Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da yeni “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyub.
Prezident İlham Əliyevin ötən ilin oktyabrında imzaladığı “İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanının icrası məqsədilə bütün inzibati ərazilərdə dağıdılan paylayıcı elektrik şəbəkələrinin qəza vəziyyətindən çıxarılması istiqamətində işlərə başlanılıb.
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bildirib ki, ilk növbədə, Hadrut qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün Füzuli rayonundakı 110/35/10 kV-luq “Şükürbəyli” yarımstansiyasından “Hadrut” yarımstansiyasına qədər uzunluğu 27 kilometr olan 35 kV-luq ikidövrəli hava xətti çəkilib. Bununla da Hadrut qəsəbəsində yerləşən strateji obyektlər elektrik enerjisi ilə təchiz edilib. Şuşa şəhərinin qısa vaxtda elektrik enerjisi ilə təmin olunması üçün 35/10 kV-luq “Daşaltı” yarımstansiyası inşa edilib.
Yarımstansiyanı qidalandırmaq üçün “Hadrut” yarımstansiyasından 53,5 kilometr uzunluğunda elektrik veriliş xətti çəkilib. “Hadrut”-“Daşaltı” elektrik veriliş xətti vasitəsilə ilkin mərhələdə Şuşa şəhərinin, Xocavənd rayonunun bəzi kəndlərinin və ətraf ərazilərdəki mühüm strateji obyektlərin, eyni zamanda, bu istiqamətdə aparılan yol infrastrukturu və digər tikinti işlərinin elektrik təchizatı təmin edilib. Xəttin keçdiyi ərazi öncə minalardan təmizlənib. Çətin relyef, qar və şaxtalı hava şəraitinə baxmayaraq 37 gün ərzində gecə-gündüz aparılan işlərdən sonra bu il yanvarın 7-də Şuşa şəhərində Azərbaycan işığını yandırmaq mümkün olub. “Hadrut” yarımstansiyası hazırkı vəziyyətdə belə işğaldan azad olunmuş əksər ərazilərə elektrik enerjisinin ötürülməsində önəmli funksiyanı yerinə yetirir. İnnovativ yeniliklərin tətbiqi ilə yeni inşa olunacaq yarımstansiyanın da perspektiv plan üçün önəmi çox böyükdür.
Belə ki, “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq. “Hadrut” yarımstansiyasının əvəzində tikiləcək müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək. Yarımstansiyada Ağıllı Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq.
Prezident İlham Əliyev yeni “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoydu.
2021-10-09 16:33
Xocavənd rayonunun Hadrut qəsəbəsində 35 kilovoltluq yeni “Hadrut” yarımstansiyasının təməli qoyulub.
Təməlqoyma mərasimində Prezident İlham Əliyev iştirak edib.
Dövlət başçısı həmçinin Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub.