Azərbaycan prezidenti İlham Əliyev avqustun 7-də Külüllü su mənbəyindən Kürdəmir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib.
Oxu.Az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Kürdəmirlilər adından çıxış edən Rayon Ziyalılar Cəmiyyətinin sədri Sabir Novruzov respublikamızın, o cümlədən Kürdəmirin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan prezidentinə ən xoş arzularını çatdırıb.
Sonra dövlət başçısı “Kürdəmir şəhərinin su təchizatının planı”nı, “Külüllü-Kürdəmir-Ucar-Zərdab su kəmərinin planı”nı və Külüllüsu mənbəyində görülən işləri əks etdirən stendlərə baxıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov “Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi və Külüllü su mənbəyi haqqında prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, 2011-ci ilin oktyabrında icrasına başlanılan “Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinə uyğun olaraq əhalini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün Ağsu rayonu ərazisində yerləşən Külüllü su mənbəyindən istifadə olunur. Bu məqsədlə Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan drenaj tipli suqəbuledici qurğu tikilib. Külüllü mənbəyindən Kürdəmir şəhərinə saniyədə 120 litr təmiz və keyfiyyətli içməli suyun verilməsi nəzərdə tutulub. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Kürdəmir şəhərində 22,3 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin, həmçinin Kürdəmir rayonunun 14, Ağsu rayonunun 13 kəndində 48 min nəfərin su təchizatının yaxşılaşdırılmasına hesablanıb.
Qeyd olundu ki, Külüllüdən Kürdəmir şəhərinə və ətraf kəndlərə suyun özaxımlı rejimdə verilməsi məqsədi ilə 27 kilometr uzunluğunda magistral xətt çəkilib, tutumu 7,5 min kubmetr olan anbar tikilib. Layihə çərçivəsində tikintisi nəzərdə tutulan 131,5 kilometrlik su şəbəkəsinin 110 kilometrlik hissəsində işlər yekunlaşıb.
Diqqətə çatdırılıb ki, 6 min abunəçinin 1550-si xəttə qoşulmuş, smartkart tipli ön ödənişli sayğac quraşdırılıb. Kürdəmir şəhərində inşası nəzərdə tutulan 114,6 kilometrlik kanalizasiya şəbəkəsinin 22 kilometrlik hissəsi tikilib. Eyni zamanda, şəhərdə toplanacaq tullantı sularının çirkab sutəmizləyici qurğuya özaxımlı rejimdə ötürülməsini təmin etmək üçün 6,3 kilometr uzunluğunda mikrotunel tipli kollektorun inşası və sutkalıq məhsuldarlığı 30 min kubmetr olacaq çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən layihənin icrasının 2014-cü ildə başa çatdırılması planlaşdırılır.
Məlumat verilib ki, Külüllü mənbəyi Kürdəmir şəhəri ilə yanaşı, Zərdab və Ucar şəhərlərini, həmçinin ətraf kəndləri də içməli su ilə təmin edəcək. Layihəyə uyğun olaraq Külüllüdən Kürdəmir şəhərinə 27, Zərdab şəhərinə 72, Ucar şəhərinə isə 57 kilometr uzunluğunda magistral su kəmərləri çəkilmişdir. Layihə tam yekunlaşdıqdan sonra Ucar rayonunun 22, Kürdəmir rayonunun 14, Zərdab rayonunun 15, Ağsu rayonunun 13 və Göyçay rayonunun 3 kəndi də su ilə təmin olunacaq. Ümumilikdə layihədən 170 mindən artıq insan faydalanacaq. Külüllü mənbəyindən 2 kilometr cənubda yerləşən suqəbuledici və paylayıcı anbarların SCADA sistemi ilə idarə edilməsi də nəzərdə tutulur.
Sxemlərlə tanışlıqdan sonra prezident İlham Əliyev mərasim iştirakçıları ilə söhbət edib.
Sonra dövlətimizin başçısı Kürdəmir şəhərinə suyun rəmzi olaraq verilməsini bildirən düyməni basıb.
Azərbaycan prezidenti işlərin uğurla başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlarını verib.
Sonda xatirə şəkilləri çəkdirilib.












www.oxu.az