Rusiya ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) ilə münasibətləri yaxşılaşdırmaq arzusunu realizə edərək, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə dialoq üzrə tərəfdaş statusunu almasını çox istərdi.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidentinin ŞƏT üzrə xüsusi nümayəndəsi, Rusiyanın XİN Asiya və Sakit Okean Əməkdaşlığı departamentinin direktoru, fövqəladə və səlahiyyətli səfir Bəxtiyar Hakimov, ŞƏT-in Ufada keçirilən Sammitinin nəticələrini şərh edərkən “Vestnik Kavkaza”nın müxbirinə söhbət əsnasında bəyan edib.
“Xatırladım ki, Azərbaycanın 2012-ci ildə verdiyi ərizə, Ermənistanın verdiyi ərizə kimi ŞƏT-də müşahidəçi ölkə statusu almaq üçün yönləndirilmişdi. O zaman təşkilatın genişləndirilməsi haqqında məsələ qaldırılmamışdı, müzakirələr zamanı müşahidəçilərin sayının artırılmaması qərara alınmışdı, sxem isə ərizə verənlərin dialoq üzrə tərəfdaşlıq mərhələsindən keçirilməsi kimi qurulmuşdu. Bunda məntiq var, belə ki, dialoq üzrə tərəfdaşlıq praktiki əməkdaşlıq qurmağa imkan verir – bu, sadəcə müşahidə etməkdən daha səmərəlidir”, - Bəxtiyar Hakimov qeyd edib.
O xatırladıb ki, müşahidəçi statusu son zamana qədər ölkələrə ŞƏT tədbirlərində iştirak etməyə və üzv ölkələri ilə təşkilat çərçivəsində qarşılıqlı fəaliyyət göstərməyə imkan vermirdi.
“Qeyd edim ki, yalnız son zamanlar biz onları “altı üstəgəl beş” formatında müxtəlif hadisələrdə iştiraka dəvət etməyə başlamışıq.
Belarusu misal göstərə bilərəm, o fəal şəkildə əməkdaşlığa qoşularaq, müşahidəçi səviyyəsinə çıxıb”, - ŞƏT üzrə RF prezidentinin xüsusi nümayəndəsi bildirib.
Bəxtiyar Hakimov vurğulayıb ki, Azərbaycanın ŞƏT-ə gələcək inteqarsiyası Bakıda qəbul edilən qərarlardan asılıdır.
Yeni tərəfdaşların, yeni dövlətlərin, yeni ideyaların gəlməsi yalnız alqışlanır”, - deyə o, sözünü yekunlaşdırıb.