizə və xalqınıza ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf duyuram.
Dərin və mürəkkəb geosiyasi dəyişikliklərlə səciyyələnən müasir dövrdə Azərbaycan özünü sabitliyin və tərəqqinin mühüm sütunlarından biri kimi uğurla təsdiq etmişdir. Avropa ilə Asiyanın strateji kəsişməsində yerləşən Azərbaycanın təşəbbüskar diplomatiyası, transmilli əlaqələrin inkişafında mühüm rolu və qlobal enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfə ölkənizin müasir beynəlxalq arenada əvəzolunmaz əhəmiyyətini nümayiş etdirir.
İndoneziya Azərbaycanı yalnız dost ölkə kimi deyil, həm də qlobal reallıqların idarə olunmasında mühüm tərəfdaş kimi qiymətləndirir. Ortaq dəyərlərimizi və qarşılıqlı maraqlarımızı nəzərə alaraq, İndoneziya ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsinə sadiqdir. Ticarət, enerji və sosial-mədəni əlaqələr kimi əsas sahələrdə yeni əməkdaşlıq imkanlarının genişləndirilməsini səbirsizliklə gözləyirik. Əminəm ki, həm ikitərəfli kontekstdə, həm də çoxtərəfli platformalarda sıx əməkdaşlığımızı davam etdirməklə ölkələrimiz yalnız xalqlarımız üçün daha böyük faydalar yaratmayacaq, eyni zamanda, qlobal sülhə və davamlı inkişafa mühüm töhfələr verəcəklər.
Zati-alinizə möhkəm cansağlığı və davamlı müvəffəqiyyət, Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq arzularımı səmimiyyətlə çatdırıram.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən məktubun mətnini təqdim edir:
"İsrail Dövləti və vətəndaşları adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Qoy qürur duyduğumuz bu bayram günü dövlətiniz və xalqınız üçün daha bir sülh, rifah ilinin başlanğıcı olsun!
Azərbaycanla strateji cəhətdən həyati əhəmiyyətli və fəal inkişaf edən əlaqələrimiz İsraildə yüksək dəyərləndirilir. Bu, təkcə siyasətlə məhdudlaşmır, xalqlarımız arasında səmimi dostluq münasibətləri də mövcuddur.
Sizi dost adlandırmaq mənim üçün xüsusi şərəfdir və mən açıq, səmimi dialoqumuza böyük dəyər verirəm. İlin əvvəlində Davosda Sizi görmək fürsətini səmimi-qəlbdən qiymətləndirirəm.
Ortaq bölgəmizdə bir çox çətinliklər var və Azərbaycan ilə İsrail bu mürəkkəb mühitdə sabitliyin iki lövbəri rolunu oynayır. Bundan başqa, mən qəti şəkildə inanıram ki, sıx, ikitərəfli əlaqələrimiz Avrasiyada bir çox digər iştirakçılara müsbət təsir göstərir.
Bu baxımdan, iqtisadi əməkdaşlığımızda, xüsusilə də enerji sahəsində nail olduğumuz əhəmiyyətli irəliləyişlər barədə məlumat əldə etməkdən çox məmnun oldum.
Ümid edirəm ki, əlaqələrimiz növbəti ildə də möhkəmlənməyə davam edəcək.
Qoy qarşıdan gələn il böyük Azərbaycan dövləti və onun xalqı üçün davamlı uğurlar və tərəqqi ili olsun!"
Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Oxu.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Bu tarixi gün Azərbaycan xalqının müstəqillik və suveren inkişafla bağlı sarsılmaz iradəsinin rəmzinə çevrilib.
Bu gün Azərbaycan dinamik tərəqqi yolunda inamla irəliləyir, iqtisadi, sosial sahələrdə böyük uğurlar qazanır və beynəlxalq arenada öz nüfuzunu möhkəmləndirir.
Əminəm ki, Sizin ali dövləti vəzifənizdə fəaliyyətiniz Azərbaycan Respublikasının daha da inkişafına və Müstəqil Dövlətlər Birliyi çərçivəsində çoxplanlı səmərəli əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, rifah, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".
Bundan başqa, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli də dövlətimizin başçısını təbrik edib.
Təbrik məktubunda deyilir:
"bp şirkəti adından Sizi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycanda dünya miqyaslı enerji layihələrini təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməkdən qürur duyuruq. Bu layihələrin uğurlu icrasında Sizin davamlı dəstəyiniz, həmçinin SOCAR və Azərbaycan Hökuməti ilə qurulmuş etibarlı və strateji tərəfdaşlıq münasibətləri mühüm rol oynayır.
Biz SOCAR ilə uzunmüddətli tərəfdaşlığımızın qarşıdakı onilliklər ərzində daha da genişlənərək həm Xəzər regionunda, həm də onun hüdudlarından kənarda yeni əməkdaşlıq imkanları yaradacağına əminik.
bp olaraq, Azərbaycanın enerji təhlükəsizliyinə, dayanıqlı inkişafına və regional əməkdaşlığın möhkəmləndirilməsinə bundan sonra da töhfə vermək öhdəliyimizə sadiq qalırıq.
Bu əlamətdar gün münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram".