Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qarabağ zəfəri Azərbaycanın beynəlxalq nüfuzuna necə təsir etdi? - RƏY + FOTO
Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük müharibənin başa çatmasından artıq üç il keçir.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən Vətən müharibəsi 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bundan sonra Azərbaycan, Ermənistan və Rusiyanın iştirakı ilə Üçtərəfli Bəyanat imzalandı.
Vətən müharibəsində qələbə qazanılması bundan sonrakı dövrdə ölkəmiz üçün ciddi dəyişikliklər demək idi. İşğaldan azad edilmiş ərazilərimizin bərpası, buradakı erməni vəhşiliklərinin dünyaya tanıdılması, erməni separatizminə “yox” deyilməsi Azərbaycanın xüsusilə beynəlxalq nüfuzuna müsbət təsir edən amillərin artmasına rəvac yaratdı.
Bununla əlaqədar Oxu.Az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli son üç il ərzində ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da yüksəldiyini təsdiq edib:
“Bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir və etibarlı tərəfdaş imicini qazanıb. Həm Vətən müharibəsi, həm də ondan sonrakı dövrdə Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun böyük müsbət nəticələri özünü göstərdi. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir.
Azərbaycanın 44 günlük müharibədə qələbəsinin legitimliyinin dünyanın bütün geosiyasi qütbləri tərəfindən qəbul edilməsi, işğaldan azad etdiyimiz ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpasının beynəlxalq birlik tərəfindən tanınması, haqq işimizə əvvəlkindən daha çox dəstək verilməsi istisnasız olaraq Prezident İlham Əliyevin həm müharibə, həm də postmüharibə dövründə həyata keçirdiyi siyasətin nəticəsidir.
Döyüş əməliyyatlarının həyata keçirildiyi zaman kəsiyində dövlət başçısının informasiya savaşının ön cərgəsində dayanaraq, Azərbaycanın haqlı mövqeyini tutarlı faktlarla, arqumentlərlə və əks-arqumentlərlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması, Ermənistanın və havadarlarının, erməni diasporunun uzun illərdən bəri ölkəmizə qarşı apardığı total təbliğatın yüksək natiqlik və diplomatik məharətlə alt-üst edilməsi, Azərbaycanın maraqlarının beynəlxalq və ikitərəfli münasibətlər müstəvisində müdafiə olunması istiqamətində nümayiş etdirilən qətiyyətli mövqe bugünkü reallıqların ortaya çıxmasına zəmin yaradıb”.
Azər Kərimlinin fikrincə, Azərbaycanın qazandığı ədalətli qələbənin bölgədə yaratdığı reallığın regionda davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət etdiyi, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığı istisnasız olaraq, qəbil edildi:
“Şübhəsiz ki, Azərbaycan dövləti bu reallıqları vətəndaşlarının konstitusion hüquqlarından çıxış edərək, BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktının prinsipləri çərçivəsində yaradıb, döyüş əməliyyatları zamanı beynəlxalq humanitar hüququn və onun tərkib hissəsi olan Cenevrə Konvensiyasının tələblərinə əməl edib, bütün şəraitlərdə, o cümlədən müharibə vəziyyətində qlobal məsuliyyətini yüksək səviyyədə başa düşən bir dövlət kimi davranmaq potensialına və iradəsinə malik olduğunu təsdiqləyib.
Bu gün hərəkət etdiyimiz nöqtədən geri boylananda 44 günlük Vətən müharibəsi də daxil olmaqla, qəbul edilən qərarların, atılan addımların risk yükünün nə qədər böyük olduğunu müəyyənləşdirə bilərik.
Bu gün biz gözümüzün önündə tamamilə və mahiyyət etibarilə dəyişən, yenilənən Azərbaycanın açıq, şəffaf və gerçək obrazının necə canlandığının, ölkəmizin öz strateji hədəflərinə doğru necə inamla addımladığının şahidi oluruq.
Bu hədəflərdən birincisi, şübhəsiz ki, 44 günlük Vətən müharibəsində və daha sonra nümayiş etdirdiyimiz milli birliyin, həmrəyliyin, mübarizə əzminin qorunub-saxlanılmasıdır. Çünki məğlub ölkə və onun himayədarları hələ də Azərbaycana qarşı iddialarından əl çəkməyiblər. Şübhəsiz ki, Azərbaycan Ordusu müharibədən keçən dövr ərzində daha da güclənib, modernləşib və daim müasir dövrün çağırışlarına adekvat olaraq inkişaf etməkdədir. Silahlı Qüvvələrimiz istənilən təhdidin qarşısına ala, torpağımıza dikilən gözləri oya bilər. Amma Vətəni, dövləti, ordunu güclü edən ona bağlı olan insanların mənəvi birliyi, həmrəyliyi, mücadilə əzmidir.
