Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Çünki müxtəlif amillər vardır. Birincisi, inkişaf edən Azərbaycandır, tənəzzülə gedən Ermənistan. Bu, artıq reallıqdır. Azərbaycan getdikcə güclənir, Ermənistan getdikcə zəifləyir.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Səfurə Hüseynovanın məcburi köçkünlər üçün yeni salınmış məhəllədəki evini ziyarət edərkən bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycanın iqtisadi, hərbi gücü artır.
“Ermənistan isə artıq etiraf edib ki, öz gücünə öz təhlükəsizliyini təmin edə bilmir və son hadisələr bunun əyani sübutudur. Dünya mətbuatı da bunu qeyd edir ki, Ermənistan öz təhlükəsizliyini təmin edə bilmədiyi üçün müxtəlif addımlara əl atır. Ancaq biz tam şəkildə özümüz öz hesabımıza yaşayırıq, öz inkişafımızı da, təhlükəsizliyimizi də özümüz təmin edirik”.
İlham Əliyev ölkəmizdə əhalinin artması, Ermənistanda isə bu baxımdan demoqrafik böhran yaşandığını vurğulayıb:
“Bizim əhalimiz müharibə dövründən bəri nə qədər artıb?! Azərbaycanda 9 milyon 400 mindən artıq vətəndaş vardır. Ermənistanda isə azalıbdır. İndi iki milyondan azdır. İndiki Ermənistan rəhbərliyi və onların rəhbəri Sarkisyan nə qədər hakimiyyətdə qalsa, bizim torpaqlarımız o qədər də tez azad olar. Çünki o adam və onun ətrafındakılar Ermənistanı uçuruma aparıblar. Artıq uçurumdadırlar. Çünki iqtisadiyyat çöküb, əhali qaçır. Elə onların özlərinin rəsmi statistikasına görə hər il 80 min erməni bu ölkəni birdəfəlik tərk edir. Belə getsə, 5-6 ildən sonra orada bir milyondan az adam qalacaqdır”.
Dövlət başçısı həmçinin cəbhə xəttindəki erməni qoşunlarının vəziyyəti ilə bağlı danışıb:
“İndi təmas xəttində bizim mövqelərimiz qorunur, əsgərlər orada dayanıblar, orada Ermənistan tərəfini təmas xəttini qorumaq üçün canlı qüvvə yoxdur. Boşluqlar vardır. Bu proses tədricən daha da sürətlə gedəcəkdir. Çünki həm gücümüz artır, eyni zamanda, biz Ermənistanı müəyyən qədər təcrid vəziyyətində saxlayırıq. Tam təcrid deyil, çünki onların digər qonşularla sərhədləri açıqdır. Ancaq Azərbaycan və Türkiyə sərhədləri bağlı olduğu üçün bu, müəyyən mənada onlara ciddi iqtisadi zərbədir. Əlbəttə ki, torpaqlar işğaldan azad olunana qədər bu vəziyyət belə olacaqdır, belə də olmalıdır”.