Azərbaycan, 44 günlük müharibədə, şübhəsiz ki, ilk növbədə öz torpaqlarını işğaldan azad edib, amma bununla yanaşı, müharibədən keçən üç il ərzində qalib ölkə və xalq olmanın mükəmməl bir obrazını da yarada bilib. İndi Qarabağda yaşayan ermənilər, sadəcə, ətraflarında həyata keçirilən quruculuq-abadlıq işlərinə nəzər salsalar, vəhşicəsinə dağıtdıqları şəhərlərin, kəndlərin az qala ildırım sürəti ilə, böyük sevgi ilə necə dirçəldiyinə nəzər salsalar, qalib xalqın və dövlətin, eləcə də qalib liderin gerçək obrazını görə bilərlər”.
Politoloq İlqar Vəlizadə isə Azərbaycanın müharibədən sonra keçdiyi dövrün ciddi əhəmiyyət daşıdığını düşünür. O qeyd edib ki, müharibədən öncə regiondakı geosiyasi proseslərə daha çox kənar dövlətlər təsir göstərməyə cəhd edirdilər. İndi isə durum fərqlidir:
“Vətən müharibəsindən sonra regionun siyasi gündəliyini Azərbaycan müəyyənləşdirir. Çünki Azərbaycan müharibədə qalib gəlmiş ölkə kimi postmünaqişə dövründə digər nüfuzlu oyunçularla münasibətlər qurur. Beləliklə, regiondankənar qüvvələrin cəhdlərini məhz rəsmi Bakı neytrallaşdıra bilir.
Son hadisələr də göstərir ki, Azərbaycan tərəfi danışıqlar prosesinin də əsas istiqamətlərini müəyyənləşdirir və Ermənistanı məcbur edir ki, Azərbaycan gündəliyinin ardınca getsin, bizim şərtlərimizi qəbul etsin. Bu isə sözsüz ki, yaranmış reallıqların hesabına baş verir. Biz həm Azərbaycan-Ermənistan sərhədində, həm də Qarabağ iqtisadi rayonunda reallıqları formalaşdırırıq.
Təəssüf ki, bəzi qüvvələr hələ də münaqişədən qabaqkı fikirlərlə yaşayırlar. Düşünürlər ki, regionun gündəliyini müəyyənləşdirə bilərlər, buna doğru addımlar atırlar. Ancaq onların addımları effektiv olmur. Çünki təsir imkanları azalıb, həm siyasi, həm iqtisadi, həm də hərbi-siyasi baxımdan regionda zəifləyiblər”.
Politoloqun fikrincə, Azərbaycanın 44 günlük müharibədən sonrakı nailiyyətləri, ələlxüsus, Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəldilməsi, burada irimiqyaslı layihələrin həyata keçirilməsi dünyanı təəccübləndirir:
“Hətta bütün bunlar, daha açıq desək, bir çox ölkələri heyrətə gətirir. Çünki ötən üç il ərzində çox mürəkkəb şəraitdə, minalanmış böyük bir ərazidə təmizlənərək, nəhəng layihələrin həyata keçirilməsindən söhbət gedir. Azad olunmuş ərazilərdə infrastruktur layihələrinin işlənməsi, obyektlərin, yolların, hava limanlarının tikilməsi, sənaye parklarının yaradılması heyrət edilməyəcək məqam deyil. Bütün bunlar dünyada Azərbaycanın nüfuzunu möhkəmləndirir.
Azərbaycanın işğaldan azad olunmuş rayonlarının bərpasında müxtəlif ölkələr iştirak etməyə cəhd göstərirlər, təkliflər səsləndirirlər. Özbəkistan, Qazaxıstan, Türkiyə tərəfindən məktəblər tikilir, enerji istehsalı, yol-nəqliyyat infrastrukturunun qurulması ilə əlaqədar layihələr icra olunur. Türk şirkətləri ilə bərabər, Macarıstanın və Slovakiyanın qurumları da ayrı-ayrı kəndlərin bərpasında iştirak edirlər. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycanla iqtisadi münasibətlərin qurulması sahəsində maraqlar artır, dünya dövlətləri ölkəmizlə əlaqələri möhkəmləndirməyə cəhd edir.
Bütün bunların yekununda qeyd etmək olar ki, 44 günlük müharibə nəinki geosiyasi, eyni zamanda, regionun geoiqtisadi landşaftını dəyişib və dəyişməkdədir”.
Aysel Aslan
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb
- Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib
- İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
- "Şlyapa Zahid"in məhkəməsi: Şirkət təsis olunan gün 40 milyonluq kredit alıb